Keçmiş və indiki Baş nazirlər üçün meşələr

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Meşənin mənimsənilməsi, hasarlanması, vətəndaşların üzünə bağlanması qanunla qadağandır, lakin Gürcüstanda meşədən istifadə təcrübəsi göstərir ki, qanun yüksək vəzifəli dövlət məmurları üçün maneə deyil. İrakli Ğaribaşvilinin “qonşuları” Baş Nazirin həyat yoldaşının icarəyə götürdüyü meşəyə heç kəsi buraxmaya, Bidzina İvanişvilinin meşəsi ətrafında salınmış süni qayaların üstündən isə sadəcə olaraq quş uça bilər.

Hökumət iddia edir ki, istənilən vətəndaş sərbəst şəkildə meşə sahəsini icarəyə götürə bilər. Bunun, hətta qanunla mümkün olmasına baxmayaraq, statistika tam olaraq əksini deyir. Bunu bacaran insanlar arasında əsasən yerli səviyyədə nüfuzu olanlar və ya müxtəlif yollarla hakimiyyətə yaxın olanlardır.

Qanuna görə, meşə xalqın sərvətidir. Buna baxmayaraq əhalinin heç nədən xəbəri olmadan uzun müddətlik  icarəyə verilir. Vətəndaşlar bu barədə yalnız qərar qəbul edildikdən  və hərrac elan olunduqdan sonra  xəbər tuturlar. Hər hansı bir xüsusi sahənin icarəyə verilib-verilməmə qərarını meşə təsərrüfatı idarəsi meşə idarəetmə planına əsasən verir. Bu planda hansı sahənin icarəsinə icazə verilib, hansına verilməməsi barədə heç nə yazılmayıb. Mütəxəssislərin müşahidəsinə görə, bu günkü qanunvericilik yüksək vəzifəli dövlət məmurlarına və ya onlara yaxın olan şəxslərə qanunu pozmadan formal olaraq istədikləri meşənin ərazisini əldə etməyə imkan verir.

İrakli Ğaribaşvilinin həyat yoldaşı üçün yarım hektar

Bakurianidə, Koxtanın ətəyində, keçmiş mərkəzi ittifaqın yaxınlığında boz hasarla əhatə olunmuş ev var. Bu elə yanvar ayından bu yana medianın və ictimaiyyətin diqqət mərkəzində olan sahədir. Həmin evin arxasında olan 5 630 kv.m meşə sahəsinə Baş nazirin həyat yoldaşı 49 illik istifadə hüququ ilə əldə edib.

Nunu Tamazaşvilinin elektron ticarətdə rəqibi olmayıb və hərrac bitdikdən 4 gün sonra isə Baş nazirin həyat yoldaşı icarə hüququnu rəsmən imzalayıb.

Onun icarə hüququnun dövlət reyestrində qeydiyyata alınmasını Meşə Təsərrüfatı Agentliyinin rəis müavini Davit Aladaşvili tələb edib, hansı ki, başqa heç bir halda maraqlanan şəxsin adından ərizə təqdim etməyib

Meşə Təsərrüfatı Agentliyi ilə Nunu Tamazaşvili arasında bağlanmış müqavilə dövlət reyestrində dekabrın 29-da saat 16:45-də Meşəçilik Agentliyinin rəis müavini tərəfindən daxil edilib. Saat 17:30-da isə artıq təsdiq edilmişdi. Eyni hüququn qeydiyyatı haqqında qeydlərin yoxlanılması zamanı məlum olur ki, ərizə daxil edənlər ən azı bir gün gözləməli olurlar.

Müqavilənin şərtlərinə görə, Nunu Tamazaşvili bu ərazidə turizm və istirahət məkanı yaradaraq, hər il dövlətə 6 min lari ödəməlidir. Meşə baxımı öhdəlikləri də müqavilədə öz əksini tapıb.

Meşənin İrakli Ğaribaşvilinin həyat yoldaşına verilməsi xəbəri media tərəfindən aşkarlandıqdan sonra hökumət israrla ictimaiyyəti inandırmağa çalışırdı ki, meşə icarəsi imtiyaz deyil, məsuliyyətdir. Ölkənin istənilən vətəndaşı da bunu edə bilər.  Baş nazirin ailəsi orada istirahət məkanı yaradacaq və bu ərazidə heç kimin hərəkətinə məhdudiyyət qoyulmayacaq.

Meşə massivi adlanan yer yarım hektara qədər və sadəcə olaraq  bir neçə ağac olan müəyyən bir sahədir. Buradan da görünür ki, müxalifət mediasının danışmağa heç nəyi qalmayıb və onlar belə bayağı mövzulardan danışırlar”, - deyə “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze bildirib.

Daha sonra Hökumətin İctimaiyyətlə Əlaqələr Şöbəsi tərəfindən də xüsusi bəyanat verildi. Agentlik fevralın 4-də paylaşılan yazıya video əlavə edib ki, burada Baş nazirin evinin və ətrafdakı meşənin dronla çəkilmiş kadrları görünür. Hökumətin İctimaiyyətlə Əlaqələr Şöbəsi ətraflı izahatında qeyd edir - “Bakuriani meşəsində Bakuriani sakinlərinin və turistlərin artıq hərəkət edə bilməyəcəklərindən danışmaq tamamilə absurddur”.    

“Mtis Ambebi” qrupu fevralın 18-də Bakurianiyə qalxdı. Baş nazirin evinə yaxınlaşdığımızda yan kotteclərdən mülki geyimli kişilər çıxaraq  həmin tərəfə getməyimizin səbəbləri ilə maraqlanmağa başladılar. Həmin şəxlərdən biri kamerayı gördü və  bundan sonra bizi gücdən istifadə edərək ərazidən uzaqlaşmağa məcbur etdilər.

"Birbaşa deyim ki, sizə onu çəkmək imkanını verməyəcəyik." Qısaca olaraq deyirəm, çəkməyəcəksən, maşına minin və gedin”.

Deyə, əvvəlcə evinin çəkilməyini istəməyən qonşu kottecin sahibi kimi özünü təqdim edən şəxslərdən  biri dedi.

“Sizə mülkümü çəkməyə icazə verməyəcəyəm, hansı haqqla çəkiliş edirsiniz? Oturun və  gedin, sizi buradan zorla qovmağımızı istəyirsiniz?

Baş nazirin “qonşuları” kameraları və telefonları əlimizdən almağa çalışdılar, nəinki meşəyə girməyə, hətta  ona yaxınlaşmağa belə icazə vermədilər.

Image

Bakuriani sakinləri bilirdilər ki, Baş nazirin evinin arxasındakı yarım hektar meşə icarəyə verilib - Bakurianidə çətin ki, kimsə bu mövzu haqqında açıq danışsın. “Avropalı Gürcüstan” partiyasının Borjomi rayon təşkilatının sədri olan yerli sakin Bakar Şiradze, Baş nazirin xanımının,  istirahətə gələnlərin rahat şəkildə daxil ola biləcəkləri  belə bir turizm mərkəzinin yaradacağına inanmadığını bildirir.

“Bakuriani əhalisi üçün torpaqların qeydiyyatı məsələsi  hələ də böyük və həll olunmayan problem olaraq qalır. Onların hələ də qanuniləşdirə bilmədiyi ata-baba torpaqları var.  Yerli sakinlər öz həyətlərindəki torpaq sahələrini rəsmiləşdirə bilmirlər. İnsanların həyətyanı sahələrini istirahət zonasına çevirərək, tikintiyə icazə vermirlər. Bu cür nümunələrimiz həm Borjomidə, həm Bakurianidə çoxdur və nəticə olaraq biz nə görürük?!"

İcarəyə götürülmüş meşənin hissəsi baş nazirin evinin həyətyanı sahəsi ilə həmsərhəd olduğuna görə bu ərazinin nə vaxtsa kurort-istirahət məkanına çevriləcəyini təsəvvür etmək Bakari üçün çətindir. "Hansı yerli sakinin və ya nümayəndənin bundan xəbəri var idi?" Hər şey elə baş verdi ki, insanların nə olduğundan xəbəri belə olmadı.

Tutaq ki, bu ərazi ictimai əraziyə çevrildi və İrakli Ğaribaşvili elə yaxşı insan oldu ki, Bakurianililər üçün gəzinti zolaqları və istirahət yerləri düzəldir, insanları dəvət edir, necə olmasını istədikləri barədə fikirlərini soruşurdular, lakin burada heç kim bunun həqiqətən onun üçün edildiyinə inanmır.

Oonun Abastumanidəki meşəsi

Keçmiş baş nazirin Abastumanidəki evinin arxasında da gəzinti zolaqları və turizm infrastrukturu qurulmalı idi. 2019-cu ildə Bidzina İvanişvili Qorunan Ərazilər üzrə Milli Agentlikdən, Borjom-Xaraqauli Milli Parkına məxsus 12 000 kv.m meşə sahəsini 45 illik icarəyə götürüb.

Burada hər yerdə zolaqlar vardı, sərbəst şəkildə gəzirdik, indi isə içəri girmək olmur, qayalarla hasarlanıb”.

Yerli sakinlərdən biri-”Bir tək yuxarıdan, meşədən aşağı düşə bilərsən, ancaq həmin dəqiqə mühafizə tərəfindən tutulacaqsan". Kimin mühafizəsi sualına isə “Onun” deyə cavab verir.

Burada Bidzina İvanişvilinin adı elə  əvəzliklərlə hallanır  - hər kəs söhbətin kimdən getdiyini başa düşür.

Başqa bir Abastumani sakini bildirir ki, heç kim meşənin “onun evinin” olduğu hissəsinə girmir, amma Abastumanidə turist zolaqları üçün onsuz da çoxlu yerlər var, ona görə də “onun” bir hektar meşəni hasarlaması, heç nəyi dəyişmir. “Onundur, istəsə hasarlaycaq, istəməsə yox, amma məncə, yayda turistlərin üzünə açacaq”, – Abastumanililər  “o” və “onun meşəsi haqqında” söhbəti belə bitirirlər.

“Arzu” rəhbərinin müqaviləyə əsasən, meşəni icarəyə götürdükdən sonra bir il ərzində yaratmalı olduğu turizm infrastrukturu əvəzinə, ərazini kənar şəxlərdən  qorumaq üçün nəzərdə tutulmuş infrastruktura - nəhəng hasara, hər küncündə yerləşdirilmiş müşahidə kameralarına bir neçə mühafizə kabinəsi və süni qayalar rast gəldik.

Image

Reyestrə əsasən, Bidzina İvanişvilinin evi ilə həmsərhəd olan meşə “Abastumani 2019” MMC-yə, o isə öz növbəsində Bidzina İvanişviliyə bağlı ofşor şirkət olan “Limestone Finance International”a məxsusdur.

“Abastumani 2019” ilə Mühafizə Olunan Təbiət Agentliyi arasında bağlanmış icarə müqaviləsində turizm infrastrukturunun inkişafı məqsədi ilə ərazinin icarəçiyə verildiyi yazılıb.

Şirkət burada ən azı iki istirahət besedkası və turistik  zolaqlar inşa etməli idi.

Dronla çəkdiyimiz kadrlarda görünür ki, meşədə, Bidzina İvanişvilinin evinin yaxınlığında həqiqətən də iki dənə istirahət besedkası mühafizə kabini kimi xidmət göstərir.

12 000 kv.m qorunan ərazinin 45 il istifadəsinin müqabilində şirkət hər il dövlətə 8 200 lari ödəyir.

Bu ərazidə əhalinin gediş-gəlişi nə üçün məhdudlaşdırılıb, qurumun bu barədə məlumatı vardırmı və qeyd olunan faktla bağlı  hər hansı reaksiya verilib, ya yox - “Mtis Ambebi” bütün bunları öyrənmək üçün Ərazilərin Mühafizə Agentliyi ilə əlaqə saxlayıb.

Agentlikdən suallarımızı yazılı şəkildə cavablandıracaqlarını bildirsələr də, məktubu aldıqdan bir ay keçməsinə baxmayaraq, hələ də cavab yoxdur.

Meşə necə icarəyə verilir?

Gürcüstanda meşələrin icarəyə verilməsi 2020-ci ildən, yeni Meşə Məcəlləsinin qəbulundan sonra sadələşdirilib.

Əgər əvvəllər meşə icarəsi almaq üçün dövlət icazəsi və dövlət inzibati icraat tələb olunurdusa, yeni qanuna əsasən, icarə məsuliyyəti tamamilə meşə idarəetmə orqanına dövr edilib.

İnzibati icraatın forması da dəyişib və bu proses ictimai əvəzinə sadə qaydada həyata keçirilir ki, bu da ictimaiyyətin qərarların qəbulunda iştirak etməməsi deməkdir.

Gürcüstan qanunvericiliyinə əsasən, meşələrdən xüsusi istifadənin formaları aşağıdakılardır:

  • Təsərrüfat kəsmə üsulu ilə taxta istehsalı;
  • Qeyri-meşə ehtiyatlarının, odunlu bitki məhsullarının və ikinci dərəcəli taxta materiallarının istehsalı;
  • Plantasiya təsərrüfatının təşkili;
  • Balıqçılıq və/və ya ovçuluq təsərrüfatının təşkili;
  • Heyvan sığınacağının və inşasının təşkili;
  • Elektron rabitə şəbəkələrinin xətt strukturunun yerləşdirilməsi;
  • Meşədən elmi-tədqiqat və tədris məqsədləri üçün istifadə
  • Meşədən kənd təsərrüfatı məqsədləri üçün istifadə
  • Meşədən kurort, rekreasiya, idman və digər mədəni-sağlamlıq məqsədləri üçün istifadə;
  • Balıqçılıq və meşədən təhsil məqsədləri üçün istifadə
  • Meşədən xüsusi məqsədlər üçün xüsusi istifadəsi

Gürcüstanda Milli parkın və ya digər mühafizə olunan ərazinin hüdudlarına düşən bütün meşələrə birbaşa Qorunan Ərazilər Agentliyi cavabdehdir.

Meşə idarəçiliyinin qalan hissəsi isə Milli Meşə Təsərrüfatı Agentliyinin öhdəliyindədir.

Meşədən istifadə hüququ əldə etmək üçün maraqlanan şəxs meşənin hansı fəaliyyət üçün lazım olduğunu göstərərək Agentliyə ərizə ilə müraciət etməlidir.

Müraciətə bu xüsusi ərazinin kadastr tədqiqatının surəti də əlavə edilməlidir.

Qurum tələbi yerinə yetirdiyi halda, meşə sahəsini hərraca çıxarır və hərrac başa çatdıqdan sonra qalib və agentlik arasında müqavilə bağlanır.

Qurumun nəyə əsasən qərar verməsi, meşənin hansı hissəsinin icarəyə verilməsindən və hansı hissəsinin icarəyə götürülməməsindən asılı olaraq, agentlik, meşə idarəetmə planına əsasən icarəyə götürdüyü sahəni seçməlidir.

Məcəlləyə əsasən, belə bu cür onillik plan, ölkənin bütün meşə təsərrüfatı üçün mövcud olmalıdır.

Milli Meşə Təsərrüfatı Agentliyi 1 993 900,0 hektar dövlət meşəsini idarə edir ki, bunun da cəmi 20%-in yəni 396 154,0 hektarının meşə idarəetmə planları hazırlanıb.

“Mtis Ambebi” agentlikdən Borjom-Bakuriani və Adigeni meşə ərazilərinin idarəetmə planlarını tələb etdi.

Meşə Təsərrüfatı Agentliyi Borjom-Bakurian meşələrindən istifadə planını 2014-cü ildə qəbul edib. 220 səhifəlik sənəddə əsasən meşədə müvcud olan ağacların və.s dəyərləndirmə, ağac növləri haqqında məlumat və onlardan taxta  ehtiyatı kimi istifadə məlumatları yer alır. Hansı bölmənin icarəyə götürülə biləcəyi, hansının verilə bilməyəcəyi barədə heç bir məlumat yer almayıb.

Bu cür plan Adiqeni üçün hələ də yoxdur. “Hazırda Ümumdünya Təbiət Qoruma Fondunun (WWF) layihəsi çərçivəsində meşələrin idarə olunması planı hazırlanır. Plan başa çatdıqdan sonra onun ictimai müzakirəsi aparılacaq və saytımızda yerləşdiriləcək”, - deyə agentlikdən bizə bildirdilər.

Cəmiyyətsiz ictimai rifah

“Yaşıl Alternativ” ətraf mühitin mühafizəsi təşkilatının nümayəndəsi İrakli Maçaraşvili hesab edir ki, həm ictimai müzakirə, həm də meşələrin icarəyə verilməsi prosedurları, əslində, yalnız formal xarakter daşıyır və əhalinin orada iştirakı heç minimum səviyyədə belə deyil.

“Əvvəlki qanunvericiliklə, taxta lisenziyası verilməzdən əvvəl dövlət tərəfindən bu və ya digər ərazinin hərraca çıxarılıb-verilməməsi barədə qərar verilməsi üçün dövlət inzibati icraatı təşkil edilirdi. Bunun üçün meşənin bu və ya digər hissəsini hərraca çıxarılacağı halda, daha yaxşı necə istifadə olunacağını əsaslandırmaq üçün ictimai müzakirələr təşkil etmək lazım idi. Təəssüf ki, bu məsələ yeni məcəllədə aradan qaldırılıb. Bu gün üçün meşələrdən istifadənin müxtəlif formaları müəyyən edilib”.

“Meşədən istifadənin bu formaları ilə bağlı qərarlar açıq şəkildə deyil, sadə inzibati qaydada, yəni ictimaiyyətin iştirakı olmadan, rəylər dinlənilmədən, ictimai müzakirələr aparılmadan qəbul edilir”.

İrakli Maçaraşvili bildirir ki, yeni meşə məcəlləsini qəbul edərkən ekoloqların qorxularını dağıtmaq üçün qanunvericilər məhz, meşə planlarının mövcudluğundan istifadə ediblər. Xüsusilə də ictimai-inzibati qaydada təsdiq olunacaq, ictimaiyyətin iştirakını təmin edəcək planlar.

Bildiyim qədəri ilə meşələrin idarə edilməsi planları praktikada, cəmiyyətin iştirakından həqiqətən də tamamilə uzaq həyata keçirilir.

Ola bilər, formal olaraq deyirlər ki, təsdiq dövlət inzibati qaydada aparılır, amma praktiki olaraq ictimai müzakirə və iştirak yoxdur.

Bu gün meşələrin icarəyə verildiyi bölgələrdə bu ərazilərin də idarəetmə planları təsdiq oluna bilər, amma mən hesab etmirəm ki, bu planların təsdiqində ictimaiyyət fəal iştirak edib və ya ictimaiyyətin səsləndirdiyi fikirlər hansısa formada öz əksini tapıbdır.

Qeyri-mütəxəssisin əhəmiyyətli ekoloji, sosial və iqtisadi maraqları barədə olsa da, bu plan həm də elə bir dildə yazılıbdır ki, çox texnikidir, qeyri-mütəxəssis üçün anlaşılmaz dildir.

Bu, günümüzün əsas problemlərindən biridir ki, bu və ya digər ərazini qanun çərçivəsində icarəyə vermək olar, yalnız  tanışlıq, iş quraşdırmaq, təsirdən başqa formada istifadə edib, qanunu pozmadan həyata keçirilə bilər”.

Meşəni istirahət məqsədi ilə götürən icarədarın ərazini hasarlayaraq vətəndaşların istifadəsinə məhdudiyyət yaratmaq hüququ varmı? - “Yaşıl alternativ”in bu suala birmənalı cavab bildirdi:

Meşə Məcəlləsi meşədən ümumi istifadə adlanan istifadə formasını müəyyən edir, bu forma isə istirahəti, rekreasiyanı, meyvə, göbələk toplanmasını nəzərdə tutur. Bir sözlə, insan bu ümumi formadan istənilən yerdə istifadə edə bilər”.

Nəinki icarəyə götürülmüş meşələrdə, hətta xüsusi mülkiyyətdə olan meşə ərazilərində də mülkiyyətçi bu cür istifadəni məhdudlaşdıra bilməz”.

İrakli Maçaraşvili hesab edir ki, meşədən ictimai məkan kimi istifadə hüququnun məhdudlaşdırılması konstitusiyanın verdiyi, hər kəsin ictimai məkanda hərəkət edə biləcəyini bildirən hüququn məhdudlaşdırılması deməkdir.

Statistika nə deyir?

 Gürcüstanda meşələr əsasən kurort və rekreasiya məqsədləri üçün istfadə olunur.  2017-ci ildən indiyədək 99, 997.0 kv.m torpaq sahəsi icarəyə verilib. Meşə Təsərrüfatı Agentliyinin məlumatına görə, dövlət hər il bu yolla  55 min laridən çox gəlir əldə edir və mümkün qədər çox vətəndaşın meşəni icarəyə götürmək arzusunu bildirməsi dövlətin marağındadır.  Lakin statistika onu göstərir ki, qurum müraciət edənlərin böyük bir hissəsinə imtina cavabı bildirir.

Milli Meşə Agentliyi dövlət meşələrinin  icarələrə verməsi üçün ən çox hərracı 2021-ci ildə elan edib. Qurumun məlumatına görə, bu il meşədən istifadə hüququ üçün 173 nəfər müraciət edib, onlardan yalnız 18-i hərraca qoşula bilib. Sonda biri baş nazirin həyat yoldaşı ilə olmaqla 13 müqavilə imzalanıb.

Son beş il ərzində Meşə Agentliyi tərəfindən meşə icarəçiləri ilə ümumilikdə 16 müqavilə bağlanıb.  Yalnız üç halda qalibin rəqibi olub, qalan hallarda iddiaçılar hərracda yeganə iştirakçı olublar.

Meşə Təsərrüfatı Agentliyinin izahatına əsasən, müxtəlif dövrlərdə onlarla ərizəçiyə meşə sahəsinin icarəyə verilməsindən imtina edilib. “Meşədən xüsusi istifadə üçün tələb olunan ərazilərə  imtina üçün əsas qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlərdir. Onu da qeyd etmək lazımdır ki, istifadə növündən və onun coğrafi ərazisindən asılı olaraq, müxtəlif inzibati qurumlardan razılıq əldə olunur.  Məsələn, yerli özünüidarə, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi, Milli Əmlak Agentliyi və s. Hər hansı inzibati qurumdan imtina üçün əsaslı səbəb irəli sürüldüyü halda, bu, qərarvermə prosesində nəzərə alınır”, - Meşə Agentliyinin məktubunda deyilir.

Gürcüstanda meşə kirayəçiləri

Turizm və rekreasiya məqsədləri üçün Tbilisinin keçmiş meri, Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının (SEMEK) sədri vəzifəsini icra edən Davit Narmaniyanın həyat yoldaşının şirkəti də dövlət meşəsinin icarədarlarından biridir. Tbilisi yaxınlığında, Səbaduri meşəsində 10 hektar ərazi Mühafizə olunan Təbiətlər Agentliyindən 40 illik sərəncam hüququ ilə “Sabaduri Village” MMC-yə verilib. Bunun üçün şirkət hər il 160 min lari ödəməlidir.

“Sabaduri Village” burada turizm infrastrukturu qurmalı, bunun üçün isə  ən azı 4 milyon vəsait xərcləməli idi, buna  baxmayaraq  şirkət hələ 2019-cu ildə götürdüyü öhdəliyi yerinə yetirməyib.

Müqaviləyə əsasən, öhdəlik vaxtında yerinə yetirilmədiyi təqdirdə, şirkət hər gecikdirilmiş gün üçün 20 lari cərimə ödəməlidir. Müqavilədə həmçinin bildirilir ki, agentlik şirkətin yeni öhdəlikləri yerinə yetirməsi üçün yenifən ağlabatan müddət təyin etməlidir. Sabaduri Meşəsi Mühafizə olunan Təbiətlər Agentliyinin tabeliyindədir. Agentlikdən "Mtis Ambebi"yə bildirilən məlumata əsasən, şirkət yalnız cərimə ödəyir və öhdəliklərini yerinə yetirməsi üçün yeni müddət təyin edilməyib. Sırf bütün bunlara görə də şirkətin öhdəliklərini nə vaxt yerinə yetirəcəyi məlum deyil.

“Mtis Ambebi” 2017-ci ildən meşə agentliyi ilə meşələrdən istifadə müqaviləsi bağlayan şəxslər və şirkətlər barədə də məlumat əldə edib. Ümumilikdə 16 belə icarədar var. Bunlardan 13 müqavilə 2021-ci ildə imzalanıb.

“Gürcü Arzusu”nun ən böyük ianəçilərindən biri, iş adamı Davit Topuridze də meşədən faydalananlar sırasındadır və ona Msxeta, Muxatskaro bölgəsindən 800 kv. metr torpaq sahəsi turizm infrastrukturunun yaradılması üçün  20 illik icarəyə verilib. Dövlət reyestrinin məlumatlarına görə, Davit Tofuridze spirtli içkilər istehsal edən şirkətlərdə: "Tflisi Distillery", "Barakoni", "Tiflisi", eləcə də "Coca-Cola Cənub qrupu" şirkətində pay sahibidir. Bu şirkətlər spirtli içkilərin istehsalı və ixracı ilə məşğuldurlar. Davit Topuridzenin “Tiflis” şirkəti 2019-cu ildə “Gürcü arzusu”na 100 min lari ianə edib. Bundan əvvəl, 2018-ci ildə o, “Arzu”nun dəstəklədiyi namizəd Salome Zurabişvilinin seçki kampanyasını 80 min lari ilə maliyyələşdirib.

2015-ci ildən 2022-ci ilin fevralınadək Xüsusi Penitensiar Xidmətin tibb şöbəsinə rəhbərlik edən Tamta Demurişvili Msxetada Tsodoreti kəndində  illik 500 lariyə icarə hüququ əldə edib. Şərtlərə əsasən, o, 186 kvadratmetr ərazidə arılar üçün yer təşkil etməlidir. İcarə müddəti 5 ildir.

Amiran Quntsadze, 299 kv. m meşə sahəsini 49 il müddətinə öz üstünə qeydiyyatdan keçirib. 2000-ci ildə doldurduğu deklarasiyaya əsasən o, Vergilər Nazirliyinin departamentlərindən birinin rəis müavini olub. Onun oğlu Giorgi Quntsadze Səhiyyə Nazirliyinin Əczaçılıq Tənzimləmə Agentliyinin rəis müavinidir. Bundan əvvəl o, Məcburi Xidmət İdarəsinin rəisi olub.

Meşə fondunun nəzdində olan torpağın icarəçisi Xulo meriyası daxili audit xidmətinin rəhbəri Zviad Tavartkiladzenin atasıdır. Suliko Tavartkiladze icarə hüququnu 2021-ci ilin oktyabrında əldə edib. Şərtlərə uyğun olaraq o, Beşum kurortunda turistlər üçün istirahət məkanı və kotteclər yaratmalı idi.

“Rustavi 2” yayım şirkətinin aparıcısı Natia Lazaşvili evinin yaxınlığında olan dövlət meşəsini 49 illik icarəyə götürüb. Onun həyat yoldaşı Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının üzvüdür. 1522 kv.m ərazinin müqabilində o, dövlətə  hər il 4566 lari ödəməlidir.

2017-ci ildən 2020-ci ilə qədər Meşə Təsərrüfatı Agentliyinin məlumatına görə, üç müqavilə imzalanıb. Hər üç maraqlanan şəxs şirkət olub.

2017-ci ildə cəmi bir hərrac keçirilib - Martvildə müvəqqəti mal stendinin yaradılması  üçün 3115 kv.m ərazi 10 illik istifadəyə verilib. İllik icarə məbləği - 140 laridir. Hərracı 100% payı ilə qazanan iş adamı İrakli Lomayaya məxsus MMC “Royal Dent” olub. 2021-ci ildə o, “Gürcü arzusu”na ümumilikdə 50 min lari dəyərində ianə edib.

2018-ci ildə hərrac elan olunmayıb, 2019 və 2020-ci illərdə hər ikisi Kvareli gölü yaxınlığında olan iki torpaq sahəsi kənd-təsərrüfatı məqsədilə icarəyə verilib. Hər iki halda qalib “Ğvinis qza 2017” MMC olub. Onun sahibi gənc iş adamı Omar Xatiaşvilidir.

Tərəfimizdən əldə edilən və məqalədə təqdim olunan məlumatlar yalnız meşələrdən xüsusi istifadə formalarını əks etdirir, baxmayaraq ki, hərrac meşə əldə etməyin yeganə yolu deyil. 2020-ci ildə meşələrin verilməsi prosedurlarının sadələşdirilməsi ilə yanaşı, yeni məcəllədə daha bir mühüm dəyişiklik edilib - Gürcüstan Patriarxlığına kilsə və monastırlara bitişik 20 hektara qədər meşə sahəsini mülkiyyət kimi leqallaşdırmaq hüququ verilib. Bunun üçün kilsənin nə hərraca nədə ki, məsələni ictimailəşdirməyə ehtiyacı yoxdur.

Qanunun qəbulu ilə Patriarxlığa bu hüququn verilməsi cəmiyyətin və qeyri-hökumət təşkilatlarının xüsusi etirazına səbəb olub. Vətəndaş sektoru bu qərarı digər dini konfessiyalara qarşı ayrı-seçkilik kimi qiymətləndirsə də, göstərilən müqavimətlərə baxmayaraq, parlament qanun layihəsini qəbul edib.

Bu gün üçün Patriarxlığın nə qədər meşəyə sahib olduğunu dəqiq söyləmək mümkün deyil. Hər il pravoslav kilsəsi dövlətdən daşınmaz əmlak - torpaq sahələri və tikililər alır. Tolerantlıq və Müxtəliflik İnstitutunun və digər qeyri-hökumət təşkilatlarının məlumatına görə, bu günə qədər dövlət tərəfindən Pravoslav Kilsəsinə təhvil verilmiş əmlak təxminən 64 kvadrat kilometr ərazini əhatə edir ki, bu da Vatikan, Monako, Nauru, Tuvalu kimi ölkələrin ümumi sahəsinə bərabərdir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur