Kvemo Kartlidə məktəbəqədər təhsilə əlçatanlıq haqqında həyəcanverici məlumatlar

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Tsalka bələdiyyəsində ən azı 979 uşağın məktəbəqədər təhsil almaq imkanı yoxdur

Məktəbəqədər olan təhsil ümümidir və müvafiq yaşda olan bütün uşaqlar üçün əlçatandır - Gürcüstan qanunvericiliyinə görə təhsil alma hüququ belə təmin edilir. Bələdiyyə uşaqlar üçün məktəbəqədər təhsil və təhsilin verilməsini tətbiq etməyə və təmin etməyə borcludur - qanun bunu nəzərdə tutur, lakin dağlıq və etnik azlıqların məskunlaşdığı bölgələrdə vəziyyət kritik dərəcədə çətin və qeyri-bərabərdir.

Tsalka bələdiyyəsində ən azı 979 uşağın məktəbəqədər təhsil almaq imkanı yoxdur. Uşaq bağçası yalnız Tsalka şəhərində və bələdiyyənin 43 kəndindən altısındadır. Əhalinin 39%-ni etnik ermənilər təşkil edir. Bağça ermənilərin yaşadığı yeganə kənddə - Qızıl-Kilisədə yerləşir. Bağça da 26 uşaq var.

Uşaqlarına məktəbəqədər təhsil vermək üçün kənddən Tsalkaya köçməyə məcbur olan Axalşeni dövlət məktəbinin müəllimi Diana Tsulukidze də istisna deyil. Yaxınlıqda uşaq bağçası yoxdur. Tsalkadakı yeganə məktəbəqədər təhsil müəssisəsi doludur - onlarda 160 uşaq var və yer çatışmazlığı səbəbindən yalnız 3 yaşından uşaqları qəbul edirlər:

“Böyük övladımı bağçaya apardım, amma ikinci uşağın hələ 3 yaşı yox idi deyə qəbul olunmadı. Həyat yoldaşım Polşaya işləməyə getmişdi. Evdə uşağı qoymağa heç kimim yox idi. Axalşeni məktəbində ibtidai sinif müəllimi işləyirəm.

Image

Diana Tsulukidze kənddə uşaq bağçası olmadığından şəhərə köçmək məcburiyyətində qalıb.

Uşağı işə gətirdiyim hallar çox olub. Maşında yatanda mən onu orda yatmış vəziyyətdə qoyub dərs keçirirdim. Bir gözüm maşında, digər gözüm də sinifdə idi.

Dəfələrlə məktəbin yaxınlığında yaşayan ailələrə, keçmiş qonşularımın yanına da aparmışam. Orda yatızdırıb, dönüb dərslərimi keçirmişəm”.

Axalşenidən Tsalkaya qədər 16 kilometr məsafə var. İctimai nəqliyyat işləmir. Diana balaca uşaqla birlikdə ailəyə lazımi gəliri saxlamaq və Axalşeni məktəbinin ibtidai sinif şagirdlərinin müəllimsiz qalmaması üçün hər gün 32 kilometr keçməli olub. O, 2013-cü ildən “Gürcüstan üçün öyrət” dövlət proqramı çərçivəsində bu məktəbdə çalışır. Bu proqram olmasaydı, dağ kəndlərindəki məktəblərdə ixtisaslı müəllimlər olmazdı.

Yerli hökumət nümayəndələri müxtəlif vaxtlarda Axalşeni sakinlərinə övladlarını Tsalka bağçasına aparmağı tövsiyə ediblər. Axalşeni və yaxın iki kənddə 61 məktəbəqədər uşaq var. Şəhər İcra Hakimiyyəti isə onları nəqliyyatla da təmin etmir. Valideynlər öz imkanlarıyla uşaqlarını həftədə 5 dəfə Tsalkaya aparıb-gətirməkdə çətinlik çəkirlər. Tsalka bələdiyyəsində əhalinin 33.7%-i (6368 nəfər) yoxsuldur və yaşayış üçün müavinət alır.

400-dən çox əhalisi olan Axalşenidən yalnız iki ailə övladlarını Tsalkada məktəbəqədər təhsilə göndərə bilir. Həm də ona görə ki, hər iki ailədən bir nəfər şəhərdə işləyir.

28 yaşlı Tsira Mikeladze həyat yoldaşı ilə Axalşenidən kirayəyə köçmək üçün indi Tsalkada bir otaqlı mənzil axtarır: “Birinci uşağımı bağçaya verə bilmədim. İndi onun 8 yaşı var. Məktəbdə oxumaq onun üçün çox çətin idi. Çox şey çatışmırdı. Kənddə öz uşaqlarımızı məktəbə hazırlamaqla məşğul olmağa fiziki olaraq vaxtımız yoxdur. Səhərdən axşama kimi işləməliyik. İkinci uşağı da bundan məhrum etmək istəmirəm. Keçən il də Tsalkaya köçəcəkdik, amma alınmadı. Uşağı buradan aparsam, bu, böyük xərclərlə bağlıdır. Bundan əlavə, uşağı səhər tezdən oyatmalı, hazırlamalı, uzun yol sürməlisən. Səhər başqası apara bilər, axşam başqası gətirə bilər, hər kəsin şəxsi maşını və bu qədər imkanı yoxdur. Uşaq üçün də pisdir. Özündə uşağın kiminlə, harda olduğundan, necə, nə vaxt gəlib-gəlməməyindən narahat qalırsan. Gündə iki dəfə daşımaq da uşağı çox yorur”.

Bütün bunlarla yanaşı, Tsalkadakı yeganə uşaq bağçası daha çox uşaq qəbul edə bilsə belə, Axalşenili valideynlərin uşaqlarını Tsalkaya aparmaqdan imtina etmələrinin başqa bir səbəbi sərt iqlim şəraitidir. Bu da, demək olar ki, noyabrdan mart ayına qədər bir müddətdir.

Image

Tsira Mikeladzenin ailəsinin Axalşeni kəndini tərk etmək məcburiyyətində qalmasının əsas səbəbi uşaq bağçasının olmamasıdır.

Tsalkanın bütün kəndləri yüksək dağlıq yaşayış məntəqəsi statusuna malikdir. Axalşeni və ona bitişik kəndlər dəniz səviyyəsindən 1640-1860 metr yüksəklikdədir. Alp zonasında yerləşən Tsalka rayonu üçün xarakterik olan güclü qar fırtınası zamanı qar tez-tez yolları bir neçə saat və ya günlərlə bağlayır.

“Onlar yolda ilişib qala bilərlər. Hansı ürək götürər?! Qonşu oğlunu buradan Tsalkaya aparırdı və demək olar ki, yarım il heç aparmayıb. Ona görə də həyat yoldaşımla Tsalkada mənzil kirayələyib köçmək qərarına gəldik”, Tsira ailənin parçalanması qərarının uşaqların maraqlarını nəzərə alaraq uzun müddət düşündükdən sonra verildiyini izah edir: “Həyat yoldaşımın valideynləri burada qalırlar. Mallara və sahəyə baxarlar. Xərclərimiz də artır, kirayə, kommunal xərclər. Tsalkada iş tapıb-tapmayacağımızı da bilmirik ki, artan xərcləri qarşılayaq. Burada uşaq bağçası olsaydı, buradan getməyi ağlımıza belə gətirməzdik”.

Markoidze ailəsi də uşağın Axalşenidən Tsalkaya və geriyə daşınması nəticəsində yaranan problemlərin öhdəsindən necə gəlmək barədə çox düşündü. Qərara gəldilər ki, cəhd etsinlər və bir ildən sonra məktəbə getməli olan 5 yaşlı Giqanı Tsalka uşaq bağçasında qeydiyyata saldılar, 3 yaşlı Lukanı isə qeydiyyatdan keçirməkdən imtina ediblər, çünki yer yox idi.

Meri Markoidze deyir ki, Xulodan olan fəlakət qurbanlarını Axalşenidə yerləşdirdilər.  Bu 20 il ərzində əsas tələblərdən biri kənddə uşaq bağçasının açılmasıdır. Seçki zamanı söz verirlər, seçkidən sonra isə “heç kəs vədi xatırlamır”. “Uşağı Tsalkaya necə aparacağımız barədə tərəddüd edirdik. Şəxsi avtomobiliniz varsa gündə ən azı 6 litr yanacaq lazımdır. Hər ay 600-700 lari yanacaq üçün yığmaq çətindir, amma uşaq bağçası olmadan uşağın məktəbə getməsi də çox çətindir. Ona görə də cəhd etməliyik, bəlkə də bacararıq”.

Image

Markoidzelər ailəsindən olan 5 yaşlı Giqa məktəbəqədər təhsil almaq üçün hər gün 32 kilometr piyada getməli olacaq.

Axalşeniyə çatmadan Beştaşeni kəndidir - 350-yə yaxın əhalisi var. Yaxınlıqda 100-ə yaxın sakini olan Səmədli kəndidir. Qarışıq kəndlərdir - yunanlar, Svaneti və dağlıq Acarıstandan olan ekomiqrantlar yaşayırlar.

Axalşenidən yuxarıda Kaburi, Xaçkov, Çift-Kilisə, Tamala-Xaraba kəndləri var. Dörd kənddə də etnik ermənilər yaşayır. Əhalisi 1200 nəfərdən çoxdur. Buradan Tsalkaya daşınmaq daha da çətindir. Bir istiqamətə olan məsafə 22-27 kilometrdir. Avtomobil yolu süxurlu və problemlidir. Xaçkovdan Tsalkaya bir saatlıq yoldur. Bu kəndlərdə də 72 uşaq məktəbəqədər təhsildən kənarda qalıb.

33 yaşlı Sasun Aroyanın iki övladı var. Ailənin gəliri onun maaşıdır - 900 lari, “Energo Pro Georgia”da elektrik işləyir. Məktəbi bitirdikdən sonra Tiflisdə təhsilini davam etdirdi, lakin gürcü dilini bilmədiyi üçün iş tapa bilmədi, təhsil haqqını ödəməkdə çətinlik çəkdi və universiteti tərk etmək məcburiyyətində qaldı. Sasun hesab edir ki, kənddə ikidilli (bilingual) təhsilli uşaq bağçası olsaydı, gürcü dilini öyrənmək və vətəndaş inteqrasiyası üçün efektiv olardı:

 “Çox şey istəmirik ki?! Və ya bizə aid olmayan bir şeyi. Uşaq bağçası olsaydı, uşaqlar da dövlət dilini öyrənərdilər.

Image

Çift-Kilisdən Tsalkaya qədər olan məsafə hər iki tərəfə 50 kilometrdir. Sasun heç bir uşağa məktəbəqədər təhsil verə bilmir.

Sovet İttifaqından sonra burada bağça olmayıb. Tələb həmişə var, amma hökumətdən ümumiyyətlə diqqət yoxdur. Buradan Tsalkaya və geri 50 kilometrlik məsafədir. Yaxşı, hər gün, hətta qışda belə uzun yolda uşağı kim və ya necə aparır? Bu kəndlərdən kişilər daha çox xaricə işləməyə gediblər. Orada nə qazanırlarsa, ailələrini dolandırmaq üçün bura göndərirlər. Qadınlar da səhərdən axşama kimi işləyir - sahə, mal, ev işləri. Uşaqları öyrətməyə, məktəbə hazırlamağa vaxtları qalmır. Seçim qarşısındayıq - ac qalmayaq deyə çox işləməli oluruq və uşaqlarımıza kifayət qədər vaxt ayıra bilmirik”.

Gürcüstanın 2016-cı ildə qəbul edilmiş “Erkən və Məktəbəqədər təhsil haqqında” qanun, qeyri-gürcüdilli uşaq bağçalarında Gürcü dilində komunikasiya bacarıqları inkişafında məcburi hala gəldi. Ancaq Kvemo Kartli kəndlərinin çoxunda uşaq bağçaları yoxdur.

Vətəndaş bərabərliyinin və inteqrasiyanın 2021-2030-cu illərinin dövlət strategiyası sənədində dövlət dilini öyrənməyin ən təsirli yolu məktəbəqədər təhsilə başlamaqdır:

“Məktəbəqədər təhsil hələ də mülki inteqrasiya siyasəti, ümumi təhsil və gürcü dilinin öyrənilməsi üçün vacib bir vasitə kimi qeyri-effektiv istifadə olunur. Etnik azlıqların sıx məskünlaşdığı regionlarda məktəbəqədər təhsil imkanlarının və əlçatanlığının genişləndirilməsi müvafiq infrastrukturun inkişaf etdirilməsini tələb edir. Bununla yanaşı keyfiyyətli məktəbəqədər təhsil üçün müvafiq şəraitin yaradılması və resursların səfərbər edilməsi tələb olunur.  Məktəbəqədər təhsil, bilişsel, sosial və dil biliklərinin inkişafını və yeniyetmələrin səlahiyyətlərinin inkişafını təşviq edir və əsasən məktəb hazırlığını müəyyənləşdirir”.

Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Aparatının məlumatına görə, Gürcüstanda erkən yaşlı uşaqlar üçün məktəbəqədər təhsil müəssisələrində iştirak səviyyəsi 69,5%-dir, etnik azlıqların sıx məskunlaşdığı regionlarda isə 25,5% (orta) təşkil edir. Bu, Avropanın 95%-lik hədəfindən təxminən dörd dəfə azdır. Aztəminatlı və kənd yerlərində yaşayan etnik azlıqların uşaqları arasında qeydiyyat göstəriciləri daha da aşağıdır.

Təhsil mütəxəssislərinin fikrincə, bağça uşaqlarda müsbət münasibətin və şəxsi xüsusiyyətlərin formalaşmasında mühüm rol oynayır, davranış problemləri riskini azaldır, valideynlərin məşğulluğuna kömək edir. Məktəbəqədər təhsil cəmiyyətin davamlı inkişafı bütün uşaqlar üçün bərabər imkanların təmin edilməsi üçün vacibdir.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) araşdırmasına görə, məktəbi erkən tərk etməyin qarşısını almaq üçün keyfiyyətli erkən qayğı və təhsil sistemi əhəmiyyətli müsbət nəticələr verə bilər.

Əvvəlki illərin məlumatlarına oxşar olaraq, Kvemo Kartli Gürcüstanın regionlarında tələbələrin təhsildən yayınmalarının ən yüksək nisbətinə malikdir. 2020-ci ildə ölkə üzrə 6704 azyaşlı məktəbi tərk edib. Onlardan 2777-si qız, 3927-si oğlandır. Bunlardan 1345-i Kvemo Kartlidə qeydə alınıb. Təhsilin dayandırılması üçün əsaslar arasında ən çox rast gəlinən, ardıcıl 90 akademik gün ərzində tələbənin tədris prosesinə gəlməməsidir.

Ombudsman Nino Lomcaria hesab edir ki, bu müxtəlif səbəblərdən qaynaqlanır, o cümlədən, uşaqlara baxımsızlıq, ona qarşı zorakılığın digər formaları, yoxsulluq, uşaq əməyi və s. Lakin bu istiqamətdə Təhsil və Elm Nazirliyinin statistikası məlumatı əks etdirmir.

İlia Sabadze 2012-ci ildən “Gürcü arzusu” hakimiyyətə gəldikdən sonra Tsalka bələdiyyəsinin dəyişməyən rəhbəridir. Əvvəl qubernator vəzifəsini icra eden, sonra qubernator, indi isə bələdiyyə sədridir. Bundan əvvəl o, 12 il Dövlət Təhlükəsizliyi Nazirliyinin Tsalka-Tetritskaro idarəsinin, sonra isə əks-kəşfiyyat idarəsinin rəisi işləyib.

Sabadze deyir ki, kəndlərdə uşaq bağçaları açmaq üçün yerli büdcədə kifayət qədər vəsait yoxdur.

Tsalka Bələdiyyəsinin 2022-ci il büdcəsi 16 343 700 laridir. Bundan 3 596 700 lari meriya və Sakrebulo (şəhər şurası) işçilərinin maaşları və saxlanma xərclərinə sərf olunur. 2014-2016-cı illərdə İlia Sabadze, siyasi məmurlara mükafat və əlavələrin verilməsi qanunla qadağan olunmazdan əvvəl, əmək haqqının tam məbləğində 18 dəfə mükafat və pul mükafatı ila alıb. Mükafatların verilməsinə qadağa qoyulandan sonra Tsalka meri, Sakrebulonun sədri və onların müavinlərinin maaşları artırılıb, lakin 2018-2020-ci illərdə siyasi məmurların maaşlarının artırılması qanunvericilikdə dəyişikliklərlə də qadağan olunduğundan, onlar artan maaşları azaltmalı oldular.

2014-2022-ci illərdə hər hansı kənd sakinləri uşaq bağçasının açılması ilə bağlı yerli hökumətə müraciət edib-etməməsi ilə bağlı suala Tsalka meriyası yazılı şəkildə cavab verib ki, vətəndaşlar onlara nə ərizə, nə də məktubla müraciət ediblər. Bələdiyyə sədri və müavinləri bizimlə görüşməkdən, suallarımızı üzbəüz cavablandırmaqdan yayındılar.

“Yerli özünüidarə məcəlləsinə” əsasən, petisiya əhalinin bu və ya digər yaşayış məntəqəsində ümumi əhəmiyyətli problemlərin həlli üçün yerli özünüidarəetmə orqanlarına kollektiv müraciətidir. Qəsəbənin ümumi yığıncağı və bələdiyyə qeydiyyatında olan seçicilərin 1%-i petisiya təqdim etmək hüququna malikdir. Müvafiq şəhər şurası petisiya imzalayanların sayını daha az müəyyən edə bilər. Tsalka Sakrebulosuna petisiyayla müraciət etmək mümkün deyil – Sakrebulonun reqlamentinə əsasən, müəyyən edilib ki, ərizəni dəstəkləyən seçicilər siyahısında imzaların qoyulmalı olduğu formalar Sakrebulo tərəfindən təşəbbüskara verilməlidir. Sözü gedən formalar isə Sakrebulo tərəfindən təsdiq edilməmişdir və verilə bilməz.

Tsalka Kvemo Kartlidə uşaqların erkən inkişaf, qayğı və məktəbəqədər təhsilə çıxışı olmayan yeganə bələdiyyə deyil.

- Dmanisi bələdiyyəsinin 57 kəndindən yalnız yeddisində uşaq bağçası var. Rayon əhalisinin 65%-ni etnik azərbaycanlılar təşkil edir. Azlıqların yaşadığı heç bir kənddə uşaq bağçası yoxdur.

- Bolnisi rayonunda 48 kənddən yalnız üçündə uşaq bağçası var, dörd kənddə isə alternativ məktəbəqədər təhsil mərkəzləri fəaliyyət göstərir. Rayon əhalisinin 63%-ni etnik azərbaycanlılar təşkil edir. Azlıqların yaşadığı heç bir kənddə uşaq bağçası yoxdur.

- Kaxetinin Saqareco bələdiyyəsində 29 uşaq bağçası var. Etnik azərbaycanlıların yaşadığı kəndlər istisna olmaqla, demək olar ki, hər bir kənddə məktəbəqədər təhsil müəssisəsi var. Rayon əhalisinin 33%-nin (17 min nəfərə qədər) yaşadığı Yormuğanlı icmasında cəmi bir uşaq bağçası var və burada 30 uşaq yerləşə bilir.

“Mtis Ambebi” (Vətəndaş Fəaliyyətləri Mərkəzi) USAİD-in Vətəndaş Cəmiyyətinin İştirak Proqramının dəstəyi ilə azlıqların və dağlıq bölgələrdə məktəbəqədər təhsilə əlçatanlığın təşviqinə yönəlmiş layihəyə başlayır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur