Şovidə təbii fəlakət zonasında uşaqlar da daxil olmaqla itkin düşən 20-dən çox adamın axtarışları davam edir. Onlarla bağlı sosial şəbəkələrdə ailə üzvləri və yaxınları məlumat yayıb.
Zaza Mesxi, həyat yoldaşı Alina və üç uşağı - Zaza Mesxi həyat yoldaşı və 3 uşağı ilə Hollandiyadan Raçaya gəlib. Onlar Avto Kavlaşvilinin Utseradakı kottecində dincəlirmişlər. Avto Kavlaşvilinin “Gürcüstan Xəbərləri”nə verdiyi məlumata görə, ailə Şoviyə avqustun 3-də, saat 12:00-da avtomobillə gedib. Fəlakətdən bu yana onlarla əlaqə saxlamaq mümkün deyil. Uşaqların 10-13 yaşları var.
Yeniləmə [14:35] - Fəlakət bölgəsində tapılan cəsədlərdən biri Zaza Mesxinin həyat yoldaşı Alina Polikovskasın cəsədidir. Ailənin qalan üzvləri hələ də itkin düşmüş hesab edilir.
Nato Çelidze və üç övladı - Qiorqi Dudaşvilinin məlumatına görə, onun həyat yoldaşı Nato Çelidze (39 yaş) və uşaqları Luka Dudaşvili (7 yaş), Andria Dudaşvili (3 yaş) və Anastasiya Dudaşvili (2 yaş) avqustun 3-də, Şovidə, kotteclərdə olublar.
“Həyat yoldaşım və üç azyaşlı uşağım orada qalıb. Əlaqə saxlaya bilmirəm. Onların mənə dediyinə görə, sürüşmə altında qalan Şovi ərazisindəki kotteclərdə qalırdılar. Nə baş verdiyini bilmirəm. Heç bizə demirlər də. Xilasedicilərin yanına getdim, ay camaat, bir şey deyin dedim. Oradadırlar deyirlər. Gördülər, görmədilər, meşədə itiblər ya yoxdular - bizə heç nə demirlər, ay camaat. Birşey edin. Gecəyi keçirə bilməyəcəklər, uşaqlar var - 2 yaşında, 3 yaşında, 7 yaşında. Bu uşaqlara da mı yazığınız gəlmir?! Xahiş edirəm. Biz helikopterləri qaldıra bilmirik, çünki işığımız yoxdur deyirlər”, - Qiorqi Dudaşvili avqustun 3-nə keçən gecə jurnalistlərə bildirib.
Meqi və Qiqi Qutaşvili, Şorena Biçaşvili, Mariam və Kote Maisuradze - Marita Qutaşvilinin sözlərinə görə, onun bacısı Meqi Qutaşvili (25 yaş), qardaşı Qiqi Qutaşvili (18 yaş), xalası Şorena Biçaşvili (49 yaş) və dayısı uşaqları - Mariam Maisuradze (20) və Kote Maisuradze (24) itkin düşüb.
Qiorqi və Sopo Karalaşvili və Dato Beriaşvili - dostlarının məlumatına görə, onlar da kotteclərdə olublar və onların avtomobili tapılıb.
Qvantsa Bubaşvili, Salome Xetaquri və Nino Kençadze – itkin düşmüş gəncin dostu Baia Qeqeşidze yazır: “Qvantsanın dünən (3 avqust) bizə dediyinə görə, qızların son məskəni Kaltsi suyu olub. Onlar saat 16:20-də gəzirdilər. Bundan sonra heç bir məlumat ala bilməmişik”.
Yeniləmə [17:00] - Ailə üzvləri həyatını itirənlər arasında Nino Kençadzenin kimliyini müəyyən edib.
Ketevan Lobjanidze - qohumlarının dediyinə görə, Ketevan Lobjanidze "Sanset Şovi" ərazisində olub.
Temur Çarkviani və Nika Çaladze - itkin düşənlərin xalası qızı Natia Çubinidze deyir ki, onlar təbii fəlakət zamanı "Mamison" kotteci ərazisində olublar.
Təbii fəlakət bölgəsində 11 nəfərin cəsədi tapılaraq morqa aparılıb. Rəsmi məlumata görə, indiyədək 6 meyitin şəxsiyyəti müəyyən edilib.