Gürcü Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun üzvü, Dmanisi və Aqarak-Taşir arxiyepiskopu Zenon “agentlər” haqqında rus qanunu ilə bağlı tənqidi məktub yayıb. Baş keşiş hesab edir ki, hökumət yaxınlaşan təhlükələrin qarşısını almaq istəyirsə, qanun layihəsinə Rusiya və işğal olunmuş Abxaziya və Tsxinvali bölgələrinin müstəqilliyini tanıyan ölkələri təhlükə təşkil edən olaraq qeyd etməlidir. Zenonun fikrincə, medianın və qeyri-hökumət təşkilatlarının “xarici gücün maraqlarının daşıyıcısı” kimi qeydiyyatdan keçmək öhdəliyi stiqmatizasiya riski yaradır ki, bu da hüquqi mühitlə, xristian təlimlərinin ruhu ilə bir araya sığmır və insan həyatı üçün ölümcül ola bilər.
Məktubu kiçik ixtisarla yayımlayırıq:
"Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə müəyyən edilmiş qaydalar bütövlükdə qeyri-hökumət sektoruna, həmçinin Gürcü Pravoslav Kilsəsi (Gürcü Patriarxlığı) tərəfindən yaradılmış qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsə şamil edilir, çünki Ümumi İnzibati Məcəllənin ikinci maddəsinin tərifinə görə, Gürcüstan kilsəsi inzibati orqan deyil.
Hörmətli Gürcüstan parlamentinin üzvləri,
Gürcüstanda dövlət-institusional funksiyası bu və ya digər hüquqi şəxs, təşkilat, inzibati orqanla bağlı maliyyə və hər cür monitorinq aparmaq olan müvafiq qurumlar və ya xidmətlər var. Belə ki, şəffaflıq yaratmaq üçün monitorinq, əlavə olaraq öz vətəndaşını və ya bir qrup vətəndaşı “xarici dövlətin maraqlarını daşıyan” kimi dövlət qeydiyyatına almağa məcbur edən belə bir qanunun qəbulu nə üçün lazım olduğu anlaşılmazdır. Eyni zamanda qeyd etmək lazımdır ki, qanun layihəsində diferensiallaşma nəzərdə tutulur, ona görə də sözügedən qanun ayrı-ayrı hüquqi şəxslərə şamil edilməyəcək, onlara öz fəaliyyətlərini bu qanundan kənarda həyata keçirmək hüququ və imkanı qalacaq.
Gürcüstan ərazisinin 20%-ni işğal edən Gürcüstan dövlətinin təhlükəsizliyinə, onun suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan Rusiyadır. Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində özünü bəyan etmiş respublikaları suveren kimi tanıyan ölkələr təhlükə yaradır.
Əgər biz xarici təsirlərin və xarici dövlətin maraqlarını daşıyan təşkilatların təhdidlərinin qarşısını almaq istəyiriksə, qanun layihəsinin preambulasında hansı dövlətlərin təhlükə yaratdığı göstərilməli və müvafiq olaraq bu ölkələrdən alınan maliyyə vəsaitləri müvafiq şəffaflıq və nəzarətə götürülməlidir.
Gürcüstan ərazilərinin işğalçı ölkəsini, işğal olunmuş ərazilərin “suverenliyini” tanıyan ölkələrlə Gürcüstanın ərazi bütövlüyünü, dövlətçiliyini və suverenliyini qətiyyətlə dəstəkləyən dövlətləri eyni müstəvidə yerləşdirmək yolverilməzdir.
Uzun müddət ərzində ictimaiyyətin kəskin mənfi reaksiyası, Avropa İttifaqının müvafiq qurumlarının birmənalı olaraq mənfi qiymətləndirilməsi dövlətin qanunverici orqanının ölkənin təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən Avropa inteqrasiyasına doğru irəliləməsi üçün kifayət qədər arqument olmalıdır ki, suala cavab verməlidir: Gürcüstan dövləti üçün, onun təhlükəsizliyi üçün Avropa birliyi çağırışına məhəl qoymamağın nə faydası var?
Sivil dünyada, xüsusən dövlət qanunvericilik səviyyəsində sosial stiqmatizasiya (damğalanma) şərtlərinin qanuniləşdirilməsinə qəti şəkildə icazə verilmir, çünki damğalanma insanın sosial rədd edilməsinə yönəlir. O, diskreditasiya pafosundan qidalanır və insan ayrıseçkiliyinin dəhşətli tərəqqisini müşayiət edir.
Stiqmatizasiya olunmuş insan elə sosial-psixoloji problemlərlə üzləşir ki, onun həyatı üçün təhlükə yarada bilər bu.
Cəmiyyət üçün qəbuledilməz olan adama damğa vurulurdu, bunlar xüsusi cinayətkar, qul və ya satqın ola bilirdi. Stiqmatizasiya hüquqi mühitə kökündən uyğun gəlmir və inkişaf etmiş cəmiyyət üçün qəbuledilməzdir.
Dövlət tərəfindən birbaşa və ya dolayı fəaliyyətlə şəxslərin, sosial qrupların və ictimai təşkilatların “stiqma” olunması xristian təlimlərinin ruhuna və sivil dünyanın ümumi bəşəri dəyərlərinə mahiyyətcə ziddir.
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin məzmunu və təqdim olunan qeydiyyat mətni vətəndaşların və qeyri-hökumət təşkilatlarının, qurumların (o cümlədən kilsənin) damğalanması təhlükəsi yaradır.
Bu qanun layihəsinin məzmunundan vətəndaşın, onun yaratdığı təşkilatın və ümumiyyətlə, hər hansı qeyri-hökumət qurumunun (o cümlədən kilsənin) damğalanmasına səbəb olan təhlükənin qarşısını almaq üçün, hansı ki, bu təhlükə aqressiv xarakteri “arzu olunan” və “arzuolunmaz şəxslər” kateqoriyalarına bölünmə, marginallaşma, təqib-repressiya, sosial bərabərsizlik və ictimai qrupların qarşıdurması ilə müşayiət olunur, hökumətin, kilsənin və cəmiyyətin dövlət düşüncəsi və yanaşması qaçılmaz bir zərurət təşkil edir.
Bir il əvvəl minlərlə nəfərlik etiraz nəticəsində geri götürülən və bir daha qəbul etməyəcəyi sözünü verən “Gürcü Arzusu” 2024-cü il aprelin 3-də “xarici agentlər” haqqında rus qanununu parlamentdə növbəti dəfə irəli sürüb. “Rus qanunu” beynəlxalq təşkilatların qrant dəstəyi ilə işləyən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarını xarici agent kimi qeydiyyatdan keçməyə məcbur edir.
Avropa İttifaqı, ABŞ Dövlət Departamenti, Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq təşkilatlar Gürcüstan hakimiyyətini Avropa Birliyinin dəyərlərinə uyğun gəlməyən, medianın və mülki sektorun azadlığına və mövcudluğuna təhdid yaradan qanunu qəbul etməməyə çağırıb.
Rus qanununa qarşı etirazlar aprelin 15-dən Tbilisidə, parlamentin yaxınlığında keçirilir. Bunun əksinə olaraq, “Gürcü Arzusu” aprelin 29-da parlament binası qarşısında rus qanununa dəstək məqsədilə “ictimai toplantı” keçirir. Dövlət xidmətlərində çalışanlar aksiyada iştirak etməyə məcbur edilirlər.