Ukrayna prezidenti Volodimir Zelenski 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsinin başlanmasının ildönümünşərh edib və gürcü xalqına həmrəyliyini bildirib.
“Rusiyanın Gürcüstana qarşı silahlı təcavüzünün başlamasının 15-ci ildönümündə biz gürcü xalqı ilə həmrəy olduğumuzu və bu ölkənin suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyimizi ifadə edirik.
Yalnız Ukrayna və Gürcüstan torpaqlarının tamamilə işğaldan azad edilməsi, rus işğalçılarının cəzalandırılması və onların vurduğu zərərin ödənilməsi Avropaya və dünyaya sülh və sabitlik gətirəcək”, - Zelenski Twitter-də yazır.
Bu gün, avqustun 7-də, 2008-ci il avqust müharibəsinin başlamasından 15 il ötür. Bu gün Rusiya ordusu Roki tuneli üzərində Gürcüstan sərhədini keçərək genişmiqyaslı quru, hava və dəniz hərbi təcavüzünə başlayıb. Müharibə avqustun 12-də, atəşkəs haqqında saziş imzalanana qədər bir neçə gün davam edib. Rusiya aviasiyası Gürcüstanın müxtəlif şəhərlərində yerləşən hərbi baza və hava limanlarına hücum edib, Qori iki dəfə, o cümlədən Qori hərbi bazasının ərazisi bombalanıb. Tbilisi Vaziani hərbi bazası, aviasiya zavodu, Poti limanı, Senaki və Marneuli hərbi bazaları da bombalanıb. Rusiyanın hərbi müdaxiləsi nəticəsində Gürcüstanı 228 mülki vətəndaşı, 170 hərbçisi və 14 polisi həlak olub. 150.000 insan evlərini tərk edb, onların çoxu qaçqın olaraq qalır.
Bu gün Gürcüstan Xarici İşlər Nazirliyi bir daha Rusiya Federasiyasını Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, 12 avqust atəşkəs sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməyə və qüvvələrini Gürcüstan ərazisindən çıxarmağa çağırıb.