Bu gün, avqustun 7-də 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsinin başlamasından 15 il ötür. Bu gün Rusiya ordusu Roki tuneli üzərindən Gürcüstan sərhədini keçərək genişmiqyaslı quru, hava və dəniz hərbi təcavüzünə başlayıb. Müharibə Avqustun 12-də, atəşkəs haqqında saziş imzalanana qədər bir neçə gün davam edib.
Rusiya aviasiyası Gürcüstanın müxtəlif şəhərlərində yerləşən hərbi baza və hava limanlarına hücum edib, Qori iki dəfə, o cümlədən Qori hərbi bazasının ərazisi bombalanıb. Tbilisi Vaziani hərbi bazası, aviasiya zavodu, Poti limanı, Senaki və Marneuli hərbi bazaları da bombalanıb. Rusiyanın hərbi müdaxiləsi nəticəsində Gürcüstanın 228 mülki vətəndaşı, 170 hərbçisi və 14 polisi həlak olub. 150.000 insan evlərini tərk edib, onların çoxu qaçqın olaraq qalır.
2022-ci ilin dekabrında Haaqa Beynəlxalq Cinayət Məhkəməsi müharibə işi üzrə təhqiqatının başa çatdığını elan etdi və Gürcüstan tərəfindən törədilən hər hansı pozuntunu istisna etdi. Bundan əvvəl, 2021-ci ilin yanvarında Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası “Gürcüstan Rusiyaya qarşı” işi üzrə 2008-ci ilin avqust müharibəsi zamanı Rusiya tərəfindən Avropa Konvensiyası ilə qorunan bir sıra qanun pozuntularını, o cümlədən yaşamaq hüququ, işgəncənin qadağan edilməsi, şəxsi və ailə həyatının mühafizəsi və əmlakının hüquqlarının pozulmasını müəyyən etmişdi. Strasburq məhkəməsinin fikrincə, gürcü kəndlərində mülki əhalinin öldürülməsi, evlərin yandırılması və talan edilməsi inzibati təcrübə idi ki, bu da oxşar hərəkətlərin təkrarlanması və Rusiyanın bu əməllərə rəsmi dözümlülüyünü nəzərdə tuturdu. Məhkəmə həmçinin izah edib ki, adıçəkilən şəxslər etnik mənsubiyyətlərinə görə bu hərəkətə məruz qalıblar. Məhkəmə Rusiyanı avqust müharibəsi zamanı zərər çəkmiş 24 min Gürcüstan vətəndaşının xeyrinə 129 827 500 avro ödəməyi tapşırıb.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, 2008-ci ilin avqustunda Rusiya Federasiyası tərəfindən suveren ölkənin ərazi bütövlüyü və sərhədlərinin güc yolu ilə pozulması ilə bağlı hal qeydə alınıb ki, bu da regionun və bütövlükdə Avropanın təhlükəsizlik arxitekturasına ciddi təhdid yaradıb.
“Yuxarıda qeyd olunanların 15-ci ildönümündə Rusiya Federasiyası beynəlxalq hüququn fundamental norma və prinsiplərinə məhəl qoymadan Gürcüstanın, Abxaziyanın və Tsxinvali bölgəsinin/Cənubi Osetiyanın bölünməz bölgələrini işğal etməkdə davam edir (bu, bir daha beynəlxalq məhkəmələrin birdən çox qərarı ilə təsdiqlənib).
Rusiya Federasiyası Aİ-nin vasitəçiliyi ilə 2008-ci il 12 avqust tarixli atəşkəs razılaşmasına əməl etmir, işğal olunmuş rayonlarda qeyri-qanuni nəzarətini genişləndirir və müxtəlif tədbirlər, o cümlədən süni maneələrin tikintisi, münaqişədən zərər çəkmiş əhalinin sərbəst hərəkətini məhdudlaşdırmaqla , qanunsuz həbslər və s. ilə onsuz da mürəkkəb vəziyyətdə olan təhlükəsizlik və humanitar mühitə zərbə vurur.
Bundan əlavə, işğal olunmuş ərazilərlə ümumi sosial-iqtisadi məkanın yaradılması prosesi, müxtəlif növ qondarma inteqrativ sazişlərin və memorandumların imzalanması Rusiya Federasiyasının yerlərdə effektiv nəzarətini gücləndirir və işğal olunmuş ərazilərdə yaşayan, müharibə nəticəsində ayrı düşmüş əhalinin həm Gürcüstanın qalan hissəsindən, həm də beynəlxalq ictimaiyyətdən təcrid olunmasına kömək edir.
İşğalçı qüvvə bu günə kimi beynəlxalq insan haqlarını müdafiə təşkilatlarının məhdudiyyətsiz çıxışına və beynəlxalq təhlükəsizlik mexanizmlərinin yerlərdə yerləşdirilməsinə mane olur. Həmçinin, Avropa İttifaqının monitorinq missiyasına, missiyanın mandatına baxmayaraq, Abxaziya və Tsxinvali regionlarına daxil olmaq imkanı verilmir”, - Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Gürcüstan tərəfi bəyan edir ki, Gürcüstan Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli siyasətini həyata keçirməkdə davam edir və diplomatik və hüquqi vasitələrdən istifadə etməklə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində ölkənin işğaldan azad edilməsini və sülh yolu ilə inkişafını təmin etməyə hazırdır. Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, 12 avqust atəşkəs sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməyə, qüvvələrini Gürcüstan ərazisindən çıxarmağa çağırır.