Ukrayna 215 hərbi əsiri geri qaytardı, Viktor Medvedçuk Rusiyaya təhvil verildi

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Azov” alayının azad edilmiş döyüşçüləri

Ukrayna 215 müdafiəçisi müqabilində Viktor Medvedçuku və 55 hərbi əsiri Rusiyaya verib. Rusiya tərəfindən azad edilənlər arasında “Azov” alayının komandirləri də var.

Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ən böyük əsir mübadiləsidir. Azad edilən 215 nəfərin 108-i “Azov” alayının döyüşçüləridir. Ukrayna Sərhəd Xidməti, Quru Qoşunları, Polis, Hərbi Dəniz Qüvvələri, Mühafizə Xidməti, Dövlət Nəqliyyat Xidməti və Dövlət Gömrük Xidmətinin əməkdaşlarını da geri qaytarıb. Mübadilə edilənlər arasında ümumilikdə 124 zabit var. Britaniyalılar Şon Pinner və Aiden Eslin və mərakeşli Saadoun Brahim də daxil olmaqla 10 xarici ölkə vətəndaşı sərbəst buraxılıb. Onlara Qondarma Donetsk Xalq Cümhuriyyətinin “Ali Məhkəməsi” tərəfindən ölüm hökmü çıxarılmışdı.

“Biz 200 qəhrəmanımızı artıq istintaqa bütün mümkün ifadələrini vermiş Medvedçuka, “Azovstal”ın 5 qəhrəman komandirini isə bizim üçün maraqlı olmayan 55 rusiyalı məhbusla dəyişdik”. Bu barədə Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak bildirib.

Əsirlərin mübadiləsi Türkiyənin də daxil olduğu bir neçə dövlətin vasitəçiliyi ilə eyni vaxtda baş tutub. Razılaşmaya əsasən, “Azov” alayının 5 komandiri müharibənin sonuna qədər Türkiyədə qalacaq və onlar prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi himayəsində olacaqlar.

“Cəmi 215 qəhrəman. Biz xalqımızı xatırlayırıq və hər bir ukraynalını xilas etməyə çalışırıq. Bu bizim mahiyyətimizdir. Bizi düşməndən fərqləndirən də budur. Biz hər bir həyatı qiymətləndiririk və Rusiya əsirliyində olan hər kəsi xilas etmək üçün mütləq hər şeyi edəcəyik”, - deyə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Rusiya martın 1-də sahil şəhəri Mariupolu mühasirəyə alıb. “Azovstal” Rusiya silahlı qüvvələrinin aylarla idarə edə bilmədiyi yeganə yer idi. “Azov” alayının döyüşçüləri ilə yanaşı, metallurgiya kombinatının ərazisi dəniz piyadaları, Milli Qvardiyanın üzvləri, sərhədçilər, polislər və könüllülər tərəfindən qorunurdu. Onlar may ayında “Azovstal”ı tərk etməyə başlayıblar, bundan sonra Rusiyanın nəzarətində olan əraziyə köçürülüblər.

Viktor Medvedçuka gəlincə, o, “Müxalifət platforması - Həyat üçün ” partiyasının lideri olub. KİV-in məlumatına görə, Medvedçuk Rusiya prezidenti Vladimir Putinin kiçik qızının xaç atasıdır. Fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsi və genişmiqyaslı müharibənin başlandığı vaxt Medvedçuk ev dustaqlığında idi. Ukrayna hakimiyyəti onu vətənə xəyanətdə ittiham edir. Viktor Medvedçuk aprelin 12-də Ukrayna Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib. İdarənin məlumatına görə, o, Rusiya xüsusi xidmət orqanlarının köməyi ilə Kiyev vilayətindən qaçmağa cəhd edib. Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyukun sözlərinə görə, Medvedçukun Rusiyaya ekstradisiyası onun işinə məhkəmədə baxılmasına mane olmayacaq.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur