Gənc Hüquqşünaslar Assosiasiyasının dəstəyi ilə “Gürcüstan Xəbərləri” internet nəşri “Ümumi məhkəmələr haqqında” qanunun internet mediasına məhkəmə proseslərinin foto və videoçəkilişini qadağan edən və bununla televiziya stansiyalarına münasibətdə ayrı-seçkilik yaradan norması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.
“Ümumi məhkəmələr haqqında” qanuna əsasən, məhkəmə proseslərinin hüdudsuz foto, kino, video və audio çəkilişini həyata keçirmək səlahiyyəti yalnız ictimai yayımçıya verilir. İctimai yayımçı onların tələbəi əsasında lentə alınmış materialı digər kütləvi informasiya vasitələrinə təhvil verməyə borcludur.
Əgər ictimai yayımçı çəkiliş hüququndan istifadə etmirsə, qanun məhkəmə prosesini lentə almaq hüququnu başqa ictimai yayımçıya, yəni başqa televiziyaya verir. Bir neçə televiziya prosesin çəkilişini tələb edərsə, hakim səlahiyyətli şəxsi püşkatma yolu ilə seçir. İctimai yayımçı kimi, özəl teleşirkətlər də çəkilmiş materialı digər mediaya ötürməyə borcludurlar.
Gürcüstan Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, “Hər kəsin sərbəst məlumat almaq və yaymaq hüququ var”.
Konstitusiyanın 11-ci maddəsinin 1-ci bəndi ilə tənzimlənir ki, “Bütün insanlar qanun qarşısında bərabərdir. İrqinə, dərisinin rənginə, cinsiyətinə, mənşəyinə, etnik mənsubiyyətinə, dilinə, dininə, siyasi və ya digər baxışlarına, sosial mənsubiyyətinə, əmlakına və ya rütbəsinə, yaşayış yerinə və ya digər əlamətlərə görə ayrı-seçkilik qadağandır”.
“Gürcüstan Xəbərləri” “Ümumi məhkəmələr haqqında” qanunla internet mediaya qoyulan ayrı-seçkilik ehtiva edən qadağalarını məhz konstitusiyanın bu maddələri ilə münasibətdə şübhə altına alır.
“Gürcüstan Xəbərləri”nin redaktoru Qela Mtivlişvilinin sözlərinə görə, illər ərzində onlara müxtəlif məhkəmələrdəki proseslərinin video və foto çəkilişinə məhz nəşrin ümumi efir yayımı (televiziya və ya radio) olmaması səbəbindən rədd cavabı verilib.
Mübahisəli normalar nə ictimai yayımçı, nə də başqa televiziya iclasda iştirak etmədikdə belə, internet mediasına prosesdə foto və video çəkməyi qadağan edir. İddiaçı bu qadağanı məlumat əldə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirir.
Qela Mtivlişvili izah edir ki, bu iddianın məqsədi Gürcüstan vətəndaşlarının vergiləri hesabına maliyyələşən bir televiziya şirkəti kimi ictimai yayımçını prosesin çəkilişi üçün üstünlük hüququndan məhrum etmək deyil. Eyni şəkildə, bu iddia sərbəst ümumi yayımçıların prosesləri lentə almaq imkanını da əlindən almır.
“İnternet media üçün problem o zaman yaranır ki, ictimai yayımçı və ya ümumi efir yayımçısı prosesi lentə almağa getmir və ya sessiya bitməmiş çəkilişi dayandırır. Belə olan halda internet mediası məhkəmə prosesinin görüntülərini yaymaq imkanından məhrum olur.
İnternet media nümayəndələrinin İctimai Yayım və ya digər televiziyaların əməkdaşlarını prosesi sona qədər işıqlandırmağa məcbur etmək imkanı yoxdur.
İctimai Yayım və ya digər televiziyaların məqsədi bir saatlıq xəbər yayımında məhkəmə prosesləri ilə bağlı bir neçə dəqiqəlik reportaj hazırlamaqdır. Bu məqsədlə yayımçılar tərəflərin, bəzən də məhkəmənin qısa şərhlərindən istifadə edirlər. Belə bir şəraitdə məhkəmə prosesində əvvəldən axıra qədər iştirak edib, bütün prosesləri, ifadələri lentə almaq nə İctimai Yayım Şirkətinin, nə də başqa televiziyanın marağında deyil.
İnternet mediası məhkəmə prosesləri ilə bağlı daha ətraflı və analitik multimedia reportajları və ya istintaq filmləri hazırlamaqda maraqlıdır. Bunun üçün onların məhkəmə proseslərinin video-audio materiallarına çıxışı lazımdır”, - deyə iddiada bildirilir.
“Gürcüstan Xəbərləri”nin maraqlarını “Gənc Hüquqşünaslar Assosiasiyası”nın hüquqşünası, konstitusiya məhkəmə heyətinin rəhbəri Qiorqi Qotsiridze müdafiə edir.
Həmin qurumun köməkliyi ilə “Gürcüstan Xəbərləri” Konstitusiya Məhkəməsində növbəti iddia qaldırıb. İddiaçı mübahisə edir ki, Gürcüstan Seçki Məcəlləsindəki mübahisəli normalar internet mediasını Milli Rabitə Tənzimləmə Komissiyasının nəzarətinə tabe edir və ona çap və internetə qarşı inzibati xətalar haqqında protokol tərtib etmək üçün qanunvericilik səlahiyyəti verilir, bir halda ki, Milli Rabitə Tənzimləmə Komissiyasının yalnız yayım mediası üzərində lisenziyaya və avtorizasiya səlahiyyətinə malikdir. İşə mahiyyətcə Konstitusiya Məhkəməsinin Plenumunda baxılıb və qərar hələ qəbul edilməyib.