Dağıstan hakimiyyəti xaricdən, o cümlədən Ukraynadan idarə olunan “düşmənləri” millətlərarası qarşıdurmanı qızışdırmağa və sabitliyi pozmağa cəhd etməkdə ittiham edir. Söhbət dünən Maxaçqala hava limanında keçirilən antisemit aksiyadan gedir. İsrailin paytaxtı Tel-Əvivdən gələn sərnişin təyyarəsi yerə enən zaman yerli sakinlər hava limanına basqın ediblər. Aksiya iştirakçıları ələrində Fələstin bayraqları tutaraq yəhudilərin Dağıstan ərazisinə daxil olmamasını tələb ediblər. Polis etirazçıların qarşısını ala bilməyib və onlar təyyarəyə soxulmağa cəhd ediblər. Onlar mənşəyini müəyyən etmək üçün sərnişinlərin pasportlarını yoxlayıblar.
Dağıstan hakimiyyətinin məlumatına görə, kütləvi iğtişaşların 150-dən çox fəal iştirakçısı müəyyən edilib və onlardan 60-ı artıq həbs edilib. Qarşıdurma zamanı 9-u polis olmaqla 20-dən çox insan yaralanıb.
İsraildən Dağıstana uçuşu Rusiyanın “Red Wings” aviaşirkəti həyata keçirib. Səhər saatlarından etibarən teleqram kanalları vasitəsilə İsraildən gələn sərnişinlərə qarşı çağırışlar edilib.
İsrail Baş Nazirinin Ofisi və Xarici İşlər Nazirliyi dünən bildirib ki, “İsrail İsrail vətəndaşlarına və yəhudilərə zərər vurmaq cəhdlərini izləyir və Rusiya hüquq-mühafizə orqanlarının bütün İsrail vətəndaşları və yəhudilərinin təhlükəsizliyini qoruyacağına və eyni zamanda iğtişaşlara qarşı da qətiyyətlə hərəkət edəcəyinə ümid edir”.
Dağıstanın rəhbəri Sergey Melikovun sözlərinə görə, bu gün əldə edilən etibarlı məlumata görə, əvvəllər yerli əhalini mitinqlərə çağıran "Utro Dağıstan" Telegram kanalının rəhbərliyi Ukrayna ərazisindən idarə olunur.
“Həmas” oktyabrın 7-də İsrail şəhərlərinə raket zərbəsi endirib və qurudan Qəzza zolağının qonşu ərazilərini işğal edib. Oktyabrın 8-də İsrail hökuməti ölkədə müharibə vəziyyəti elan edərək Qəzza zolağına hava və artilleriya zərbələri endirib. Qəzza zolağına nəzarət edən radikal islamçı hərəkat İsraili işğalçı dövlət hesab edir. Hər iki tərəfdən minlərlə dinc sakin həlak olub. BMT-nin məlumatına görə, hərbi əməliyyatların başlamasından sonra bir milyondan çox insan Qəzza zolağında evlərini tərk etmək məcburiyyətində qalıb. “Həmas” İsrail ərazisindən 200-ə yaxın girov götürüb.