“Mən mübaliğəsiz deyəcəm ki, prezident Si Cinpin həqiqətən nümunəvi liderdir. O, böyük milləti üçün böyük işlər görmüş uzaqgörən, müdrik insandır. O, ölkəniz və millətiniz üçün çox iddialı layihələr, islahatlar həyata keçirir. Hesab edirəm ki, o, ruhlandırıcı liderdir”, - Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Çin Mərkəzi Televiziyasına (CCTV) müsahibəsində bildirib.
İrakli Ğaribaşvili hökumət nümayəndə heyəti ilə birlikdə iyulun sonunda Çində olub və Çenqdu şəhərində prezident Si Cinpinlə görüşüb. “CCTV”yə verdiyi müsahibədə Ğaribaşvili qeyd edib ki, o, Çin hökuməti və prezident Si Cinpinlə ikitərəfli əlaqələrin, münasibətlərin, dostluğun və etimadın möhkəmləndirilməsində olduqca maraqlıdır.
“Açığını deməliyəm ki, biz prezident Si Cinpinin təşəbbüslərini tam dəstəkləyirik və bunun səbəbini sizə deyəcəyəm. Onun bütün təşəbbüsləri sülh, tərəqqi, müasirləşmə, firavanlıq və inkişafa yönəlib.
Məncə bu möhtəşəmdir! Bu gün dünyanın buna ehtiyacı var. Bu gün dünyanın sülhə, sabitliyə və firavanlığa ehtiyacı var! Mən bütün xalqlardan danışıram, bütün planetin buna ehtiyacı var! Prezident Si Cinpinin təşəbbüsləri, deyərdim ki, həqiqətən də möhtəşəmdir. İnanıram ki, bu təşəbbüslər bir çox xalqlar və ölkələr üçün ilham mənbəyi olacaq”, – Ğaribaşvili tərcüməsi “İmedi” televiziyası tərəfindən yayımlanan müsahibəsində deyib.
Gürcüstanın baş naziri Çin və Gürcüstan arasında strateji tərəfdaşlığın yaradılmasını çox mühüm və tarixi qərar kimi qiymətləndirib.
Si Cinpin 2013-cü ildən Çin Xalq Respublikasına rəhbərlik edən Çin Kommunist Partiyasının lideridir.
“Freedom House” beynəlxalq insan haqları təşkilatı son hesabatında yazır ki, son illərdə Çinin avtoritar rejimi getdikcə repressiv xarakter alıb, hakim Çin Kommunist Partiyası dövlət bürokratiyası, media, internet azadlığı, dini təcrübə, universitetlər, biznes və vətəndaş cəmiyyəti birlikləri də daxil olmaqla həyatın bütün aspektləri və idarəçiliyi üzərində nəzarəti gücləndirib. Hesabata görə, prezident Si Cinpin Çində onilliklər ərzində hakimiyyətini görünməmiş dərəcədə cəmləşdirib.
“Freedom House” qeyd edir ki, Çinin vətəndaş cəmiyyəti uzun illər siyasi müxaliflərə, müstəqil QHT-lərə və insan haqları fəallarına qarşı mübarizə nəticəsində məhv edilib.
Çin dünyanın ən məhdud media mühitlərindən birinə malikdir. Orada minlərlə internet saytı, o cümlədən “New York Times” və “BBC”nin saytları, həmçinin “YouTube”, “Twitter” və “Facebook” sosial şəbəkələri bloklanıb. Beynəlxalq təşkilat, “Jurnalistlərin Müdafiəsi Komitəsinin” (CPJ) məlumatına görə, 2022-ci ildə Çində 43 jurnalist həbs edilib.