Gürcüstanın hər beşinci vətəndaşı işləmək üçün xaricə getməyi düşünür. Milli Demokratiya İnstitutunun (NDI) 2 fevral tarixində yayımladığı araşdırmaya görə, ölkədən getmək istəyənlərin sayı yaşı 50-dən aşağı olan insanlar arasında xüsusilə yüksəkdir, demək olar ki, hər üç nəfərdən biri mühacirət etməyi düşünür.

“Yaxın 12 ay ərzində işləmək üçün xaricə getmək ehtimalınız vardırmı?” - sualına, respodentlərin 20 %-i ehtimal var, 76 %-i ehtimal yoxdur, 4 %-i isə “bilmirəm” cavabını verib.

Tbilisinin, böyük şəhərlərin və azlıqların yaşayış məntəqələrinin sakinlərinin dörddə biri, eləcə də gənclərin üçdə biri mühacirət etmək istəyir. Araşdırmaya görə, ölkəni tərk etməyi kişilər qadınlardan daha çox düşünür. “Gürcü Arzusu” tərəfdarları ilə müqayisədə bir qədər çox müxalifət tərəfdarı ölkəni tərk etmək fikrində olduqlarını bildirir.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2021-ci ildə Gürcüstanı 80.351 Gürcüstan vətəndaşı tərk edib, 38.526 nəfər ölkəyə qayıdıb, 40.825 nəfər isə xaricdə qalıb.

Eyni “NDI” sorğusuna görə, hər beşinci vətəndaş işsizdir. İşsizlərin əksəriyyəti – 69 %-i isə ümumiyyətlə və ya uyğun maaşla iş tapa bilmədiklərini deyir. Kənd və etnik azlıqların məskunlaşdığı bölgələrdə işsizlərin çoxu heç cürə iş tapa bilmir.

Respondentlərin 35 %-i ailələrinin iqtisadi vəziyyətinin pis olduğunu, 59 %-i isə ailələrinin iqtisadi vəziyyətinin qənaətbəxş olduğunu deyir. Yalnız 5 %-i ailələrinin iqtisadi vəziyyətini müsbət qiymətləndirir. Əksəriyyət, yəni 39 % hesab edir ki, 5 il əvvəllə müqayisədə maliyyə imkanları daha azdır, 37 % imkanlarının dəyişmədiyini deyir, 22 % isə yaxşılaşdığını bildirir. Eyni zamanda, respondentlərin 77 %-i qiymət artımının ailələrin maddi imkanlarına təsirindən narahatdır.

Hər beşinci ailənin yeməyə kifayət pulu yoxdur. Respondentlərin 18 %-i deyir ki, ailənin yeməyə pulu çatmır, 35 %-i pulun yalnız yeməyə çatdığını, paltara isə çatmadığını deyir. Respondentlərin 35 %-i ailədə yemək və paltar üçün pulun çatdığını, lakin bahalı ev əşyaları (paltaryuyan, soyuducu) ala bilmədiklərini deyir. Ölkə əhalisinin qalan hissəsi ilə müqayisədə kiçik şəhərlərdə və kənd yerlərində yaşayanlar və 55 yaşdan yuxarı vətəndaşlar daha çox çətinlik çəkirlər.

Sorğuda iştirak edən hər ikinci vətəndaş deyir ki, son 6 ayda kommunal xərcləri ödəməyə pulun çatmadığı hallar olub. Vətəndaşların əksəriyyəti ailə gəlirlərini əsasən qidaya (76 %), kommunal xidmətlərə (62 %), dərmanlara (38 %) və kreditlərə (30 %) xərcləyir.

Respondentlərin 37 %-nin fikrincə, ölkə düzgün istiqamətdə, 31 %-nə görə isə yanlış istiqamətdə inkişaf edir. 26 % hesab edir ki, Gürcüstan heç dəyişmir. 2022-ci ilin dekabr ayında ölkənin istiqaməti ilə bağlı müsbət qiymətləndirmə ötən ilin eyni dövrü ilə müqayisədə 10 % artıb. Araşdırmalara görə, müsbət qiymətləndirmə ən çox “Gürcü arzusu” tərəfdarları arasında artıb. Ən çox tənqidi əhval-ruhiyyədə olan Tbilisi sakinləri və müxalifət tərəfdarlarıdır.

Respondentlərin əksəriyyəti, 66 %-i Gürcüstanda özlərini təhlükəsizlikdə hiss etdiyini, 34 %-i isə özlərini müdafiəsiz hiss etdiyini bildirir. Vətəndaşlar əsasən iqtisadi məsələlərə görə özlərini müdafiəsiz hiss edirlər. Gürcüstanda özünüzü müdafiəsiz hiss etməyinizin ən əsas üç səbəbi nədir deyə soruşduqda (maksimum üç cavab), 39 % yoxsulluq, 35 % inflyasiya və yüksək qiymətlər, 34 % işsizlik və iş yerlərinin olmaması, 33 % cinayət, 21 % siyasi qeyri-sabitlik, 10-10 % yüksək dərman qiymətləri və zorakılıq hadisələri, 7 % isə zəif səhiyyəni sadalayıb.

Əvvəlki illərlə müqayisədə bu göstəricilər azalsa da, insanların əksəriyyəti ölkənin gələcəyinə nikbin baxır. 2022-ci ilin dekabrında respondentlərin 44 %-i ölkənin gələcəyinə müsbət baxdığını deyirdi, halbuki 2018-ci ilin martında bu göstərici 57 % idi. Araşdırmaya görə, ölkənin gələcəyinə ən nikbin baxanlar “Gürcü arzusu”nun tərəfdarları və kənd yerlərində yaşayan insanlardır.

“NDI Gürcüstan” araşdırması tarixində ilk dəfə baş verən ən mühüm məsələ kimi qiymət artımı qeyd edilib. Qiymət artımından (39 %) sonra ən mühüm milli məsələlər iş yerləri (38 %), yoxsulluq (30 %), ərazi bütövlüyü (25 %) və pensiyalar (24 %) sadalanıb. Lakin Gürcüstanın qalan hissəsindən fərqli olaraq, etnik azlıqların ərazi bütövlüyü mühüm milli məsələlər sırasında deyil.

Əksəriyyət (51 %) hökumətin iqtisadi problemləri həll edə biləcəyinə şübhə ilə yanaşır.

Tədqiqat ölkə miqyası üzrə üzbəüz sorğu üsulu ilə dekabrın 3-dən dekabrın 20-dək aparılıb. Orta xətanın sərhəddi ±1,6 %-dir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur