Qori bələdiyyəsinin Adzvi kəndi yaxınlığında rus işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Teymuraz Xomasuridze Tsxinvali təcridxanasından buraxılıb. Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, o, artıq mərkəzi hökumətin nəzarətində olan ərazidədir.
De-fakto Cənubi Osetiya Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi iyulun 13-də Adzvi kənd sakini, 59 yaşlı Xomasuridzenin qondarma sərhədi qanunsuz keçdiyinə görə saxlanıldığını bildirib:
“Müəyyən edilib ki, Xomasuridze Tsxinvali vilayətinin Adzisari (Adzvistavi) qəsəbəsi yaxınlığında Gürcüstan Respublikasının dövlət sərhədini qəsdən keçib. İyulun 15-də Tsxinvali Şəhər Məhkəməsi onu inzibati xəta törətmiş şəxs kimi tanıyıb və o, inzibati qaydada xaric olunmaqla cərimələnib. Çərşənbə axşamı cinayətkar müəyyən olunmuş qaydada Gürcüstanın səlahiyyətli orqanlarına təhvil verilib”.
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti bildirir ki, Teymuraz Xomasuridzenin azad edilməsi prosesində həm Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının (EUMM) “qaynar xətt” mexanizmindən, həm də digər vasitələrdən fəal istifadə edilib.