Avropa Komissiyası Gürcüstanın Aİ üzvlüyünə namizəd statusu alması üçün bir il əvvəl təqdim etdiyi 12 tövsiyənin icrasını qiymətləndirib. Bu gün media yeganə sahədir ki, ölkədə heç bir irəliləyiş yoxdur. Cəmi 3 tövsiyə tam yerinə yetirilmiş hesab edilmişdir. 7 tövsiyə istiqamətində müəyyən irəliləyiş əldə olunub, Gürcüstan isə birində - deoliqarxizasiyada məhdud irəliləyiş nümayiş etdirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Şifahi hesabatı bu gün Stokholmda Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhey təqdim edib.
Oliver Varheyə görə, 12 tövsiyədən üçü həyata keçirilib: gender bərabərliyi və qadınlara qarşı zorakılıq, məhkəmə proseslərində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının nəzərə alınması və şəffaf proses nəticəsində xalq müdafiəçisinin təyin edilməsi haqqında.
Gürcüstan aşağıdakı sahələrdə müəyyən irəliləyiş əldə edib:
Siyasi qütbləşmə probleminin həlli - Avropa komissarı parlamentin əksər üzvlərinin boykota son qoyduğunu və bir sıra qanunların partiyalararası dəstəklə qəbul edildiyini bildirib. Oliver Varheyin sözlərinə görə, bu prioritetin/tövsiyyənin tam yerinə yetirilməsi üçün Gürcüstan effektiv parlament nəzarətini təmin etməli, sərt ritorikadan istifadəni dayandırmalı və keçmiş siyasi razılaşmalara, xüsusən də Aİ-nin vasitəçiliyi ilə 19 aprel razılaşmasına hörmət etməlidir.
Dövlət institutlarının mükəmməl fəaliyyətinin təmin edilməsi və seçki qanunvericiliyi bazasının daha da təkmilləşdirilməsi - Hökumət dövlət idarəçiliyi islahatları strategiyası və fəaliyyət planını qəbul etdi. Seçki Məcəlləsinə və “Siyasi birliklər haqqında” qanuna dəyişikliklər Venesiya Komissiyası və DTİHB-nin tövsiyələrinə uyğunlaşdırılıb. Avropa Komissiyası hesab edir ki, DTİHB hesabatlarında vurğulandığı kimi, Gürcüstan seçki pozuntuları ilə bağlı iddiaları adekvat şəkildə araşdırmaq üçün parlament nəzarətini təkmilləşdirməlidir. Bundan əlavə, Avropa Komissiyası Gürcüstanı Mərkəzi Seçki Komissiyasının sədrinin təyin edilməsi prosedurunu dəyişdirən seçki qanunvericiliyində dəyişiklikləri rədd etməyə çağırır.
Ali Ədliyyə Şurası da daxil olmaqla ədalət mühakiməsinin inklüziv islahatı - Gürcüstan öz məhkəmə qanunvericiliyinə düzəlişləri ikinci rəy üçün Venesiya Komissiyasına təqdim etməli, həmçinin məhkəmə sistemində daha geniş islahatlar həyata keçirməlidir və son nəticədə Ali Ədliyyə Şurasının qalan hakim olmayan üzvlərini təyin etməlidir.
Korrupsiyaya qarşı mübarizə idarəsinin gücləndirilməsi - Korrupsiyaya qarşı mübarizə üzrə yeni büro yaradılıb. Bu tövsiyəni tam yerinə yetirmək üçün Gürcüstan hələ də antikorrupsiya bürosunun müstəqil fəaliyyətini təmin etməli və qanun layihəsi ilə bağlı Venesiya Komissiyasından məsləhətlər almalıdır. Avropa Komissiyası Gürcüstana İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) antikorrupsiya şəbəkəsindən çıxmaq qərarına yenidən baxmağa müraciət edir.
Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə - Gürcüstan “Avropol” və üzv ölkələrlə əməkdaşlığı gücləndirdi. İndi o, Avropa Şurasının Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Komitəsinin (MONEYVAL) bütün vacib tövsiyələrini nəzərə almalıdır.
Həssas qrupların hüquqlarının müdafiəsi - Gürcüstan İnsan Hüquqları Strategiyasının Fəaliyyət Planının inklüziv şəkildə hazırlanmasını və LGBTQI icmasının üzvlərinin toplaşmaq azadlığını və müdafiəsini təmin etməlidir.
Vətəndaş cəmiyyətinin bütün səviyyələrdə qərarların qəbulu prosesinə cəlb edilməsi - Gürcüstan vətəndaş cəmiyyəti ilə konstruktiv dialoqu bərpa etməli, müntəzəm və şəffaf məsləhətləşmələr aparmalıdır.
Deoliqarxizasiya baxımından Gürcüstan məhdud irəliləyiş əldə edib. Avropa komissarı Varhei Venesiya Komissiyasının iyunun 12-də dərc etdiyi rəyi qeyd edib ki, parlament “deoliqarxizasiya” haqqında qanun layihəsini indiki formada qəbul etməməlidir.
“Bu baxımdan dünən hakim partiyanın bu qanun layihəsinin qəbul olunmayacağı ilə bağlı bəyanatını alqışlayıram. Gürcüstan indi Venesiya Komissiyasının tövsiyələrinə uyğun sistemli yanaşmanı müəyyən edən qanunun qəbuluna, o cümlədən rəqabət siyasətinin və siyasi partiyaların maliyyələşdirilməsi qaydalarının gücləndirilməsinə diqqət yetirməlidir”, -Avropa komissarı bildirib.
Gürcüstan media plüralizmi və media sahiblərinə qarşı cinayət işi ilə bağlı tövsiyə ilə əlaqədar heç bir irəliləyiş əldə etməyib. Bu tövsiyənin həyata keçirilməsi üçün Gürcüstana Avropa Şurasının hüquqi rəyinə uyğun olaraq, jurnalistlərin təhlükəsizliyini təmin etmək, jurnalistlərin və media sahiblərinin azadlıqlarının müdafiəsi səviyyəsini artırmaq üçün “Yayım haqqında” qanuna dəyişiklik etməyə çağırılır.
Onun Gürcüstan hakimiyyətinə nə tövsiyə edəcəyini soruşduqda Varhey belə cavab verdi:
“Genişlənmə gündəliyin ilk üç bəndindən biridir. Odur ki, kimsə Aİ-yə daxil olmaq istəyirsə, bu andır, ondan istifadə edin, bu fürsətdən istifadə edin. Baş nazirinizi keçən həftə Brüsseldə görmək mənə qismət oldu və bu, mesaj idi. Nə tələb olunduğunu bilirsiniz. Sadəcə bunu edin, çünki bu, hər kəsin maksimum fayda əldə etməli olduğu unikal fürsətdir. Biz kömək etmək üçün buradayıq, lakin meyarlar hamı tərəfindən yerinə yetirilməlidir. Hökumətə tövsiyəm o olardı ki, bütün sahələrdə işləri sürətləndirək ki, oktyabrda tam hazır hesabatımız olsun”.