“Dünən biz böyük qardaşımız Vladimir Vladimiroviç Putinlə Abxaziya problemlərini müzakirə edirdik. Biz bu problemləri uzun müddət, gecə düşənə qədər müzakirə etdik və belə bir nəticəyə gəldik ki, Abxaziyanı tərk etmək olmaz, biz ona kömək etməliyik ki, bu firavan məmləkət, burada yaşayan insanlar normal yaşasınlar”, - deyə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. O, bugün, sentyabrın 28-də Rusiyanın işğalı altında olan Abxaziyaya səfər edib və separatçı hökumət nümayəndələri ilə görüşüb.

İşğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniya, de-fakto xarici işlər naziri İnal Ardzinba və Lukaşenko arasında görüş Rusiyanın təhvil verilməsini tələb etdiyi Biçvinta şəhərinin dövlət bağ evində keçirilib.

De-fakto respublika prezidentinin administrasiyasının məlumatına görə, Aslan Bjaniya Lukaşenkonu salamlayıb və qeyd edib ki, 1996-cı ildə MDB (Müstəqil Dövlətlər Birliyi) dövlət başçılarının görüşündə məhz Lukaşenko Abxaziyanın müharibədən sonrakı iqtisadi blokadasına qarşı olduğunu bildirib.

“Siz Abxaziyanın təcrid olunmasının, iqtisadi blokadanın yanlış qərar olduğunu dediniz. Abxaziya bunu bilir və yüksək qiymətləndirir. Bizi yaxşı insani münasibətlər bağlayır. Səfərinizə şadıq”, - Bjaniya Lukaşenkoya müraciət edib.

Lukaşenko öz növbəsində Bjaniyaya təşəkkür edib və deyib ki, Abxaziyada insanların normal yaşaya bilməsi üçün kömək lazımdır.

“Nostalji bizi heç vaxt tərk etmir. Harada isə, 25-27 il bundan əvvəl adi bir insan, millət vəkili kimi bu müqəddəs torpaqda olmuşam... Mən təcrübəli insanam, uzun illər siyasətdə olmuşam. Gələcəkdə necə yaşayacağımızı danışıb fikirləşəcəyik. Əsas odur ki, insanlar burada ləyaqətlə yaşasınlar, çünki bura yer üzündə cənnətdir, buradakı insanlar da müqəddəsdir. Bu hələ sovet dövründən, burada olduğum zamandan yadımdadır.

Buna görə də biz təkcə dostluq körpüsü qurmaq deyil, həm də çox ciddi münasibətləri nizamlamaq istəyirik”, - Lukaşenko qeyd edib.

Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfəri ilə əlaqədar etiraz əlaməti olaraq Belarusun Gürcüstandakı səfiri Anatoli Lis Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirliyin məlumatına görə, Gürcüstan tərəfi bununla bağlı hədsiz narahatlığını bildirib və Belarus tərəfdən əlavə aydınlıq tələb edib.

2022-ci il fevralın əvvəlində Belarus prezidenti bildirib ki, əgər Rusiya prezidenti Vladimir Putin ona bunun zəruri olduğunu desə, Gürcüstanın işğal olunmuş ərazilərinin müstəqilliyini tanıyacaq. İyulda, Ukraynada müharibə başlayandan sonra, Lukaşenko deyib ki, “bugün, postsovet ölkələri, öz suverenliklərini və müstəqilliklərini qorumaq istəyirlərsə, müttəfiq dövlətə yaxınlaşmaqda səmimi şəkildə maraqlı olmalıdırlar”.

Rusiya və Belarusun Birlik Dövləti 2000-ci ildən mövcuddur. O, vahid siyasi, iqtisadi, hərbi, gömrük, valyuta, hüquqi, humanitar, bazar və mədəni məkanın mərhələli şəkildə yaradılmasını nəzərdə tutur. Rusiya və Belarus ümumi parlament, konstitusiya, məhkəmə sistemi və ümumi valyutanın yaradılmasını müzakirə edir, baxmayaraq ki, hələlik belə bir razılaşma əldə olunmayıb.

Gürcüstanın işğal olunmuş əraziləri - Abxaziya və Tsxinvalinin müstəqilliyi Rusiya, Nikaraqua, Venesuela, Nauru və Suriya tərəfindən tanınıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur