Biz imkan verməyəcəyik ki, “Gürcü Arzusu” rus qanununu qəbul etsin – müstəqil media

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Müstəqil media qurumları “Gürcü Arzusu”nun parlamentdə rus qanununa baxılmsını təzələmək planına qarşı çıxır. Mediaların birgə bəyanatında bildirilir ki, rus qanunları hökumətin vətəndaşların səsini əlindən almaq, müstəqil medianı, vətəndaş cəmiyyətini məhv etmək, susdurmaq və cəmiyyətin ən fəal hissəsini ictimai proseslərdən kənarlaşdırmaq üçün növbəti cəhdidir.

“Rus qanunlarını geri qaytarmaqla Gürcüstan hökuməti zorakılıq xarakterini bir daha nümayiş etdirdi. “Gürcü Arzusu”nun müəllimi Rusiya hökumətidir və onun kimi ölkəni tabe və nəzarətlə, sıxışdırmaqla və təqiblə, yalan və demoqoqiya ilə idarə etmək istəyir. Bu qanunla biz sürətlə qarışıq idarəetmə sistemindən möhkəm formalaşmış avtoritarizmə, insan həyatının və ləyaqətinin qiymətinin olmadığı, korrupsiya və nepotizmin, zülm və soyğunçuluğun hökm sürdüyü, azad medianın qalmadığı və zorakı dövlət maşınından heç kimin insanları qoruya bilməyəcəyi, insanların inkişaf etmək imkanının olmadığı və ən dəyərli keyfiyyətin itaət olduğu Rusiya tipli ölkəyə çevrilirik. Biz belə bir ölkədə yaşamaq istəmirik və yaşamaq niyyətində də deyilik!

Biz imkan verməyəcəyik ki, “Gürcü Arzusu” hökuməti Gürcüstanı Avropa ailəsinə qaytarmaq üçün real şansını itirsin.

İllərdir ki, internet səhifələrimizdən, yayımlarımızdan tez-tez eşidilən müxtəlif və tənqidi fikirlərə qarşı “Gürcü Arzusu” mübarizəsini dayandırmayıb. Bu səbəbdən müstəqil media, vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə hakimiyyətin əsas hədəfinə çevrilib.

İllərdir ki, ən yüksək tribunalardan jurnalistlərə qarşı nifrət yağır. Ən yüksək vəzifəli məmurlar jurnalistləri sui-qəsd nəzəriyyələri, dezinformasiyalar və uydurma hekayələrlə şeytanlaşdırır. Gürcüstan hakimiyyəti jurnalistləri sistematik şəkildə sıxışdırır və təqib edir, onlara işləməyə imkan vermir, şifahi və fiziki zorakılıq edir.

Hər şeyə rəğmən ideallarımız, sevimli peşəmiz, əziz oxucularımız, dinləyicilərimiz və izləyicilərimiz, sevimli və yeganə vətənimiz uğrunda mübarizəmizi dayandırmırıq. Bu mübarizədə ölkəmizin hər bir nailiyyətimizə, hər qələbəmizə, irəliyə doğru atdığımız hər addıma bizdən az sevinməyən dostlarımız, strateji tərəfdaşlarımız var.

Gürcüstanın müstəqil mediası beynəlxalq tərəfdaşların dəstəyini daim hiss edir, onların Gürcüstanda həyata keçirilən bütün mühüm islahatlara verdikləri töhfələr əvəzsizdir. Gürcüstanın müstəqilliyini elan etməsindən bu yana beynəlxalq tərəfdaşlarımız təhlükəsizliyimizin və müstəqilliyimizin yeganə təminatçısıdır.

Beynəlxalq tərəfdaşlar “Gürcü Arzusu” hökumətinin bu zərərli və mənfur təşəbbüsü ilə bağlı ikinci dəfə qəti şəkildə mənfi fikirlərini  ifadə etdilər və Gürcüstan hökumətini onu geri götürməyə çağırdılar.

Biz imkan verməyəcəyik ki, “Gürcü Arzusu” hökuməti Gürcüstanla onun həqiqi dostları arasında kar divar hörmək üçün rus qanununu qəbul etsin.

Müqaviməti gücləndirəcəyik, öz hüquqlarımızı, vətəndaşlarımızın hüquqlarını və ölkəmizin sivilizasiya seçiminə uyğun hərəkət etmək hüququnu müdafiə edəcəyik. Beynəlxalq tərəfdaşlarımızla birlikdə biz Gürcüstanı əsl Avropa demokratiyasına çevirəcəyik”, - “Gürcüstanın Jurnalist Etikası Xartiyası”, “Studio Monitor”, “Radio Marneuli”, “Gürcüstan Xəbərləri / Dağ Xəbərləri”, “Kutaisipost”, Kvemo Kartli mediası “QvemoQartli.ge”, “Publika”, “Araşdırmaçı Jurnalistlər Birliyi” “Ai Fakt”, “Alik Media Gürcüstan”, “Guria Nyuss”, “Netgazeti”, “Batumelebi”, “Studio Rec”, “Southern Gate - sknews.ge”, “Media Aprel”, “Kaxetinin səsi - knows.ge”, “Mənim Xaraqaulim”, Radio “Atinati”, “Indiqo”, “Cemnyus”, “TOK TV”, “Aqro-Ətraf Mühit Teleşirkəti”, “Media Checker”, “OC Media”, “Borjomi Teleşirkəti”, “Proyekt 64”, “Doqquzuncu Kanal”, “Qafqaz Teleşirkəti”, “SOVA News”, Media qrupu “Münaqişə Zonası”, “Chaikhana”nın imza atdığı bəyanatda deyilir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur