Raçada, Şovi kurortu ərazisində baş verən təbii fəlakət nəticəsində həlak olanların sayı 24 nəfərə çatıb. Bu gün, avqustun 11-də 3 cəsəd tapılıb.
“Bu gün 3 cəsəd və bir cəsəd parçası tapılıb. Axtarış-xilasetmə işləri davam edir”, - deyə Regional İnkişaf və İnfrastruktur naziri İrakli Karseladze günün sonunda bildirib.
3 cəsəddən biri səhər saatlarında xilasedicilər tərəfindən təbii fəlakətin episentrindən təxminən 20 kilometr aralıda Rioni çayında tapılıb.
Bir həftə əvvəl, avqustun 3-də buzlaq qaynaqlı palçıq axını Şovi kurortunu demək olar ki, tamamilə dağıdıb. Fəlakət kurortdakı kottecləri yerlə-yeksan edib, mehmanxanaya ziyan vurub, avtomobilləri yuyub aparıb, Şoviyə gedən yeganə yolda körpüləri uçurub. Xilasedicilər yalnız sərhəd polisinin helikopterləri ilə 3 saatdan sonra fəlakət zonasına daxil ola biliblər. Avqustun 3 və 4-də Şovidən 210 nəfər təxliyyə edilib.
Palçıq axını azı 24 nəfərin ölümünə səbəb olub, onlardan 19-nun şəxsiyyəti müəyyən edilib. 10 nəfərin axtarışları davam edir. Həm həlak olanlar arasında, həm də itkin düşənlər arasında uşaqlar da var. Hakimiyyət bildirir ki, faciəni dəf etmək mümkün olmayıb.