Çexiya hökuməti Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə bilinən rus oliqarx Vladimir Yevtuşenkovun hesablarını və əmlakını müsadirə edib. Bu barədə Çexiya mətbuatı yazır. Vladimir Yevtuşenkov və oğlu Feliks Çexiya milli sanksiyalar siyahısına iyunun sonunda salınıb - onlar “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyinin təməlini qazan və ya təhdid edən sistemli fəaliyyətə görə” sanksiya olunublar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Yevtuşenkovların müsadirə edilən aktivləri arasında Karlovı Varı kurort şəhərində yerləşən beşulduzlu “Savoy Westend” mehmanxanası da var. Çexiya İctimai Televiziyasının məlumatına görə, ötən illərdə Rusiyanın nüfuzlu siyasətçiləri, iş adamları və sənət adamları bu mehmanxanada dincəlirmiş. Mehmanxana hazırda məhdud rejimdə işləyir - orada yalnız iyulun sonuna qədər rezervasiya etmişlər qala bilir.
Dövlət telekanalının məlumatına görə, Yevtuşenkovlar ailəsinin kurort şəhərindəki əmlakının ümumi dəyəri 500 milyon çex kronunu (20 milyon ABŞ dollarından çox) keçir. Jurnalistlərin məlumatına görə, müsadirə olunan əmlakın dəyəri təxminən 100 milyon kron (4,6 milyon dollar) təşkil edir.
Çexiyanın “Seznam Zprávy” nəşri yazır ki, beşulduzlu mehmanxana-kompleksi rus oliqarx Lunisoft vasitəsilə idarə edir. O, həmçinin qonşuluqda yerləşən villasına “Sarlen” üzərindən “Shakespeare” şirkəti vasitəsilə sahibdir.
Vladimir Yevtuşenkov Rusiya Müdafiə Nazirliyinin ən böyük podratçı şirkətlərindən biri olan “Radiotexniki və İnformasiya Sistemləri Konserni” səhmdar cəmiyyətinin sahibidir. “Radiotexniki və informasiya sistemləri” 2011-ci ildə Yevtuşenkovun “Sistema” şirkəti tərəfindən təsis edilib. “Sistema” pilotsuz uçuş aparatları buraxan “Kronstadt” şirkətinə də nəzarət edir.
Rusiyanın Ukraynaya təcavüzündən sonra, 2022-ci ilin aprelində Böyük Britaniya Vladimir Yevtuşenkova sanksiya tətbiq edərkən o, “sistem”in direktorlar şurasının sədri vəzifəsindən istefa verdi. Bundan başqa, milyarder şirkətdəki payını 49,2%-ə endirib və nizamnamə kapitalının 10%-ni oğlu Feliks Yevtuşenkova keçirib. 2023-cü ilin aprelində Böyük Britaniya Feliks Yevtuşenkova da sanksiya tətbiq edib.
Forbes -in məlumatına görə, Vladimir Yevtuşenkov rusiyalı milyarderlərin reytinqində 51-ci yerdədir və onun sərvəti 1,7 milyard dollar təşkil edir. Yevtuşenkov gürcü milyarder və Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişviliyə yaxın şəxsdir. 2022-ci ilin aprelində onların telefon danışığının gizli səsyazısı yayıldı, orada Yevtuşenkov İvanişvilidən Tbilisiyə göndərilmiş nümayəndəsinin, baş nazir İrakli Ğaribaşvili ilə görüşməsini xahiş edir. Səs yazısında hökumətin 49 il ərzində Raçanın 104 712 hektar meşə sahəsini verdiyi iş adamı, Davit Xidaşeli də var. “Bəli, Vladimir Yevtuşenkov mənim dostumdur, onu 30 ildən artıqdır ki, tanıyıram”, - Xidaşeli deyir. O, “Intracom Telecom Solution” şirkətinin Direktorlar Şurasına rəhbərlik edir. Bu şirkət də Yevtuşenkovun “sistema”sı ilə əlaqəlidir.
Vladimir Yevtuşenkov da oğlu kimi Avropa İttifaqı tərəfindən sanksiya tətbiq edilənlər arasında deyil, lakin, ona qarşı Böyük Britaniya, Ukrayna, Avstraliya, Yeni Zelandiya, indi isə artıq Çexiya da (indiyə qədər Çexiya milli sanksiyalar siyahısına yalnız Rusiya Pravoslav Kilsəsi Patriarxı Kirill (Vladimir) Qundiaev də daxil edilib) ona qarşı sanksiyalar tətbiq edib.