Hər üçüncü vətəndaş deyir ki, onların çox vaxt ərzaq almağa pulları çatmır - NDI

Sentyabrın 16-da dərc edilən ictimai rəy sorğusuna əsasən, hər üç vətəndaşdan biri son bir ildə özlərinə və ya ailəsinə hər ay və ya daha tez-tez ərzaq almağa pulunun çatmadığını bildirib.

Sorğu iştirakçılarının 45%-i 5 il əvvələ nisbətən indi daha az maliyyə imkanlarının olduğunu deyir. Yalnız 20%-i maliyyə imkanlarının yaxşılaşdığını bildirir.

55% Gürcüstan iqtisadiyyatının hazırkı vəziyyətini pis, yalnız 4% yaxşı, 38% isə orta kimi qiymətləndirir.

Hansı milli məsələnin sizin və ailəniz üçün daha vacib olduğunu soruşduqda cavablar belə bölündü: iş yerləri - 36%, qiymət artımı/inflyasiya - 35%, yoxsulluq - 32%, ərazi bütövlüyü - 26%, pensiyalar - 18%, insan hüquqları - 14 % (vətəndaşlar üç cavab seçə bilərdi). Vətəndaşların prioritetləri siyasi simpatiyaya görə dəyişmir.

Respondentlərin 67%-i hesab edir ki, son on ildə Gürcüstanda yoxsulluqla bağlı vəziyyət daha da pisləşib. NDI qeyd edir ki, yoxsulluq etnik azlıqlar üçün digər qruplarla müqayisədə daha aktual problemdir.

2018-ci illə müqayisədə daha az insan münasib tibbi xidmətlə bağlı vəziyyətin yaxşılaşdığını düşünür. Vətəndaşlar səhiyyə sisteminin üzləşdiyi ən böyük üç problem arasında dərmanların qiymətini, tibbi xidmətlərin/həkimə müraciətlərin qiymətini və tibb işçilərinin ixtisasının olmamasını qeyd edirlər.

Mövcud vəziyyəti nəzərə alsaq, sorğuda iştirak edənlərin əksəriyyəti - 66%-i yaxın bir ildə Gürcüstanda iqtisadi vəziyyətin pisləşəcəyini gözləyir.

NDI sorğusu Böyük Britaniya hökumətinin maliyyə dəstəyi ilə CRRC Georgia tərəfindən işğal olunmuş ərazilər istisna olmaqla, bütün ölkə üzrə iyulun 14-dən avqustun 15-dək aparılıb. Sorğuya 2104 tamamlanmış müsahibə daxildir. Sorğuda orta səhv nisbəti +/- 2% təşkil edir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur