Estoniyanın baş naziri Kaia Kallas Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi postunda Cozef Boreli əvəz edəcək. Avropa Komissiyasının rəhbəri yenə alman siyasətçi Ursula fon der Leyen olacaq, Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta isə Avropa Şurasının sədri Şarl Mişeli əvəz edəcək. Aİ liderləri bununla bağlı razılığa gəliblər.

Kaia Kalas və Ursula fon der Leyenin namizədliyi Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.

“Avropa İttifaqının Ali Nümayəndəsi vəzifəsinə namizəd göstərilmək mənim üçün şərəfdir. Həmkarlarımın qərarı simvolikdir, çünki biz Estoniyanın Avropa İttifaqına daxil olmasının 20 illiyini qeyd edirik”, - Kalas bildirib. O, yeni vəzifəyə 5 il müddətinə seçiləcək.

Estoniyanın baş naziri əlavə edib ki, Ukraynada müharibə başlayandan sonra Avropa İttifaqının xarici siyasəti güclənib.

“Gələcəkdə daha da güclü olmağımızı istəyirəm. Birlik hər şeyin əsasıdır. Avropa institutları və üzv dövlətlər birliyi gücləndirmək üçün birlikdə çalışmalıdırlar. Avropada müharibə gedir. Bu, Aİ-nin xarici siyasətinin ən mühüm problemidir. Artan qeyri-sabitlik də bizim diqqətimizi tələb edir”, - Kaia Kalas bildirib.

Euronews telekanalının məlumatına görə, Macarıstanın baş naziri Viktor Orban Ursula fon der Leyenin namizədliyinə qarşı çıxıb və Kaia Kalası dəstəkləməkdən çəkinib. İtaliyanın baş naziri Giorgia Meloni Kosta və Kalasın əleyhinə səs verib və fon der Leyenin namizədliyini dəstəkləməkdən imtina edib.

Avropa Parlamenti Kaia Kalası təsdiqləsə, o, Avropa İttifaqında yüksək vəzifələrdən birinə təyin olunan ilk estoniyalı siyasətçi olacaq. Kalas 2021-ci ilin yanvarında Estoniyanın ilk qadın baş naziri oldu.

Kaia Kalas Gürcüstan hakimiyyətini rus qanunu qəbul etdiyinə görə tənqid edib. “Gürcüstana Avropa İttifaqına namizəd statusu verdiyimiz andan bu yana islahatlarla atılan addımlar yanlış istiqamətdə gedir. Bu, artıq Gürcüstanın daxili məsələsi deyil və əslində, tərəzidə bütün Avropa İttifaqı etimadı dayanır”, - deyə Kalas mayın sonunda bildirib.

Kaia Kalas Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan şəxslər siyahısındadır. Onun barəsində Cinayət Məcəlləsinin maddəsi ilə axtarış elan edilib, lakin konkret olaraq hansı cinayətdən söhbət getdiyi məlum deyil.

Kaia Kalas Rusiyanı tənqid etməsi ilə tanınır. Rusiyaya qarşı sanksiyalarda boşluqların aradan qaldırılması, Rusiya aktivlərinin müsadirəsi, Rusiyanın hazırkı rəhbərliyinin hərbi cinayətlərə görə mühakimə olunması və rusiyalı turistlərin Aİ-yə girişinə qadağa qoyulmasının tərəfdarıdır.

Euronews-un məlumatına görə, 2023-cü ilin avqustunda ərinin Rusiya ilə biznes əlaqələri barədə məlumat yayılıb. Xüsusilə, Arvo Halikin 2022-ci ilin fevralında Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Rusiyada fəaliyyətini davam etdirən logistika şirkətində pay sahibi olduğu aşkarlanıb. Kalas şirkətin Rusiya ilə əlaqələri barədə məlumatı təkzib edib. O, Estoniyada bu məsələyə reaksiyanı siyasi “cadugər ovu” adlandırıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur