Mənim vetom xalqın səsi olacaq və aydın şəkildə eşidiləcək – Zurabişvili

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan prezidenti Salome Zurabişvili təsdiq edib ki, xarici agentlər haqqında qanun qəbul olunarsa, ona veto qoyulacaq.

“Mən mütləq bu qanuna veto qoyacağam, eynilə digər qanunlara da veto qoymuşam, çünki bu, veto qoyduğum yeganə [qanun] deyil. Bütün strategiya Avropa İttifaqının tövsiyələrinə ziddir.  Mənim vetom xalqın səsidir və bu səs yüksək və aydın eşidiləcək”, - Zurabişvili “BBC”yə müsahibəsində deyib.

Kütləvi etirazlara və beynəlxalq tərəfdaşların tənqidlərinə baxmayaraq, bu gün, aprelin 17-də “Gürcü arzusu” müstəqil media və vətəndaş cəmiyyətini məhdudlaşdırmaq məqsədi daşıyan qanun layihəsini birinci oxunuşda qəbul edib. 83 deputat rus qanununun qəbulunu dəstəkləyib, müxalifət səsvermədə iştirak etməyib.

“Gürcü Arzusu” ötən ilin martında birinci oxunuşda oxşar qanun layihəsini qəbul etsə də, insanların etirazları onu rədd etməyə məcbur etmişdi. Partiya liderləri qanun layihəsini “şərtsiz, şəkildə” geri götürməyə söz vermişdilər, lakin bir il sonra, aprelin əvvəlində onu yenidən gündəmə gətirdilər. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarını həyata keçirən təşkilat” ifadəsi ilə əvəz edilib.

Hakim partiya Gürcüstanın Avropaya inteqrasiya prosesinə xələl gətirə bilərliyinə baxmayaraq, rus qanununu yaz sessiyasının sonuna qədər hər üç oxunuşda qəbul etmək niyyətindədir. “Gürcü Arzusu”nun parlamentdə prezidentin vetosunu aşmaq üçün kifayət qədər səsi var.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur