Mayın 1-2-də keçirilən nümayişdən 15 nəfər xəstəxanaya aparılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Leli Blaqonravovanın fotosu

Səhiyyə Nazirliyindən verilən məlumata görə, xüsusi təyinatlılar tərəfindən parlament qarşısında rus qanununa qarşı keçirilən nümayişdə yaralanan 15 nəfər müxtəlif tibb müəssisələrinə yerləşdirilib. Onların arasında polis əməkdaşları da var.

“Mayın 1-2-də fövqəladə halların kordinasiyası və təcili yardım qrupları 15 nəfəri müxtəlif klinikalara yerləşdirib. Xəsarət alanlardan bəziləri klinikanı tərk edərək evə buraxılıblar”, - nazirlikdən bildirilib. Onların verdiyi məlumata görə, dünən etiraz aksiyasının keçirildiyi əraziyə 20 təcili yardım briqadası səfərbər edilib.

Yaralılarda müxtəlif növ xəsarətlər, o cümlədən üz, baş və bədənin müxtəlif nahiyələrində yaralar, zəhərələnmə və tənəffüs yollarının ağırlaşması müşahidə olunub.

Mayın 1-də parlament binasının həyətində yerləşdirilən xüsusi təyinatlılar rus qanunu əleyhinə keçirilən aksiyada nümayişçilərə qarşı bibər qazı, su şırnaqları və köpükdən istifadə edib, gözyaşardıcı qaz da buraxıb. 26 yaşlı Nika Demurişvili “Nyu Hospitals” klinikasına aparılıb və o, ehtimal ki, rezin güllə nəticəsində gözünün yaxınlığından xəsarət alıb.

“Mən parlamentin sol tərəfində idim, orada gözyaşardıcı qaz atılırdı və görünən, rezin güllələrdən də istifadə olunurdu. Üzümdə qaz maskası var idi və insanlara kömək edir, ağrılarını bir az azaltmaq üçün onlara tibbi ləvazimat verirdim. Bir-iki nəfəri çıxarıb arxaya dönəndə mənə nəsə dəydi - ya rezin güllə, ya da qaz balonu. Məncə, bu, daha çox rezin güllə idi. Başqalarına da daydi”, - Nika Demurişvili deyir.

Digər nümayişçilər onlara rezin güllələrin tuş gəldiyini deyirlər. Jurnalist Dato Tamazaşvilinin sözlərinə görə, o, parlamentin qapısından atəş açdıqlarını açıq-aydın görüb. Üç güllə onun ayaqlarına dəyib.

“Qirçi – Daha Çox Azadlıq”ın üzvü, Tbilisi Şəhər Şurasının deputatı Tsotne Koberidze də yaralanıb. Onun sözlərinə görə, mədəsində və əlindəki yaralar rezin güllələrdən yaranıb.

Daxili İşlər Nazirliyi aksiyanı dağıtmaq üçün rezin güllələrdən istifadə etməsini təkzib edir. “Daxili İşlər Nazirliyinin əməkdaşlarından heç biri rezin güllələrdən istifadə etməyib”, - nazir müavini Aleksandre Daraxvelidze gecə saatlarında fövqəladə brifinqdə deyib. O, mitinq iştirakçılarını “mənşəyi məlum olmayan bo]ucu qazlardan” istifadə etməkdə ittiham edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur