Qürcaanidə fəlakət - küçələri, evləri su basıb, maşınlar xarab olub

Qurcaanidə yağan güclü yağış və dolu nəticəsində Zemo Qurcaani dərəsi daşıb və su şəhərin mərkəzi hissəsini basıb. Qurcaani bələdiyyə rəisinin səlahiyyətlərini icra edən Leri Qelenavanın “Gürcüstan Xəbərləri”nə verdiyi məlumata görə, təbii fəlakət nəticəsində ölən və xəsarət alan olmayıb.

Külək və dolu ilə müşayiət olunan güclü yağış günorta saat 4 radələrində başlayıb. Dərədən daşıb-tökülən su şəhərin mərkəzi hissəsinə - bazar ərazisinə və ətraf küçələrə axıb. Evləri və müxtəlif ticarət obyektlərini su basıb, onlarla avtomobili su aparıb və zədələyib, elektrik dirəkləri və piyada körpüsü aşıb. Su bələdiyyə binasına da dolub.

Hazırda əhalinin bir hissəsi elektrik enerjisi ilə təmin olunmur. Mərkəzi küçələrdə nəqliyyatın hərəkəti hələ də məhdudlaşdırılıb. Hadisə yerində yanğın-xilasetmə qrupları işləyir və yolları daş və çınqıllardan təmizləyirlər.

Güclü leysan nəticəsində Qurcaani bələdiyyəsinin Cirkok, Vejin və Candar kəndlərində dərələr aşıb. Axaşen kəndində dolu yağıb.

Hələlik fəlakətin miqyası və dəymiş ziyanı dəqiqləşdirmək mümkün deyil.

Foto: Kaxeti Tərəfi/Facebook

Foto: Kaxeti Tərəfi/Facebook

Foto: Kaxeti Tərəfi/Facebook

Foto: TV Qurcaani/Facebook
Foto: TV Qurcaani/Facebook
Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur