Raçada, Şovidə, əvvəlcədən verilən məlumata görə sürüşmə nəticəsində 16 nəfər torpaq altında qalıb, onların təcili yardıma ehtiyacları var. Yerli sakinlərin “Gürcüstan Xəbərləri”nə verdiyi məlumata görə, sürüşmə altında qalanların 6-sı uşaqdır.
“Gürcüstan Xəbərləri” Şovidən olan bir neçə şəxslə telefonla danışıb. Onların sözlərinə görə, vəziyyət çox ağırdır.
Yerli əhalinin dediyinə görə, dağın böyük bir hissəsi qoparaq Şovidəki kottecləri və ətrafı basıb, dağıdıb və ya zədələyib. Şoviyə gedən yolu da torpaq axını aparıb, bu səbəbdən xilasedicilər hadisə yerinə hələ də gedib çatmayıb.
16:40 - "Gürcüstan Xəbərləri" sürüşmə altında qalanlardan biri ilə telefonla danışıb. Onun sözlərinə görə, təbii fəlakətdə proseslər o qədər sürətlə inkişaf edib ki, insanlar qaça bilməyib. Hələlik xilasedicilər hadisə yerinə çatmayıb. Hətta helikopter də görünməyib.
16:45 - “Dağ Xəbərlərinin”in məlumatına görə, Daxili İşlər Nazirliyinin iki helikopteri xilasedici qruplarla birlikdə fəlakət zonasına uçur. Xilasedicilər bir neçə dəqiqədən sonra hadisə yerində olacaqlar.
16:52 - Daxili İşlər Nazirliyi bəyanat yayıb - 112 İctimai İdarəetmə Mərkəzinə Şovidə yerləşən "Sanset Şovi" mehmanxanasında torpaq sürüşməsi nəticəsində torpaq kütləsinin axması ilə bağlı çoxsaylı müraciət daxil olub. Hadisə ilə bağlı bütün aidiyyatı qurumlar məlumatlandırılıb, əraziyə müvafiq texnika səfərbər olunub, əlavə avadanlıqlar da əlavə edilir. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və digər polis bölmələrinin nümayəndələri Daxili İşlər Nazirliyinin sərhəd polisinin 2 helikopteri ilə birgə hadisə yerinə gedirlər. Hazırkı mərhələdə xəsarət alanlar barədə ətraflı məlumat yoxdur.
17:03 - Zərərçəkənlərdən biri bizə qəza yerindən foto-şəkil təqdim edib.
17:25 - Zərərçəkənlərin sözlərinə görə, xilasedicilər hadisə yerinə hələdə gəlməyib. Şövidə 16 nəfərin ölümü ilə nəticələnən sürüşmədən 2 saat ötür.
17:32 - Başqa bir zərərçəkmiş bizə məlumat verir: "Raça" mehmanxanası və eyni adlı Stalinin evi arasında sıxılıb qalmışıq. “Sanset Şovi” mehmanxanasının binasını da torpaq basıb. Sürüşmə bir kilometrdən çox əraziyə yayılıb. Yaşayış kottecimiz artıq ümumiyyətlə yoxdur. Hələlik heç bir xilasedici gəlməyib.
18:31 - Daxili İşlər Nazirliyi bildirir ki, xilasetmə qrupları ilə sərhəd polis helikopteri artıq Raçadadır. Qəza yerindən zərərçəkənlər isə bizə bildirirlər ki, hələ onların yanına heç kim gəlməyib.
19:22 - Daxili İşlər Nazirliyinin Strateji Kommunikasiyalar İdarəsinin rəisi Keti Kovziaşvili bildirib ki, artıq 12 vətəndaş təbii fəlakət zonasından təxliyə edilib, onlardan 5-i uşaqdır. Xilasetmə əməliyyatlarına 2 sərhəd polis helikopteri cəlb olunub.
19:50 - Daxili İşlər Nazirliyinin məlumatına görə, təbii fəlakət zonasından 40-a yaxın insan təxliyə edilib. Oni şəhəri meri deyir ki, onlar mehmanxanalara yerləşdiriləcək.
19:58 - “Mtavari Arxi”yə müsahibə verən yerli sakin hadisə şahidinin söylədiklərinə istinad edir və deyir ki, daşqın çayın apardığı maşınlardan birində sürücü də olub. “Hadisə şahidlərində biri dedi ki, mənim maşınım da daxil olmaqla altı maşını, maşınlardan birini sürücüsü ilə bərabər aparıb”. Şovini vuran uçqun bir neçə avtomobili aparsa da, heç bir dövlət qurumu qurbanlar barədə məlumatı təsdiqləmir.
20:00 - Uçqun elektrik xətlərini zədələyib, Şovi və Qlola kəndlərinə elektrik enerjisi verilmir. “Energo Pro Georgia”dan “Gürcüstan Xəbərləri”nə bildiriblər ki, təxminən bir saat ərzində Qlolaya elektrik enerjisinin verilməsi bərpa olunacaq.
20:03 - Milli Seysmik Monitorinq Mərkəzinin direktoru Tea Qodoladze: “Ölkə olaraq hazır olmalıyıq, fəlakətlərin və təbii fəlakətlərin riskləri qiymətləndirilməlidir, hansı bölgədə nə gözləmək lazımdır bilməliyik. Bu sahədə mütəxəssis olan hər kəs Rioni və onun qollarının uçqun yaratmağa meyilli olduğunu bilir. Belə olan halda xəbərdarlıq etmək, ilkin tədbirlər görmək lazımdır. Uçquna səbəb olan çaylarının və onların qollarının düzənliklərində tikinti və ya infrastrukturun inkişafının qarşısını almaq lazımdır. Çay düzənliyi axar ərazi deməkdir və bu gün və ya sabah su ilə örtülə bilər. Üstəlik, söhbət geoloji və morfoloji cəhətdən ən çətin bölgələrdən biri olan Raçadan gedir. Həmişə olduğu kimi, təbii fəlakətlərə meyilli bölgələrdə bu ilk sürüşmə deyil, sonuncu da olmayacaq, monitorinq sistemləri və yerli xilasetmə qrupları vacibdir. Vertolyotlar olmalıdır”.
20:11 - Xilasetmə əməliyyatı nəticəsində təbii fəlakət bölgəsində olan 70-ə yaxın vətəndaş təhlükəsiz əraziyə təxliyyə olunub. Sərhəd polisinin helikopterləri artıq 3 uçuş həyata keçirib. Xilasetmə əməliyyatı hələ də davam edir. Daxili işlər nazirinin müavini və fövqəladə hallar idarəsinin rəisi təbii fəlakət yerindədir.
20:59 - Şovidə təbii fəlakət insan tələfatı ilə nəticələnib.
22:40 - fəlakət zonasında qalan uşağın atası - “Mənim orada həyat yoldaşım və üç kiçik uşağım qalıb. Mən onlarla əlaqə saxlaya bilmirəm. Onlar, mənə dediklərinə görə, sürüşmə nəticəsində uçan Şovi ərazisindəki kotteclərdə qalırmışlar. Nə baş verdiyini bilmirəm. Heç bizə demirlər də. Xilasedicilərin yanına getdim, ay camaat, bir şey deyin dedim. Oradadırlar deyirlər. Gördülər, görmədilər, meşədə səpələniblər, yoxdular - bizə heç nə demirlər, ay camaat. Bir şey edin. Gecəyi sabahlaya bilməyəcəklər, uşaqlardır - 2, 3, 7 yaşında. Heç olmasa, bu uşaqlara yazığınız gəlmirmi?! Xahi. edirəm. İşıqlandırmaq üçün işığımız olmadığından helikopterləri qaldıra bilmirik”.
23:50 - Raça-Leçxuminin və Kvemo Svanetinin keçmiş qubernatoru Otar Siradze deyir ki, təbii fəlakət zonasında, “Sanset Şovi” yaxınlığında qalan daha 10 nəfərlə əlaqə itib:
“Mənim dostum Qlolada yaşayan Qela Qutaşvilidir, öz biznesi, kottecləri var. Qelanın iki övladı var - bir qız və bir oğlan, biri məktəbi bitirib, digəri isə artıq tələbədir. Saat 15:30-da bu uçqun üç yerə gəlməyə başladı. O andan bu yana o övladlarını tapa bilmir. O, arvadının iki uşağı ilə birlikdə olan baldızını və kotteclərində məskunlaşan 5 turisti də tapa bilmir. Yəni 10 nəfəri tapa bilmir. Çox pis vəziyyətdədir. Təəssüf ki, kottecləri uçqun aparıb. Hökümətə vertolyotu gətirtmək 3 saat 30 dəqiqə çəkdi, halbuki indi ölü tapılan insanlar üçün bu saniyələr məsələsi ola bilərdi. İndi gecədir və xilasetmə işlərini dayandırıblar, daha davam edə bilmirlər. Axı Raça dağlıqdır, təbii olaraq aktivdir, tez-tez zəlzələlər, daşqınlar olur, çoxlu sürüşmə mərkəzləri yaranır. İki-üç gün əvvəl yağış yağanda bu adamlara niyə xəbərdarlıq edilməyib, evakuasiya edilməyib, buna uyğun hazırlıq görülməyib?!"
4 avqust, 00:20 - təbii fəlakətlə bağlı qaynar xətt yaradılıb. Daxili İşlər Nazirliyi vətəndaşlardan itkin düşmüş şəxslərlə bağlı məlumatı olanların 598 913 089 nömrəsinə zəng etmələrini xahiş edir. Qaynar xətt 24 saat işləyəcək.
00:34 - Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mğebrişvilinin sözlərinə görə, hazırda 50 nəfərlə əlaqə saxlamaq mümkün deyil. “Təxminən 150 nəfər təhlükəsiz yerlərdədir və biz istisna etmirik ki, onların arasında ailə üzvləri ilə əlaqə saxlaya bilməyən insanlar da var. Gecə boyu məlumatları yoxlayacağıq. Qohumları ilə əlaqə saxlaya bilməyən hər kəsi “qaynar xətt”lə əlaqə saxlamağa və 112-yə zəng etməyə çağırırıq”, - Mqebrişvili “İmedi” televiziyasının efirində bildirib.
01:45 - Raçada fəlakət zonasında işləyən Milli Dövlət Reyestr Agentliyinin yerölçənləri təhlükəsizdir. Agentliyin məlumatına görə, ərazidə 35 yerölçənlər işləyirdi, onların Şovidəki müvəqqəti yaşayış yeri birbaşa təbii fəlakət zonasında yerləşib və tamamilə zədələnib. “Hadisə baş verən zaman onların hər biri sürüşmə zonasından kənarda yerləşən sahədə tədqiqat işləri aparırmış. Xoşbəxtlikdən, onların hamısı özlərini təhlükəsiz hiss edirlər”, - deyə agentlik bildirir və qeyd edir ki, fəlakət başlayan kimi yerölçənlər dərhal Tbilisiyə aparılıb.
08:00 - Vətəndaşların helikopterlərlə təbii fəlakət zonasından təxliyyəsi bərpa edilib. İki helikopter hava qaraldıqdan sonra dayandırılsa da, canlı qüvvə gecə boyu hadisə yerində qalıb.
08:11 - "Dağ Xəbərləri" nəşri fəlakət zonasının episentrindən fotoları dərc edir.
10:00 - "Dağ Xəbərləri"nin təbii fəlakət bölgəsindən müxbiri xəbər verir ki, ən azı iki nəfərin cəsədi daha tapılıb. Daxili İşlər Nazirliyi hələlik bu məlumatı təsdiqləməyib.
10:03 - Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəisi Temur Mğebrişvili bildirib ki, helikopterlərin iştirakı ilə xilasetmə əməliyyatı bərpa edildikdən sonra fəlakət bölgəsindən daha 140 nəfər təxliyə edilib. Bundan əlavə, Raça-Leçxumi və Kvemo Svanetinin dövlət qəyyumu Parmen Marqvelidzenin sözlərinə görə, dünən və bu gün təbii fəlakət zonasından ümumilikdə 210 nəfər təxliyə edilib.
11:00 - Şovidə daha 4 nəfərin cəsədi tapılıb. Təbii fəlakət nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Hazırda 30 nəfər itkin düşmüş hesab olunur.
11:36 - Qlola kəndinin sakinləri Daxili İşlər Nazirliyinin təbii fəlakət bölgəsində işindən narazıdırlar və xilasetmə işlərinə cəlb olunmalarını tələb edirlər. Polis yerli sakinlərin əraziyə daxil olmasına icazə vermir, lakin gənclər yenə də itkin düşənləri axtarmağa başlayır. “Dağ Xəbrləri” xəbər verir ki, bir neçə avtomobil və cəsəd yenə tapılıb.
12:25 - Ətraf Mühitin Mühafizəsi Milli Agentliyinin Geologiya İdarəsinin rəisi Merab Qaprindaşvili bildirib ki, Şovi kurortunda baş verən fəlakət geoloji və hidrometeoroloji hadisələrin eyni vaxtda, eyni yerdə baş verməsi nəticəsində baş verib. Qaprindaşvilinin sözlərinə görə, “indiki mərhələdə belə miqyasda fəlakət gözlənilmir”.
13:10 - Baş nazir İrakli Ğaribaşvili Raçaya gəlib və Oni bələdiyyəsinin meriyasında Şovi fəlakətinin aradan qaldırılması üzrə fövqəladə qərargahda iclas keçirib.
14:10 - İrakli Ğaribaşvili: “Belə kataklizmlər, faciələr, fəlakətlər hər ölkədə olur. Bunun qarşısını alınmasının mümkün olması barədə hər hansı bir söhbət, məncə, çox qeyri-ciddidir”.
21:00 - Təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 11-ə çatıb. Cəsədlər təbii fəlakət bölgəsindən prokurorluğa təhvil verilib. 25 nəfərin axtarışı davam edir. İtkin düşənlər arasında uşaqlar da var.
Material yenilənəcək.