Raçadakı Şovi kurortunda təbii fəlakət nəticəsində həyatını itirənlər arasında Qiorqi Qoqinaşvili və Davit Beriaşvili də var. Təsdiqlənmiş məlumata görə, təbii fəlakət nəticəsində 18 nəfər həyatını itirib.
Qiorqi Qoqinaşvili Tbilisidə, varketili şəhərində yaşayırdı və Şovidə tətildə idi. Onun həyat yoldaşı və iki övladı qalıb. Qiorqi Qoqinaşvili Namaxvanhesiyə qarşı etiraz aksiyasında da fəal iştirak edib.
“Rioni vadisinin xilas edilməsində Qiorqinin payı xüsusidir - o, bütün qabiliyyətini, əməyini, canını və ürəyini bu işə həsr etmişdi. Belə parlaq insana nadir rast gəlinir”, - “Rioni Vadisini Xilas Etmək Uğrunda” hərəkatın yaydığı bəyanatda deyilir.
Hərəkatın yaradıcısı Varlam Qoletiani deyir ki, Qiorqi Qoqinaşvili əvvəldən etiraza qoşulub və aylarla Rioni vadisindəki çadırlarda qalıb.
“O, uşaqlarını görmək üçün Tbilisiyə gedirdi və yenidən geri qayıdırdı. Daha sonra biz Tvişdə Leçxumi şərab festivalını təsis edəndə o, orada da bizə fəal kömək edirdi”, - Qoletiani “Gürcüstan Xəbərləri”nə deyib.
25 yaşlı Davit Beriaşvili Siğnaği bələdiyyəsinin Tsnori şəhərindən idi. O, dostları, qardaş-bacı Sopo və Qiorqi Karalaşvili il Şovidə dincəlirdi. Qardaş-bacı hələ də itkin düşmüş hesab edilirər.
Avqustun 3-də saat 15:15 Şovi ətrafında təbii proseslər inkişaf etdi. Palçıq axını kurortda yerləşən kottecləri tamamilə dağıdıb, mehmanxanalar zədələnib, avtomobillər yuyub aparıb, Şoviyə gedən yeganə yolda körpülər dağıdıb. Xilasedicilər fəlakət zonasına sərhəd polisinin helikopterləri ilə yalnız 3 saatdan sonra daxil ola biliblər. Avqustun 3 və 4-də 210 nəfər helikopterlərlə fəlakət zonasından təxliyə edilib.
Xilasetmə və axtarış tədbirləri hələ də davam edir. Bu gün, avqustun 6-da təbii fəlakət bölgəsində 18-ci cəsəd tapılaraq Kutaisi morquna aparılıb, cəsədlərin şəxsiyyətinin müəyyən edilməsi prosesi üçüncü gündür ki, davam edir. Həyatını itirən 12 nəfərin şəxsiyyəti müəyyən edilib. Onların arasında təbii fəlakət zamanı əri Zaza Mesxi və üç uşağı ilə birlikdə olan Ukrayna vətəndaşı Alina Polikovska da var. Təbii fəlakət nəticəsində Rusiya vətəndaşı Kseniya Triçevanın da həyatını itirdiyi müəyyən olunub.
Uşaqlar da daxil olmaqla 18 nəfər itkin düşmüş hesab olunur.
Yerli əhalinin verdiyi məlumata görə, təbii fəlakətdən iki gün əvvəl Buba dağında sürüşmə baş verib, nəticədə külli miqdarda su Bubistskali çayı vadisini basıb, avqustun 3-də isə yığılan su partlayaraq sürüşməyə səbəb olub.