İşğal olunmuş Abxaziyanın de-fakto parlamentinin deputatları “Abxaziya hökuməti ilə Rusiya hökuməti arasında” Soxumi hava limanı ilə bağlı imzalanan qondarma sazişi ratifikasiya edib. Müqavilə Soxumidəki Ardzinba Beynəlxalq Hava Limanının fəaliyyətinin yenilənməsi və sonrakı istismarı məqsədilə rus hüquqi şəxs tərəfindən investisiya layihəsinin həyata keçirilməsini nəzərdə tutur.
Məsələni qondarma parlamentin 30 üzvü dəstəkləyib, 2-si isə əleyhinə çıxıb. Deputat Alxas Bartsitsin sözlərinə görə, artıq layihəyə əlini qoymağa hazır olan 2 investor var. Onun sözlərinə görə, müqavilənin kimlərlə bağlanacağına yekun qərarı xüsusi komissiya verəcək.
Hava limanının icarə müddəti 49 ildir. Yerli KİV-in məlumatına görə, “xüsusi vergi rejimi” 25 il müddətində qüvvədə olacaq, güzəştlərin bir hissəsi bütün icarə müddəti ərzində qüvvədə qalacaq.
Alxas Bartsits izah edib ki, investor bu qədər uzun müddətə əksər vergilərdən ona görə azad edilib ki, aerodromun bir hissəsi Abxaziya tərəfinin cavabdehlik zonasındadır və onun yenidən qurulması üçün kifayət qədər vəsait yoxdur və investor bütün bu xərcləri öz üzərinə götürür. Bundan əlavə, qondarma deputatın sözlərinə görə, Abxaziya tərəfi xüsusi enerji təchizatı rejimini - 2023-cü ildə 11,5 meqavat, 2024-cü ildə isə daha 4 meqavat təmin etməyə borclu olacaq. Bunun üçün Aqudzera və Drandada iki yarımstansiya yenidən qurulacaq.
İlkin mərhələdə rus şirkəti 6-10 milyard rubl sərmayə qoymağı planlaşdırır. Qondarma İqtisadiyyat naziri Kristina Ozqanın sözlərinə görə, investor öz vəsaiti hesabına layihə sənədlərinin hazırlanmasını, texnoloji qurğuların qoşulmasını, qurğulara bələd olunmasını təmin edir və obyektlərdə aşkar edilmiş qüsurlara görə məsuliyyət daşıyır. Şərtlərin yerinə yetirilməməsi halında investor müavinət ödəməli olacaq.
“Soxumi Beynəlxalq Hava Limanı”nın bərpası haqqında qondarma saziş 2023-cü ilin iyununda, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində imzalanıb. Sənədi işğal altında olan Abxaziyanın de-fakto iqtisadiyyat naziri Kristina Ozqan və Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov imzalayıblar. İlkin mərhələdə 3,6 kilometrlik uçuş-enmə zolağının 2,4 kilometrinin yenidən qurulması nəzərdə tutulur. Layihə vaxtında həyata keçirilərsə, hava limanının 2024-cü ilin dördüncü rübündə istifadəyə verilməsi planlaşdırılır. Rusiya tərəfi sərnişin axınının ildə təxminən 1,2 milyon nəfər olacağını gözləyir. Kristina Ozqanın sözlərinə görə, hava limanı ikili təyinatlı statusunu qoruyacaq.
Soxumi hava limanı 1960-cı illərdə açılıb və Soxumidən 18 kilometr aralıda, Babuşara kəndində yerləşir. O, 1993-cü ildə Abxaziyada davam edən münaqişə nəticəsində bağlanıb. Hava limanı Gürcüstanın Aviasiya İdarəsi tərəfindən sertifikatlaşdırılmayıb və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) dörd rəqəmli yerləşmə kodu təyin edilməyib. Ona görə də orada beynəlxalq uçuşlar həyata keçirilə bilməz. “ICAO” Abxaziyanı Gürcüstanın tərkib hissəsi kimi tanıyır və kod yalnız səlahiyyətli aviasiya orqanlarının müraciəti əsasında təyin edilir.