Təhsil Nazirliyi Marneulidə daha bir Dəmirəl məktəbini bağlayıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Təhsil və Elm Nazirliyinin Ümumi Təhsil Müəssisələrinin İcazə Şurası Marneulidə daha bir Dəmirəl məktəbinin icazəsini ləğv edib. Müəllimlərin fikrincə, nazirliyin bu qərarı siyasi motivlidir.

Marneulidəki “Davit Ağmaşenebeli adına məktəb” MMC 2010-cu ildən fəaliyyət göstərir və 2017-ci ildə bağlanan “Dəmirəl Özəl Kolleci” MMC-yə məxsusdur. Məktəbdə tədris prosesi birinci sinifdən altıncı sinfə qədər olub və 152 şagird qəbul edilib.

“Məktəb-liseyimizdə şagirdlərin əksəriyyəti etnik azərbaycanlılardır. Şagirdlərin milli kurikulumla müəyyən edilmiş məqsəd və nəticələrə nail olması, gürcü dilində düzgün danışması, yazması və oxuması məktəbin məziyyətidir.

Sözügedən fakt hər zaman dövlət məmurları və yerli əhali tərəfindən bəyənilməyə layiq olmuşdur. Şuranın bu il fevralın 27-də qəbul etdiyi qərar ədalətsiz və siyasi motivlidir”, - deyə müəllim Lamzira Xundadze bu gün Marneulidə keçirilən etiraz aksiyasında bildirib.

Məktəb rəhbərliyi hesab edir ki, qərarın siyasi mahiyyəti son 5 ildə Dəmirəl məktəbləri ilə bağlı qəbul edilmiş qərarlarla təsdiqlənir - Dəmirəl adına özəl kollec, Batumidəki Şahin adına məktəb, Nikoloz Tsereteli adına beynəlxalq məktəb və Şota Rustaveli adına məktəb-liseyin icazəsi ləğv edilib. Həmin dövrdə adı çəkilən məktəblərin baş direktoru Mustafa Əmrə Çabuk Türkiyədən ekstradisiya tələbi əsasında həbs edilib və 9 ay cəzaçəkmə müəssisəsində qalıb.

“Hesab edirik ki, Davit Aqmaşenebeli adına məktəbdə aparılan fövqəladə monitorinq, ekspert qrupunun hesabatında qeyd olunan nöqsanlar, icazə şurasının bəzi üzvlərinin kinli münasibəti və məktəbin fəaliyyətinin dayandırılması ilə bağlı yekun qərar, yuxarıda qeyd olunan proseslərin davamını əks etdirir. Qeyd edək ki, şura tələbələrin və məktəb müəllimlərinin hüquqlarını, mənafelərini nəzərə almayıb, tədris prosesini semestrin ortasında yarımçıq dayandırdı. Şura hətta cari tədris semestrinin bitməsini də gözləmədi və dərhal məktəbin icazəsini ləğv etdi", - Lamzira Xundadze bildirib.

Şura öz qərarını on gün ərzində dərc edəcək.

Marneuli Təhsil Resurs Mərkəzinin direktoru vəzifəsini icra edən Xanəli Qəhrəmanovun “Gürcüstan xəbərləri”nə verdiyi məlumata görə, 152 şagird Marneulidə müxtəlif gürcü dilli məktəblərə paylanacaq.

Davit Ağmaşenebeli adına məktəbin rəhbərliyi qərarı şikayəti etməyi planlaşdırır.

Gürcüstanda həm Qara Dəniz Ali Beynəlxalq Universitetini, həm də ümumi təhsil müəssisələrini birləşdirən Çağlar təhsil müəssisələri şəbəkəsi 1994-cü ildən fəaliyyət göstərir.

2016-cı il iyulun 16-da Türkiyənin baş konsulu Yasin Temizkan açıq şəkildə bəyan edib ki, Batumidəki Şahin məktəb-liseyi və digər məktəblər terror təşkilatları ilə əlaqəlidir və buna görə də bu məktəblərin bağlanması üçün Gürcüstan hökumətinə müraciət etmək niyyətindədir.

Türkiyə hakimiyyətinin məlumatına görə, Çağlar təhsil müəssisələri şəbəkəsi Fətullah Gülənlə əlaqəlidir. Gülən Türkiyədə dövlət çevrilişi təşkil etməkdə ittiham olunur.

Həmin il iyulun 18-də Gürcüstanın təhsil naziri Aleksandre Jejelava Gürcüstanın baş nazirinin Türkiyəyə səfəri zamanı Şahin məktəbi ilə bağlı məsələnin ən yüksək səviyyədə müzakirə olunacağını bildirmişdi.

Sentyabr ayında “Beynəlxalq Qara Dəniz Universiteti”, “Dəmirəli Özəl Kolleci” və Dəmirəli Özəl Kollecinin təsis etdiyi məktəblərin rəhbərləri dindirilmək üçün Maliyyə Nazirliyinin istintaq xidmətinə çağırılıb. Eyni zamanda adıçəkilən təhsil müəssisələrində vergi yoxlaması aparılmışdı.

Dekabr ayında Gəlirlər Xidmətinin qərarına əsasən, “Şota Rustaveli Məktəb-Liseyi” MMC-yə 443 303 lari, Dəmirəl Özəl Kollecinə 1 207 449 lari, Nikoloz Tsereteli Beynəlxalq Məktəbinə 120 501 lari məbləğndə pul ödəmək həvalə olunub.

3 fevral 2017-ci il tarixdə - Ümumi Təhsil Müəssisəsinin İcazə Şurasının qərarı ilə “Şahin” MMC adına məktəb-liseyin icazəsi ləğv edilib. 340 şagird və 117 müəllim tədris prosesindən kənarlaşdırılıb.

Fevralın 7-də Gəlirlər Xidmətinin bəyanatı əsasında Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə “Dəmirəl Özəl Kolleci” MMC-nin; Çağlar Təhsil Müəssisəsinin Rustavi şəhəri Şota Rustaveli məktəb-liseyinin; Həmçinin adıçəkilən təhsil müəssisələrinin təsisçilərinin: Yusuf Altaş; Yaşar Şimşək və Cihan Akının əmlakına həbs qoyulub.

 

Həmin gün Qara Dəniz Beynəlxalq Universitetinin 60 %-nin sahibi olan “Control” MMC-nin şərikləri – Rəsul Dikmen və Ayhan Arslanın ilkin olaraq fəaliyyəti Milli Dövlət Reyestr Agentliyi tərəfindən dayandırılıb, daha sonra isə hissələrin ABŞ vətəndaşı Zəfər Susluya satışını qeydə almaqdan imtina edilib.

Fevralın 9-da Tbilisi Beynəlxalq Hava Limanında “Demirel Özəl Kolleci” MMC-nin şərikləri: Almaniya vətəndaşı Cihan Akın və Türkiyə vətəndaşı Yaşar Şimşek heç bir əsas olmadan Gürcüstana buraxılmayıb.

Aprelin 28-də Tbilisi Apellyasiya Məhkəməsi “Qara dəniz Beynəlxalq Universiteti” MMC-nin şikayətini təmin etməkdən imtina edərək, “Qara Dəniz Beynəlxalq Universiteti” MMC-nin səhmlərinə və daşınmaz əmlakına həbs qoymuş, Tbilisi Şəhər Məhkəməsinin tətbiq etdiyi təhlükəsizlik tədbirini qüvvədə saxlamışdır.

Mayın 24-də Dəmirəl Kollecinin müəllimi, keyfiyyətin idarə olunması meneceri Mustafa Emre Çabuk həbs edilib. Prokurorluq izah edib ki, Çabuk Türkiyə hüquq-mühafizə orqanları tərəfindən təqib edilir və Gürcüstan tərəfinin ondan şikayəti yoxdur. Mayın 25-də Tbilisi şəhər məhkəməsi Çabukun ekstradisiyasına dair üç aylıq həbs qətimkan tədbiri seçib. Mayın 30-da Çabukun vəkili Gürcüstanın işğal olunmuş ərazilərindən olan Məcburi Köçkünlər, Köçürülmə və Qaçqınlar Nazirliyinə Çabuk və onun ailəsinə sığınacaq verilməsi üçün müraciət edib, iyunun 7-də isə bundan imtina edilib. Nazir Sozar Subarinin sözlərinə görə, Çabukun ekstradisiya ediləcəyi təqdirdə o, Türkiyədə Avropa səviyyəli həbsxanaya yerləşdiriləcək və işgəncələrə məruz qalmayacaq.

29 avqust 2017-ci ildə Ümumi Təhsil Müəssisələri İcazə Şurasının qərarına əsasən, Dəmirəl Özəl Kolleci icazədən keçə bilməyib. Nəticədə tədris ili başlamazdan əvvəl 450-yə yaxın şagird məktəbi tərk edib, 102 əməkdaş isə işini itirib.

19 fevral 2018-ci ildə, ekstradisiya həbs müddətinin bitməsinə 5 gün qalmış Tbilisi şəhər məhkəməsi Çabuku 1000 lari məbləğində girov müqabilində azadlığa buraxıb. Bir müddət sonra o, Gürcüstanı tərk edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur