“Rioni vadisini xilas etmək naminə” hərəkatının rəhbəri Varlam Qoletiani Kutaisidəki ənənəvi musiqi məktəbindəki işindən azad edilib. Qoletiani 2020-ci ilin sentyabr ayından bu məktəbdə nəğmə tarixi müəllimi kimi çalışırdı.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İşdən çıxarılma əmrində əmək münasibətlərinə xitam verilməsi üçün əsas kimi Kutaisi şəhər mədəniyyət, incəsənət və təhsil müəssisələri birliyinin direktoru Vaja Cuqeli əmək müqaviləsinin müddətinin başa çatmasını göstərir. Məktəbdə qeyd olunan vəzifə ləğv edilməyib və hazırda vakantdır.
Varlam Qoletiani Kutaisi İlahiyyat Akademiyasını və Seminariyasını bitirib. İlahiyyat üzrə bakalavr dərəcəsinə malikdir. O, ənənəvi musiqi məktəbi üçün kurikulum belə hazırlayıb.
“Oxumaq hələ başlamamışdı. Sentyabrın 7-də məni meriyanın binasına çağırdılar, bu qeyri-kommersiya hüquqi şəxsi orada yerləşir. Təşkilatın direktoru Vaja Cuqeli məni qarşıladı. Əvvəlcə təklif etdilər ki, işdən azad olunmaq üçün ərizəni özüm yazım ki, vəziyyət dəyişsə, bəlkə direktiv dəyişsə, məni daha rahat qaytarsınlar.
Soruşdum ki, sizə bu qərarı kim tapşırıb, cavab verdilər ki, bilirsən, nə, niyə və necədir.
Qeyri-rəsmi söhbətdə mənə dedilər ki, bu tapşırığı qubernatorluqdan alıblar. Şəxsən məni azad etmək İmereti qubernatoru Zviad Şalamberidzeyə həvalə olunub. Namoxvani SES-ə qarşı fəaliyyətimə görə işimdən qovuldum. Onların başqa motivi yox idi.
Mənə dedilər ki, aktiv olanda da problem var idi. Ancaq mediya səs-küy salmasın deyə məni buraxmadılar. İndi isə bunu etməyə əlverişli məqam gördülər.
Xidmət rəisinə dedim ki, işdən azad olunmaq üçün ərizə yazmayacam. Ona görə də onlar əmri özləri veriblər”, - deyə Varlam Qoletiani “Mtis Ambeyə” bildirib.
Qoletiani deyir ki, hətta Namoxvani SES-ə qarşı 600 günlük fəal etiraz zamanı belə dərsləri keçirməyə çalışıb: “Pandemiya zamanı distant təhsil olanda, çadırın altında - Jonetidən, Qumatidən dərslər keçirirdim. Əgər distant təhsil olmasaydı, yəqin ki, Namoxvani SES etiraz aksiyasında iştirak etdiyim üçün müəllim kimi fəaliyyətimi davam etdirə bilməzdim. Bir müddət özüm də məktəbi tərk edəcəyəm deyə düşünürdüm, amma bu işi bəyənirəm və əlimdən gələni etməyə çalışırdım ki, işimdən uzaq qalmayım. Həftədə iki dərs keçirməli idim. Bütün bu müddət ərzində yalnız bir neçə dərsi buraxdım. Onlar məni tənbeh etmədilər və başqa tədbir görmədilər”, - Varlam Qoletiani bildirib. Onun aylıq maaşı 470 lari idi.
“Rioni Vadisini Xilas Etmək naminə” hərəkatının lideri hesab edir ki, o, ayrı-seçkilik əsasları ilə işdən çıxarılıb. Qoletiani işi öyrənmək üçün Gürcüstanın Xalq Müdafiəçisinə müraciət etmək niyyətindədir. O, artıq Kutaisi şəhər məhkəməsində iddia qaldırıb və orada işdən çıxarılma əmrinin ləğv edilməsini, işə bərpa olunmasını və məcburi əmək haqqının ödənilməsini istəyib.
Kutaisi meriyasından və İmereti qubernatorluğundan bir neçə mənbə “Mtis Ambebi”yə təsdiqləyib ki, Varlam Qoletiani Zviad Şalamberidzenin göstərişi ilə işdən qovulub.
“Mtis Ambebi” bütün gün ərzində Kutaisi şəhərinin mədəniyyət, incəsənət və təhsil müəssisələri assosiasiyasının direktoru, Kutaisi şəhər meriyasının məsul şəxsləri və İmereti qubernatoru ilə əlaqə saxlamağa çalışsa da, heç bir cavab və izahat ala bilmədi.
“Rioni vadisini xilas etmək naminə” hərəkatı 2020-ci ilin oktyabrında Namoxvani su elektrik kaskadına qarşı nümayişlərə başlayıb.
“Mtis Ambebi”nin ilk reportajına baxın - Rioni Vadisinin gözətçiləri.
Son illərdə ilk dəfə idi ki, minlərlə insan öz-özünə təşkilatlanmış bir qrupun başlatdığı hərəkata qoşuldu və etirazlar 20 ay fasiləsiz davam etdi.
Namoxvani SES kaskadına iki SES daxildir - 100 MVt-lıq “Zemo Namaxvani SES” və quraşdırılmış gücü 324 MVt olan “Kvemo Namoxvani SES”. Tviş kəndi yaxınlığında “Zemo Namoxvani SES” su bəndinin tikintisi nəzərdə tutulur. Su bəndinin hündürlüyü 56 metrdir. SES üçün 1000 hektara yaxın ərazi su altında qalacaq. “Kvemo Namoxvani SES”in əsas strukturu üçün Namoxvani kəndinin üstündə, Rioni çayının dar vadisində hündürlüyü 105 metr olan bəndin tikintisi planlaşdırılır. Burada 500 hektardan çox ərazi su altında qalıb. “Kvemo Namoxvani SES” üçün 4400 metrlik (diametri 9 metr) tunelin tikintisi planlaşdırılır ki, burada Rioni çayının istiqaməti dəyişdiriləcək.
Gürcüstan hökuməti şirkətə Rioni vadisində su elektrik stansiyalarının tikintisi üçün 600 hektardan çox torpaq verib, 300 hektarı mülkiyyətində, qalanı isə 99 il müddətinə icarəyə verilib. Namoxvani SES kaskadının tikintisinə icazə verilməzdən əvvəl vadinin böyük bir hissəsi şirkətə verilib. Hələ bu ərazidə nəhəng su elektrik stansiyası tikmək mümkün olub-olmayacağı ilə bağlı araşdırmalar belə yox idi.
Namoxvani SES kaskadının tikintisinə qarşı davamlı etirazlara “Rioni Vadisini xilas etmək naminə” hərəkatı rəhbərlik edirdi. O, hökumətlə investor arasında bağlanan müqavilənin gözlənilən təhdidləri və son dərəcə ağır şərtləri ilə razılaşmadığını izah edirdi.
“Namoxvani SES”in müqaviləsi üzrə Ədliyyə Nazirliyinin mənfi və məxfi rəyi.
Su elektrik stansiyaları kaskadının tikintisi üçün verilən ekoloji qərarlar və icazələr yerli sakinlər və “Yaşıl Alternativ” tərəfindən məhkəməyə verilib. Tiflis Şəhər Məhkəməsi iki il əvvəl qaldırılan iddiaya hələ də baxmağa başlamayıb.
“Enka Renewables” ötən ilin sentyabrında Gürcüstan hökumətinə Namoxvani SES layihəsini həyata keçirməkdən imtina etdiyini və 2019-cu ildə imzalanmış müqaviləni ləğv etdiyini bildirib.
2022-ci ilin aprelində Gürcüstanın baş naziri İrakli Qaribaşvili demişdi ki, “Namoxvani SES”, “Nenskra SES” və “Xudon SES” dövlətin iştirakı ilə tikilməlidir.