Ukrayna şəhərlərinin, o cümlədən paytaxt Kiyevin bombalanması Krım körpüsündə baş verən partlayışa cavab idi. Bu barədə Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Putinin sözlərinə görə, əgər Ukrayna hakimiyyəti Rusiya Federasiyası ərazisində “terror aktları” törətməyə cəhd edərsə, cavab sərt olacaq.
“Dünən Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin mənə Krım körpüsündə törədilən təxribatla bağlı təhqiqatın ilkin nəticələri barədə məlumat verdi. Məhkəmə və digər məhkəmə-tibbi ekspertiza məlumatları, eləcə də əməliyyat kəşfiyyatı göstərir ki, oktyabrın 8-də baş verən partlayışlar Rusiyanın mülki, kritik infrastrukturunu məhv etmək məqsədi daşıyan terror aktıdır. Aydın məsələdir ki, terror aktının sifarişçiləri, təşkilatçıları və icraçıları Ukrayna xüsusi xidmət orqanlarıdır.
Kiyev rejimi öz hərəkətləri ilə faktiki olaraq özünü beynəlxalq terrorçu birləşmələrin, ən iyrənc qrupların yanında yerləşdirib. Bu cür cinayəti cavabsız qoymaq sadəcə olaraq mümkün deyil.
Bu gün səhər saatlarında Müdafiə Nazirliyinin təklifi və Rusiya Baş Qərargahının planına əsasən, Ukraynanın enerji, hərbi komandanlıq və rabitə obyektlərinə yüksək dəqiqlikli uzaq mənzilli silahlarla hava, dəniz və quru bazalarına kütləvi zərbə endirilib.
Ərazimizdə terror aktları törətmək cəhdlərinin davam edəcəyi təqdirdə, Rusiya tərəfinin cavabı sərt və öz miqyasında Rusiya Federasiyası üçün yaranan təhlükəyə uyğun olacaq. Buna heç kim şübhə etməməlidir”, - Putin bildirib.
Ukraynanın demək olar ki, bütün ərazisi həyəcan içindədir. Rusiya hərbi qüvvələri Kiyev, Lvov, Zaporojye, Dnepropetrovsk, Nikolayev, Jitomir, Xmelnitski, Krivoy Roq və Xarkovu bombaladı. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnın sözlərinə görə, “terrorçu dövlət, Rusiya Federasiyası” pilotsuz uçuş aparatlarından istifadə etməklə Ukrayna ərazisinə kütləvi raket və hava zərbələri endirir. Zalujnın sözlərinə görə, Rusiya səhər saatlarında 75 raket atıb, onlardan 41-i Ukraynanın hava müdafiəsi tərəfindən zərərsizləşdirilib. Ukrayna prezidenti Volodimir Zelenki Kiyev küçələrində lentə alınan videoda Rusiya İranın “Şahed” pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini qeyd edib. Zelenskinin sözlərinə görə, Rusiyanın iki hədəfi var: ölkə daxilində enerji obyektləri və insanlar.
Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, bu gün səhər saatlarında Kiyevə hücum zamanı, ilkin məlumata görə, 5 mülki şəxs həlak olub, 12 nəfər isə yaralanıb.
Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, Rusiya oktyabrın əvvəlindən Ukraynanın paytaxtına və infrastruktur obyektlərinə hücumlar həyata keçirməyi planlaşdırırdı. Xüsusilə, kəşfiyyat məlumatlarına görə, Rusiya işğalçı qüvvələri oktyabrın 2-də və 3-də Kremldən mülki infrastruktur obyektlərinə kütləvi raket hücumlarına hazırlaşmaq əmri alıblar. “Kritik mülki infrastruktur obyektləri və əhalinin sıx məskunlaşdığı Ukrayna şəhərlərinin mərkəzi əraziləri hədəflər kimi müəyyən edilib. Oktyabrın 8-də “X-101” qanadlı raketləri ilə təchiz olunmuş üç “TU-160” strateji bombardmançı təyyarəsi “Engels” aerodromundan “Oleniya” aerodromuna köçürülüb. Sevastopolun xarici reydinə 6 qanadlı raket daşıyıcısı 40 “Kalibr” raketi ilə yerləşdirilib”.
Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, “terrorçu dövlət”in əsas məqsədi istilik elektrik stansiyalarını dağıtmaq, ukraynalılar arasında panika yaratmaq və Avropa ictimaiyyətini qorxutmaq olub.