Tbilisidə Vake parkının ətrafındakı yeni bərpa olunan fəvvarədə üç nəfər 13 yaşlı uşağı elektrik cərəyanı vurub. Bir uşaq ölüb, digərinin səhhəti ağırdır. O, süni tənəffüs aparatındadır. Həkimlər üçüncünün vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər. Dünən, oktyabrın 12-də şəhər meri Kaxa Kaladze və Şəhər Şurasının sədri Giorgi Tkemaladze fəvvarə ilə tanış olublar və cəmiyyəti “son onilliklərin ən böyük layihələrindən birinin uğurla başa çatması münasibətilə” təbrik ediblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hadisə şahidlərinin sözlərinə görə, uşaqların topu fəvvarəyə düşüb və onu almaq üçün suya giriblər.
“Mən aşağı düşəndə birdən qışqırıq səsi eşitdim. Uşaqlar suyun içində uzanmışdılar, bunu gördüm. Kömək edin deyə qışqırıdılar. Bir kişi onları çıxarmaq üçün suya atlandı. O, atlamasaydı, mən edəcəkdim bunu. Uşaqlar qışqırdığına görə mən nə baş verdiyini anlaya bilmədim. Biri çıxarıldı, sonra digəri. Üçüncünün orada olub-olmadığını bilmirdik. Uşaqlar bağırırdılar ki, üçüncüsü də var. Bu adam üçüncünü çıxara bilmədi. Hər dəfə suya girəndə cərəyyan vururdu. Fəvvarələri söndürəndən sonra üçüncü uşağı da çıxardılar. Qız artıq qaralmışdı”, - “Formula” televiziyasının efirində hadisə şahidi deyib.
Hadisə saat 12:00 radələrində baş verib. Təcili tibbi yardım qrupları yaralıları Simon Xeçinaşvili Universitetinin Klinikasına çatdırıblar. Doktor İrakli Pirtsxalayşvilinin sözlərinə görə, xəstəxanaya daxil olan zaman qızın ürəyi artıq dayanmışdı – “reanimasiya tədbirləri səmərəsiz idi, bioloji ölüm qeydə alınıb”.
Həkimlər ikinci zərərçəkənin vəziyyətini stabilləşdirə biliblər, bundan sonra o, “New Hospitals” Uşaq Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Mərkəzin rəhbəri Davit Tsabadze deyir ki, oğlanın vəziyyəti stabildir, lakin ən azı 72 saat ərzində fəsadlar gözlənilir.
“Hazırda həyati funksiyalar normal həddədir. Müxtəlif istiqamətlərdə araşdırmalar aparılır və ümid edirik ki, hər şey yaxşı olacaq, lakin müəyyən fəsadlar var və biz bu fəsadlarla mübarizə aparmağa hazırıq. Uşaq süni tənəffüs aparatındadır. Ondan əvvəl baş verənləri sizə deyə bilmərəm. Bizdə quru məlumat var - Onu elektrik cərəyanı vurub, şoka salıb, Xeçinaşvili xəstəxanasına gətiriblər, intubasiya ediblər, ağciyərin süni ventilyasiyasına keçiriblər, sonra da bizə keçiriblər”, - deyə həkim jurnalistlərə bildirib.
Uşaqlar Tbilisidəki 55 saylı dövlət məktəbində oxuyurdular. Təhsil və elm nazirinin birinci müavini Tamar Maxaraşvili “New Hospitals”a gələrək onların bu gün dərsdə olmadıqlarını, bu barədə sinif rəhbərinin valideynlərə məlumat verdiyini deyib.
“Böyük faciə baş verdi və biz Marita Meparişvilinin ailəsinə başsağlığı veririk. Baş verən faciəni ifadə etmək üçün bütün sözlər acizdir. 55 saylı ictimai məktəbdə bu uşaqlar səhərdən dərsə gəlməmişdilər. Əsasnaməyə uyğun olaraq, sinif rəhbəri uşaqların dərsə gəlməməsi və dərs prosesində iştirak etməməsi barədə valideynlərə məlumat verib.
Sinif rəhbəri uşaq dərsə gəlmədikdə məktəbin üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. “Ümümi çat” vasitəsilə valideynləri xəbərdar edib. Uşaqların dərsə gəlməməsi ilə bağlı valideynlər məlumatlandırılmışdı", - nazir müavini bildirib.
“Çox ağır bir hadisədir. Hamımız dəhşətli vəziyyətdəyik. İstintaq başlayıb, bütün aidiyyatı qurumlar cəlb olunub və təbii ki, hər kəs qanun çərçivəsində müvafiq cəzasını alacaq. İşlər - mərkəzi podratçı “Qrinservis” idi, subpodratçıları tanımıram. Aydındır ki, yoxlanılıb. Layihə çoxdan başa çatıb. Sadəcə biz dünən gəldik. Çox çətindir. Dəhşətdəyik. Bu, hər kəsin çox böyük məsuliyyətidir və təbii ki, hər kəsə müvafiq cavab veriləcək”, - Tbilisi meri Kaxa Kaladze Xeçinaşvili klinikasını tərk etdikdən sonra bildirib.
Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin elektrik qurğusunda təhlükəsizlik qaydalarını pozma, insan tələfatı ilə nəticələnən 240-cı maddəsinin birinci və ikinci hissələri ilə araşdırmalara başlanılıb. Cinayət 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Tbilisi meriyasının ətraf mühitin mühafizəsi xidmətinin rəhbəri Qiqa Qiqaşvilinin sözlərinə görə, Vake parkının dairəvi fəvvarəsi istismara verilməzdən əvvəl yoxlanılıb və ona görə də təhlükəsiz olub: “Fəvvarə tamamlanaraq yoxlanılıb. Ekspertiza rəyi əsasında qəbul olundu. Ekspertiza akkreditə olunmuş ekspertiza bürosu tərəfindən aparılıb. O, sınaqdan keçirildi və müayinə edildi. Buna görə də nə baş verdiyini istintaq müəyyən edəcək. Buna nəyin səbəb olduğunu heç kim bilmir. Ekspertiza aparılacaq və müəyyən olunacaq. Səhər fəvvarə təmizlənib, heç bir problem yox idi. Heç bir nasazlıq aşkar olunmayıb, test rejimində bir neçə dəfə işə salınıb və əməkdaşlarımız hər gün bu fontanı həm yandırıb, həm də söndürüb təmizləyirlər, indiyədək heç bir problem olmayıb”.
Vəki parkında kiçik şəlalə və dairəvi fəvvarənin bərpası işlərinin dəyəri 13 milyon laridir. Ümumilikdə, abadlıq və infrastruktur işləri də daxil olmaqla, Vake Parkının abadlaşdırılması layihəsi 33 milyon lari təşkil edir.
Kaladze sakrebulonun sədri və Vake rayonunun majoritar deputatı Giorgi Tkemaladze ilə birlikdə tamamlanmış işlərə baxıb.
“Vake parkının bərpası layihəsinə ötən il başlamışıq. Biz istəyirik ki, şəhərimiz üçün ən vacib yerlərdən biri olan bu istirahət məkanı tamamilə mütəşəkkil olsun. İşlərin birinci mərhələsində abadlıq işləri aparılıb, istirahət yerləri, uşaq attraksionları təşkil olunub. Parka yeni zonalar əlavə edildi, onlar da təşkil edildi. Aparılan işlərin ikinci mərhələsi kiçik şəlalənin və dairəvi fəvvarənin bərpası ilə yekunlaşıb və gözəlləşib. Paytaxtın meri və bu şəhərin sakini kimi mən çox şadam ki, Vake parkı yenidən gözəlliyini bərpa edir, canlanır. Əminəm ki, işlər tam başa çatdıqdan və əsas şəlalə bərpa edildikdən sonra bura toplaşmaq və dincəlmək üçün ən yaxşı yerlərdən biri olacaq. Bundan əlavə, bir çox insanlar bu məkandan istifadə etdiyinə görə, biz uşaqlar üçün xüsusi sahə əlavə etmək qərarına gəldik, burada əlavə yeni attraksionlar təşkil olunacaq”, - deyə Kaxa Kaladze bildirib.
Kaladzenin dünən Vake parkındakı fəaliyyətini əks etdirən fotolar Tbilisi meriyasının Facebook səhifəsindən uşaq fəvvarədə öləndən sonra silinib.
“Qrinservis”
Vəki parkında fəvvarənin bərpası işləri meriyanın sifarişi ilə “Qrinservis+” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin sahibləri Laşa Purtsvanidze (Köhnə Tbilisi rayonunun keçmiş qubernatoru), Koba Xarşiladze (qubernatorun keçmiş müavini) və Tariel Kiknadzedir. Purtsvanidze və Xarşiladze 2013-cü ildə həbs edilib.
“İstintaqın versiyasına görə, Furtsvanidze öz müavini ilə birlikdə 2007-ci ildə tanışlarının adına qondarma “Qrinservis” MMC yaradıb. Yarandığı gündən onun əsl sahibləri və idarəçiləri özləri idi. “Qrinservis” MMC-nin yaradılmasında əsas məqsəd bu şirkətin Köhnə Tbilisi bələdiyyəsinin elan etdiyi yaşıllaşdırma işləri tenderlərində iştirak etməsi və qalib gəlməsi idi, köhnə Tbilisi qubernatoru Laşa Purtsvanidze və onun müavini isə tender komissiyasının üzvləri idi. Onlar şirkətin əvvəlcədən aldıqları ağac və bitkilərin miqdarı və növü üçün tərtib etdikləri xərclər smetasına əsasən tender elan ediblər. Müvafiq olaraq, Laşa Purtsvanidze və Koba Xarşiladzenin Köhnə Tbilisi İdarə Heyətində işlədikləri müddətdə “Qrinservis” MMC idarə heyətinin elan etdiyi abadlıq işlərinə dair beş dövlət satınalmasında qalib gəlib.
2010-cu il noyabrın 16-da “Qrinservis” şirkətinin həqiqi sahibləri Laşa Purtsvanidze və Koba Xarşiladze dövlət məmuru olmadıqdan sonra müəssisənin qondarma təsisçilərini dəyişərək müəssisənin 100%-lik payını bərabər bölüblər. 2013-cü ilə qədər “Qrinservis” 8 milyon lariyə qədər olan elektron tenderlərin, o cümlədən 407 000 lari birbaşa alış-verişdən əldə edib.
İttihamlar irəli sürüldükdən bir il sonra Purtsvanidze günahını boynuna alıb və cərimə müqabilində azadlığa buraxılıb, Xarşiladze isə 2 il həbs və cərimə ödəməyə məhkum edilib.
2010-cu ildə Purtsvanidze və Xarşiladze başqa bir şirkət “Qrinservis+” MMC təsis etdilər. Bu şirkət 2013-cü ilin yanvar ayından dövlət satınalmalarında iştirak edir. Furtsvanidze və Xarşiladze şirkətin 33-33%-nə sahibdirlər.
Sənədlərə əsasən, “Mşenekspert” Vəki parkının dairəvi fəvvarəsinin abadlaşdırılması işlərinin normalara uyğunluğunu yoxlayıb. Yoxlama aktına görə, normalar pozulmayıb. Şirkətin səhmlərinin 40%-i Malxaz Tsikarişviliyə, 30%-i isə Yuri Melaşvili və Nuqzar Kitiaşviliyə məxsusdur. Şirkətin direktoru Nuqzar Kitiaşvilidir. “Mşenexpert” İctimai hüquqa uyğun hüquqi şəxs “Vahid Milli Akkreditasiya Orqanı - Akkreditasiya Mərkəzi” tərəfindən akkreditə olunub.