Amerikalı politoloq və yazıçı Frensis Fukuyama Gürcüstanda baş verən hadisələrə münasibət bildirib. O, yazır ki, “Gürcü Arzusu” Kremlin maraqlarına xidmət edir və ölkədə demokratiya qaçılmaz təhlükə ilə üz-üzədir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Fukuyamanın yazısı mayın 11-də “American Purpose” tərəfindən dərc olunub:
“Gürcüstanda demokratiya qaçılmaz təhlükə ilə üz-üzədir, Amerika Birləşmiş Ştatları və Avropa onu xilas etmək üçün tez hərəkət etməlidir. ABŞ Ukraynaya yardımı kəsdi Rusiyaya son bir neçə ayda əhəmiyyətli hərbi uğurlar əldə etməyə imkan verdi. Bu görünən impuls Moskvanın periferik əyalətlərində, o cümlədən Gürcüstan, Qazaxıstan və Monqolustanda dəhşətli dərəcədə dağıdıcı təsir göstərdi.
Əvvəllər Rusiya ilə müəyyən məsafə saxlamağa çalışan hökumətlər Moskvayönümlü simpatiyalarını daha açıq şəkildə ifadə etməyə cəsarət etdilər. Buna misallardan biri də Gürcüstandır.
Son onilliyin böyük bir hissəsində Gürcüstanın “Gürcü Arzusu” partiyası rəhbərlik edir. Sözügedən partiyanı ölkənin yeganə oliqarxı, var-dövlətini Rusiyada qazanan və hələ də Kreml rəhbərliyinə yaxınlığını qoruyub saxlayan Bidzina İvanişvili yaradıb. İvanişvili qısa müddət ərzində baş nazir postunu tutdu, lakin rəsmi kabinetdən imtina edərək, pərdəarxası fəaliyyət göstərməklə daha effektiv təsir göstərə biləcəyini gördü. Onun maliyyələşdirdiyi partiya Gürcüstanın Aİ-yə üzvlüyünə təkan verdiyini iddia etsə də, əslində Kremlin maraqlarına xidmət edir. O, Ukraynadakı genişmiqyaslı müharibəyə qarşı Avropanın sanksiya rejimlərinə qoşulmadı və sanksiyalardan yayınmaq üçün əsas kanal oldu.
Keçən il mən ölkədə olarkən, Qafqaz dağlarında, Rusiya sərhəddində Kazbeq şəhərinə gedərkən, Aİ ölkələri tərəfindən sanksiya tətbiq olunan mallarla Rusiyaya gedən, əsasən Ermənistandan gələn yük maşınlarının sonsuz sırası var idi. Bu, Gürcüstan əhalisinin çox böyük bir hissəsinin avropapərəst olaraq qalmasına və Rusiyanın Ukraynaya hücumunu kəskin tənqid etməsinə baxmayaraq baş verir.
Son üç həftədə vəziyyət birdən-birə pisləşdi. “Gürcü Arzusu” hökuməti ilk dəfə ötən il təqdim edilən və qərbyönlü gürcülərin qeyri-hökumət təşkilatları haqqında rus qanun layihəsi adlandırdıqları qanun layihəsini yenidən gündəmə gətirib. Qanun layihəsi xaricdən pul alan bütün qeyri-hökumət təşkilatlarını gəlir mənbələrini bəyan etməyə məcbur edir. Rusiya da öz qeyri-hökumət sektorunu və müxalifət partiyalarını bağlamaq üçün eyni qanunvericilikdən istifadə edib. Qanun layihəsinin keçən il təqdim edilməsi hökumətin nəhayət onu ləğv etməsindən əvvəl həftələrlə davam edən kütləvi nümayişlərə səbəb oldu.
Bu il daha böyük etiraz var ki, bu da hökumətin qanun layihəsinin ilk iki oxunuşundan keçməsinə mane olmadı. Üçüncü oxunuş gələn həftəyə təyin edilib və o, bitdikdən sonra ölkədəki hər bir demokratiya tərəfdarı qrupa qarşı ov mövsümü başlayacaq.
Gürcü dostlarımız bizə deyirlər ki, hakimiyyət hələ qanun nəhayət qəbul olunmamışdan əvvəl qərbyönümlü qruplara təzyiqi sürətlə artırıb. Bu dəfə etirazçılar hökumətyönlü dəstələr tərəfindən döyülür, tanınmış simalar hədəfə alınır, fəallar getdikcə daha çox “qara siyahı”ya salınır. Hökumət Qərbin mənfi rəylərindən açıq şəkildə qorxmur. Əgər bütün bunlar Gürcüstanın Avropa İttifaqındaki namizəd statusunu təhlükə altına qoyursa, onların nöqteyi-nəzərindən, daha yaxşıdır.
Bizim gürcü dostlarımız razılaşır və ümid edirlər ki, Qərbin cavabı rus qanununun lehinə səs verən “Gürcü Arzusu” deputatlarına qarşı məqsədyönlü sanksiyalar olmalıdır. Həmçinin, Gürcüstan hökumətinin tanınmış məmurlarına. İlk illərdə Gürcüstana Avropa İttifaqına vizasız gediş-gəliş imkanı verildi və bir çox elit gürcülər hələ də orada sərbəst səyahət etmək imkanından istifadə edirlər. Onları viza üçün müraciət etməyə məcbur etmək onların üzərinə real xərclər qoyardı. İndiki mərhələdə vizasız statusun dayandırılması və tamamilə hamının, o cümlədən qərbyönlü vətəndaşların cəzalandırılması kimi əhatəli sanksiyalar arzuolunan deyil.
Amerika Birləşmiş Ştatları və Avropa bununla üzləşməlidir ki, Vaşinqtonun zəif kimi qəbul edilməsi təkcə Ukraynada deyil, bütün dünyada antidemokratik aktorları gücləndirib.
Bizim diqqətimiz porno ulduzlara [ABŞ-ın keçmiş prezidenti Donald Trampla bağlı qalmaqalı nəzərdə tutur – red.] və ölkə daxilindəki mübahisələrə yönəlib, lakin yadda saxlamalıyıq ki, bütün dünyada demokrat dostlarımızın dəstəyimizə və köməyimizə ehtiyacı var”.
3 aprel 2024-cü ildə Gürcüstanın hakim partiyası bir il əvvəl minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları nəticəsində geri götürdüyü "xarici agentlər" haqqında rus qanununu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq, təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq fondların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. 150-dən çox qeyri-hökumət təşkilatı və media heç bir halda “ləyaqət alçaldıcı reyestrdə” qeydiyyatdan keçməyəcəkləri ilə bağlı bəyanat yayıb.