Acara TV-nin direktoru vəzifəsinə seçim müsabiqəsi baş tutmayıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

İctimai Yayımçının Acarıstan Televiziya və Radiosunun direktoru vəzifəsinə elan edilmiş müsabiqə baş tutmayıb. İlkin olaraq müsabiqədə hazırkı direktor Giorgi Koxreidze də daxil olmaqla beş namizəd iştirak edib. Koxreidze müsabiqədə iştirak etməkdən imtina edib.

“Səhhətim pisləşdiyinə görə müsahibəyə gəlib təqdimatı təqdim edə bilmirəm. Təqdimatsız isə səsvermədə iştirak etməyim müəyyən narahatlıq yaradır həm məşvərət şurasının üzvlərinə, həm də digər müsabiqə iştirakçılarına. Beləliklə, teleşirkətin direktorunun seçilməsi üçün keçirilən müsabiqədə namizədliyimi geri götürürəm”, Koxreidze sentyabrın 30-da açıqlamasında yazır.

Məşvərət şurasının üzvü, “Gürcü arzusu”nun kvotası ilə seçilən Tamila Dolidze yalnız Giorgi Koxreidzeni dəstəkləyəcəyini bildirib.

“İki gün ərzində müsahibə apardığımız namizədlər arasında aydın lider görmədim. Mən əməkdaşlarımızın əhval-ruhiyyəsini bilirəm və təbii ki, bu, şəxsən mənim verəcəyim qərarda da öz əksini tapmalıdır. Mən yalnız bir səs verə bilərəm. Sonradan başqa danışıqlara yol verilməsin deyə, mən heç bir namizədə səs verməyəcəyəm və bunu hamının açıq şəkildə bilməsini istəyirəm”, - Dolidze bildirib. “Gürcü arzusu”nun məşvərət şurasının kvota ilə seçilən ikinci üzvü Soso Sturua da onunla razılaşıb.

Digər namizədlər - Akaki Beridze, Davit Çxartişvili, İrakli Qiorqadze və Natia Tavdqiridze Məşvərət Şurasının üzvlərinin əksəriyyətinin dəstəyini almayıb.

Məşvərət şurası 5 üzvdən ibarətdir və direktor seçmək üçün ən azı 3 səs tələb olunur.

Məşvərət şurasının oktyabrın 5-də keçirilməsi nəzərdə tutulan növbəti iclasında müsabiqənin yenidən elan olunmasını müzakirə edəcəklər.

Gürcüstanın “Yayım haqqında” Qanununa əsasən, İctimai Yayımçının Acarıstan Televiziya və Radiosunun direktoru vəzifəyə Məşvərət Şurası tərəfindən açıq müsabiqə əsasında, 3 il müddətinə təyin edilir.

Məşvərət şurasının Natia Kapanadzeyə etimad göstərməməsi və onun səlahiyyətlərini təyin olunan müddətdən əvvəl dayandırmasından sonra Giorgi Koxreidze 2019-cu ilin noyabr ayından Acara TV-yə rəhbərlik edirdi. Kapanadzenin rəhbərliyi dövründə Acarıstan Televiziyası müstəsna olaraq müstəqil redaksiya siyasətinə malik idi və hökumətin fəaliyyətini tənqidi şəkildə işıqlandırırdı.

Kapanadze işdən azad olunandan sonra məhkəməyə müraciət edib. O, məşvərət şurasının qərarının ləğv edilməsini, müvəqqəti əmək haqqının ödənilməsini və işə bərpa olunmasını istəyib. Batumi Şəhər Məhkəməsinin hakimi Cumber Bejanidze iddianın verilməsindən təxminən 2 il sonra Kapanadzenin işinə baxmağa başlayıb və üç ildən sonra qərarı açıqlayıb. Birinci instansiya məhkəməsi Natia Kapanadzenin tələblərini təmin etməyib. Kutaisi Apellyasiya Məhkəməsində mübahisə davam edir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur