Moldovada vəziyyətin sabitliyinin pozulması ilə əlaqədar Avropa İttifaqı rusiyayönümlü “Şor” partiyasının lideri və oliqarx İlan Şor, həmin partiyadan olan deputat Marina Tauber, oliqarx Vladimir Plaxotnyuk və rusiyalı iş adamı İqor Çayka da daxil olmaqla 5 nəfərə sanksiya tətbiq edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Avropa İttifaqı Şurasının dərc etdiyi sənəddə bildirilir ki, İlan Şorun Moldovada demokratiyanı devirməyə yönəlmiş fəaliyyətinə Kreml yönümlü siyasi fəaliyyətlərin qeyri-qanuni maliyyələşdirilməsini əhatə edir. Belə maliyyədən istifadəyə misal olaraq 2022 və 2023-cü illərdə Moldovanın paytaxtı Kişinyovda zorakı etiraz və mitinqlərin təşkilini göstərmək olar.
Vladimir Plaxotnyuk “Demokratik Partiya”nın keçmiş rəhbəri, Moldova parlamentinin keçmiş deputatı və ölkənin ən zəngin iş adamlarından biridir. Moldovada ona qarşı dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı bir neçə cinayət işi qaldırılıb. Plaxotnyuk da İlan Şor kimi ABŞ tərəfindən sanksiyaya məruz qalıb.
Avropa İttifaqı hesab edir ki, rusiyalı biznesmen İqor Çayka Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Moldovada sabitliyi pozmağa yönəlmiş layihələrini dəstəkləmək üçün pul xərcləyir.
“O, Rusiyanın “pul kisəsi” rolunu oynayırdı, Moldova Respublikasındakı FSB-yə ölkəni Kremlin nəzarəti altına almaq üçün pul göndərirdi. İqor Çayka Moldovanın suverenliyinə və müstəqilliyinə, eləcə də Respublikada demokratiyaya, qanunun aliliyinə, sabitliyə və təhlükəsizliyə xələl gətirən və ona təhlükə törədən hərəkətləri dəstəkləməsi üçün məsuliyyət daşıyır”, - Avropa İttifaqı Şurasının qəbul etdiyi sənəddə deyilir.
Mayın 26-da Aİ-yə üzv ölkələr sabitliyin pozulması ilə əlaqədar Moldovada sanksiyaların tətbiqini dəstəkləyib. Məhdudlaşdırıcı tədbirlərə Aİ-dəki aktivlərin dondurulması, Aİ vətəndaşları və şirkətləri tərəfindən sanksiya tətbiq edilən şəxslərə maliyyələşdirmə və Aİ ərazisinə girişinin qadağan edilməsi daxildir.
“Moldova Rusiyanın Ukraynaya qanunsuz hücumundan ən çox zərər çəkən ölkələrdən biridir. Ölkədə sabitliyi pozmaq üçün ciddi, artan və davam edən cəhdlər var”, - Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel bildirib.
Onun sözlərinə görə, qəbul olunan sanksiyalar Moldovaya Avropa İttifaqının dəstəyi ilə bağlı mühüm siqnaldır.
“Aİ-nin mövqeyi qəti olaraq qalır: biz yaxın qonşuluğumuzda sabitliyi pozanlara zərbələr endirməyə davam edəcəyik”, - Borrell deyib.
Moldova prezidenti Maya Sandu fevral ayında bildirmişdi ki, Rusiya hakimiyyətinin Kişinyovda hökuməti “qondarma müxalifət etirazları kimi maskalanan zorakı hərəkətlərlə” dəyişmək planı var. Moskva bu ittihamı rədd edib.
2022-ci ilin iyununda Moldova Ukrayna ilə birlikdə Aİ üzvlüyünə namizəd ölkə statusu alıb.