ATƏT -in Parlament Assambleyasının bəyannaməsində Gürcüstan hökuməti rus qanununa görə tənqid olunur

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

İyunun 3-də ATƏT-in Parlament Assambleyası Gürcüstan hökumətinin “Rus tipli Xarici Agentlər haqqında” qanunu, eləcə də, faktiki olaraq demokratiyaya, vətəndaş cəmiyyəti və mediaya zərəbə vuran, hökumətin məsuliyyətini – gürcü xalqının aydın iradəsinə hörmət etmək, konstitusiyanı qorumaq, Helsinki Yekun Aktının öhdəliklərini və ATƏT-in digər öhdəliklərini yerinə yetirmək məsuliyyətini qəsdən rədd edən” qanunları qəbul etməsindən “dərin narahatlığını” ifadə edən Buxarest Bəyannaməsini qəbul edib. “Gürcü Arzusu” partiyasının nümayəndələri bəyannaməni dəstəkləməyiblər.

“Biz hazırkı Gürcüstan hökuməti tərəfindən antidemokratik qanunlar və siyasətlər işə salmaqla, Gürcüstanın kövrək demokratiyasını sarsıtmaq və gürcü xalqının Avro-Atlantik seçiminə xələl gətirmək üçün Kremlin dəstəklədiyi və ardıcıl səyləri ilə əlaqəli, nəinki, təkcə Gürcüstanda, o cümlədən digər ölkələrdə də, insan hüquqlarına zərbə vuran və sərbəst toplaşmaq,ifadə azadlığı kimi fundamental azadlıqları qeyri-mütənasib şəkildə məhdudlaşdıran xarici təsirin şəffaflığı haqqında rus tipli qanunun qəbulundan ciddi narahatlığımızı ifadə edirik”, - bəyanatda deyilir.

ATƏT-in Parlament Assambleyasının bəyanatında deyilir ki, vətəndaş cəmiyyətinə, müstəqil mediaya, fəallara və etirazçılara qarşı hücumlar “Rusiyanın genişlənmiş hibrid əməliyyatının bütün əlamətlərini” daşıyır. Bəyannamə Gürcüstan hakimiyyətini bu hücumları dayandırmağa və ölkədə qütbləşməni azaltmaq üçün Gürcüstan vətəndaş cəmiyyəti ilə yaxınlaşmağa çağırır.

Bəyannamədə ATƏT, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və ATƏT-in Parlament Assambleyasını 2024-cü ilin oktyabrında keçiriləcək parlament seçkiləri üçün güclü müşahidə missiyası yaratmaq, seçki günündən əvvəl yarana biləcək və səsvermənin demokratik prosesini poza biləcək potensial pozuntuların və ya anti-demokratik tendensiyaların aşkar edilməsinə xüsusi diqqət yetirməklə, birgə işləməyə çağırır. 

Bəyannamə bir neçə günlük müzakirələrdən sonra qəbul edilib. “Gürcü Arzusu”nun deputatı, Parlamentin Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Boçorişvili Parlament Assambleyasının üzvlərinə müraciət edərək bildirib ki, Gürcüstandan söhbət gedəndə “yanlış təsəvvürlərə” əsaslanaraq rəy formalaşdırmağa tələsməsinlər.

“Rəqəmlərə baxın, faktlar axtarın və lazımsız spekulyasiyalardan çox faktlardan daha çox cavab alacaqsınız”. ...Gürcüstanın Avropa kursu ilə bağlı davamlı spekulyasiyalar və bu mövzudan siyasi alət kimi istifadə etmək yalnız Gürcüstanın Avropa İttifaqına doğru irəliləməsinə mane olacaq və düşmənimizə sərf edəcək”, - deyə Boçorişvili bildirib və tez-tez Gürcüstan xalqının və hökumətin iradəsinin bir-birindən ayrı olduğunu nümayiş etdirmək cəhdlərinin olmasından narahatlığını bildirib. 

Qeyd edək ki, bəyannamədə işğal məsələlərinə də toxunulur. Sənəddə xüsusilə Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş regionlarında - Abxaziya və Tsxinvali/Cənubi Osetiyada orada yaşayan əhalinin əsas azadlıqlarının və insan hüquqlarının pozulması, etnik gürcülərə qarşı ayrı-seçkilik formalarıının tətbiqi, eləcə də hər iki regionda Gürcüstanın mədəni irs abidələrindən gürcü əlamətlərinin silinməsi və dəyişdirilməsi nəticəsində humanitar və insan haqları vəziyyətinin pisləşməsi qınanılır ki, bəyannaməyə əsasən, bu Rusiyanın davam edən işğalının və “ruslaşdırma” siyasətinin birbaşa nəticəsidir.

Bəyannamədə həmçinin Gürcüstanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşaraq Rusiya Federasiyası ilə Gürcüstan arasında münaqişənin sülh yolu ilə həlli üçün xüsusilə Cenevrədə keçirilən beynəlxalq danışıqlar çərçivəsində fəal əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanır.

Bəyannamədə Aİ-nin vasitəçiliyi ilə 2008-ci il 12 avqust tarixli atəşkəs razılaşmasına uyğun olaraq Rusiya silahlı qüvvələrinin işğal olunmuş rayonlardan dərhal və qeyd-şərtsiz çıxarılması çağırışı bir daha vurğulanır.

“Gürcü Arzusu” dünən bəyanat yayaraq Buxarest bəyannaməsini dəstəkləməyəcəklərin bildirmişdi. Buna səbəb sənədin üzərində işlənən variantında “Gürcü Arzusu”na görə Rusiyanın Rusiya-Gürcüstan münaqişəsinin tərəfi kimi təqdim edilməməsi olub. Yekun mətndə problemli qeydin olmamasına baxmayaraq, “Gürcü Arzusu”nun üzvləri bəyannaməni dəstəkləməyiblər. Onlar üçün daha iki məsələ qəbuledilməz olub.

“Biri seçkilərlə bağlıdır və nəzərə alsaq ki, ATƏT-ə üzv olan 57 ölkə var ki, onlardan bu il bir çox ölkədə seçki keçirilib, səkkizinin keçirilməsi hələ gözlənilmir, Gürcüstan istisna olmaqla, başqa seçkilər qeyd olunmayıb. Buna uyğun olaraq, biz başqa seçkilər keçirilərkən Gürcüstanın ayrıca qeyd olunmasına qarşıyıq. Bu, balanslaşdırılmış yanaşma deyil və bu, bizim narazılığımızı müəyyən edən məsələlərdən biri idi”, - “Gürcü Arzusu”nun üzvü Nikoloz Samxaradze bildirib. O, ATƏT-in Parlament Assambleyasında Gürcüstan nümayəndə heyətinin rəhbəridir.

İkinci məsələ Gürcüstandakı qütbləşmə ilə bağlı olub. Samxaradzenin dediyi kimi, “Yalnız Gürcüstandakı qütbləşmədən danışıb, ABŞ, Almaniya, Hollandiya və ya ATƏT-in digər üzv ölkələrində eyni siyasi qütbləşmədən danışmadıqda bu qəbuledilməzdir”.

“Burada da bizim mövqeyimiz ondan ibarət idi ki, konkret bir ölkəni qeyd etmək olmaz və əgər problem varsa, bu, təkcə Gürcüstanın deyil, bütün Avropanın və Qərb cəmiyyətinin problemidir. Belə olan halda ölkəmizin ayrıca qeyd olunması məqsədli şəkildə nüfuzdan salmağa xidmət edərdi. Məhz bu səbəblərə görə biz yekun bəyannaməyə səs vermədik”, - Nikoloz Samxaradze bildirib.

“Vahid Milli Hərəkat” partiyasının sədri Tina Bokuçavanın sözlərinə görə, “Gürcü Arzusu” Bəyannaməni dəstəkləməyib, çünki “söhbət rus qanunundan, İvanişvilinin antidemokratik və anti-Avropa addımlarından gedir”.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur