“Avropa İttifaqına qarşı yönəlmiş dezinformasiyaya qarşı mübarizə üzvlük danışıqlarının başlanması istiqamətində atılmalı olan 9 addımdan ilkidir”, - Aİ-nin Gürcüstandakı nümayəndəliyi Gürcüstanın keçmiş ədliyyə naziri Zurab Adeişvilinin iştirakı ilə Brüsseldə keçirilən görüşlərdən sonra “Gürcü Arzusu” liderlərinin bəyanatlarını belə şərh edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Aİ-nin Gürcüstandakı nümayəndəliyi mediada məlumata cavab olaraq izah edir ki, Aİ-nin Qonşuluq və Genişlənmə Danışıqları Direktorluğunun baş direktor müavini Qert Yan Kopman Qərbi Balkanlar, Şərq və Cənub Qonşuluqları və Ukrayna da daxil olmaqla digər ölkələrin nümayəndələri ilə müntəzəm görüşlər keçirir.
“Ötən çərşənbə axşamı o, Ukrayna nümayəndə heyətindən bir neçə nəfərin müşayiəti ilə Ukraynanın Baş prokuroru ilə görüşüb. “Bu görüşü başqa cür təqdim etmək dezinformasiyadır və sosial şəbəkədə Avropa İttifaqının səhifələrində düzgün məlumatı asanlıqla əldə etmək olar”, - Avropa İttifaqı nümayəndəliyinin bəyanatında deyilir.
Ukrayna Baş Prokurorluğunun məlumatına görə, baş prokuror Andriy Kostin Brüsseldə bir sıra rəsmi görüşlər keçirib. Yayılan fotolarda Andriy Kostinin müşaviri olan Zurab Adeişvilini də görmək olur.
Martın 5-də Avropa Komissiyasında Qert Yan Kopmanla görüş keçirilib və Ukrayna tərəfinin məlumatına görə, Andriy Kostin Ukraynanın Avropa İttifaqına tamhüquqlu üzvlük yolunda irəliləyişindən danışıb.
“Qeyri-hökumət təşkilatları və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində hazırlanmış hüquq-mühafizə orqanlarında islahatlar üzrə kompleks strateji planın qəbulu Ukraynanın cinayət-prosessual qanunvericiliyinin Aİ standartlarına uyğunlaşdırılması istiqamətində mühüm addım olub. O, cinayət mühakiməsi prosesinin səmərəliliyini artırmaq, hüquq-mühafizə orqanlarının institusional potensialını gücləndirmək və insan hüquqlarının müdafiəsini onların fəaliyyətində ön plana çəkmək məqsədi daşıyır”, - Andriy Kostin görüşdən sonra X sosial şəbəkəsində yazıb.
Fevralın sonunda Zurab Adeişvili Almaniyada Bundestaqda keçirilən bir neçə görüşdə Andriy Kostini müşayiət edib.
“Gürcü Arzusu”nun liderləri Avropa İttifaqı və Almaniya səfirlərindən izahat tələb ediblər. Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin sözlərinə görə, Zurab Adeişviliyə Gürcüstan məhkəməsi tərəfindən sanksiya olunub və “görünür, bəzi Avropa ölkələri Gürcüstanın tətbiq etdiyi məhkəmə sanksiyalarından yan keçir”.
“Siz Adeişvili ilə görüşəndə və onunla ədalətdən danışanda, bu cür insanların Gürcüstana qarşı ədalətlə bağlı sözləri, şübhəsiz ki, artıq yetəri qədər inandırıcı olmur.
Əgər nə isə anti-Avropa təbliğatının tərkib hissəsidirsə və ya nüfuzdan salırsa, məhz bəzi məmurların bu cür hərəkətləri, öz səhlənkarlıqları və ya niyyətləri ilə gürcü xalqına, Gürcüstan dövlətinə hörmətsizlik edib və Gürcüstanın sanksiyasına məruz qalan şəxslə görüşməsidir. Ümid edirəm, izahatlar olacaq və məlum olacaq ki, kimsə sadəcə olaraq bundan xəbərdar deyildi və bu görüşlər irəliyə baxmadan baş tutub.
Vurğulamaq istərdim ki, Zurab Adeişvili barəsində ümumilikdə 18 il müddətinə azadlıqdan məhrum edilmə tədbiri seçilib. O, sadəcə olaraq Gürcüstandan olan siyasi sanksiyaya məruz qalmış şəxs deyil, gürcü xalqının cəzasını çəkməsini gözlədiyi məhkəmə sanksiyasına məruz qalmış şəxsdir.
Gürcüstan tərəfindən sanksiyasına məruz qalan şəxsin gah Bundestaqda komitə iclasında, gah da Avropa Komissiyasında yüksək rütbəli məmurların kabinetlərində oturması belə fotolarla aydın olduqda, təbii ki, bizim üçün hiddətləndiricidir. Biz Avropa İttifaqının və ya digər ölkələrin tətbiq etdiyi sanksiyalara ciddi şəkildə əməl edirik və onlardan yayınmamağı təmin edirik. Görünür, bəzi Avropa ölkələri Gürcüstanın tətbiq etdiyi məhkəmə sanksiyalarından yayınır”, - Papuaşvili bildirib.
Gürcüstan vətəndaşlığına 2021-ci ildə öz tələbi ilə xitam verilən Gürcüstanın keçmiş ədliyyə naziri və baş prokuroru Zurab Adeişvili bir neçə cinayət işi üzrə mühakimə olunub. 2013-cü ildə Gürcüstanın tələbi ilə İnterpol onun barəsində qırmızı sirkulyarla beynəlxalq axtarış elan etsə də, 2015-ci ildə axtarışdan çıxarılıb. Gürcüstan Baş Prokurorluğunun bəyanatına görə, İnterpol axtarışın ləğv edilməsinin əsas səbəbi kimi Gürcüstan tərəfinə məlum olmayan dövlətlərdən birinin Adeişviliyə qaçqın statusu verməsini göstərib. Zurab Adeişvili Ukrayna vətəndaşıdır.