“Financial Times” nəşri yazır ki, hökumətin Rusiyadan ilhamlanan “xarici agentlər” qanunu ilə bağlı meydan oxuyan mövqeyinə cavab olaraq Aİ-nin bir neçə ölkəsi Gürcüstana qarşı sanksiyaların tətbiqini, o cümlədən vizasız gediş-gəlişin dayandırılmasını tələb edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Məqalədə qeyd edilir ki, Avropa İttifaqına namizəd ölkə olan Gürcüstan Brüsseldən gələn xəbərdarlıqlara və küçə etirazlarına məhəl qoymayaraq, xaricdən maliyyələşən media qurumlarını və insan haqlarını qoruyan qrupları qeydiyyatdan keçməyə məcbur edən Rusiyadakı kimi mübahisəli qanun qəbul edir.
Estoniya, Hollandiya, Çexiya və İsveç gələn həftə Aİ xarici işlər nazirlərinin görüşündə çəkindirici tədbirlərin müzakirə edilməsini tələb edən ölkələr arasındadır. “Financial Times”a məsələ ilə bağlı məlumatlı mənbələr bildiriblər ki, Gürcüstan vətəndaşları üçün Aİ-yə vizasız gediş-gəlişin ləğvi ilə yanaşı, məqsədyönlü sanksiyalar və Aİ-nin maliyyələşdirilməsinin dondurulması da nəzərdən keçirilir.
Avropa paytaxtları “Gürcüstan hökumətinə müxtəlif təzyiq tədbirləri”ni müzakirə edirlər”, - rəsmilər deyir.
“Financial Times” qeyd edir ki, Gürcüstanın hakim partiyası “Gürcü Arzusu” yaxın həftələrdə qanunun qəbulunu yekunlaşdıracağına söz verib və çərşənbə axşamı ABŞ Konqresinin üzvlərinin Bayden administrasiyasını sanksiyalar tətbiq etməyə çağırması barədə xəbərlər yayıldıqdan sonra beynəlxalq təzyiqləri pisləyib. “Bir sıra amerikalı siyasətçilər və məmurlar Gürcüstanla şantaj dilində danışırlar”, - nəşr “Gürcü Arzusu”nun bəyanatından sitat gətirir.
Nəşrin yazdığına görə, Avropa İttifaqının Vaşinqtondan daha ləng hərəkət edəcəyi ehtimalı var, çünki bəzi ölkələr vizasız gediş-gəlişin dayandırılmasının əks nəticə verə biləcəyindən ehtiyat edirlər, çünki son həftələrdə on minlərlə gürcü Avropa İttifaqının bayraqları ilə küçələrə çıxaraq qanuna etiraz edib.
“Səhv insanları hədəf almamaq üçün diqqətli olmalısınız”, - Aİ diplomatlarından biri deyib.
Bununla belə, “Financial Times” qeyd edir ki, 27 ölkə arasında yekdilliklə razılaşdırılmalı olan Aİ-nin istənilən sanksiyaları Gürcüstan hökumətini dəstəkləyən Macarıstan tərəfindən daha da gecikdirilə bilər.
Gürcüstan parlamenti “xarici agentlər haqqında” rus qanununu mayın 14-də keçirilən plenar iclasda üçüncü, yekun oxunuşda qəbul edib. 84 deputat onu dəstəkləyib, 30 deputat isə əleyhinə çıxıb. “Gürcü Arzusu” gələn həftə prezidentin vetosunu aşmağı planlaşdırır.