Qeyri-müəyyən vəd və şantaj - ABŞ ilə viza rejimininin götürülməsinə “Oçneba”nın cavabı

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Tamamilə qeyri-müəyyən perspektivli vədlər və təhqiramiz şantaj” - “Gürcü Arzusu” - “POLITICO” nəşrinin Vaşinqtonun hökumətin artmaqda olan anti-Qərb ritorikasından əl çəkib, insan hüquqları baxımından geriləməni dayandıracağı təqdirdə Gürcüstan üçün hərtərəfli iqtisadi və təhlükəsizlik dəstəyi paketini [MEGOBARI Act] nəzərdən keçirəcəyi barədə yaydığı məlumata bu cür münasibət bildirib.

“Dünən beynəlxalq mediada amerikalı konqresmenlərdən birinin təşəbbüskarı olduğu qanun layihəsi ilə bağlı məlumat yayılıb. Qanun layihəsinə görə, hökumət QHT-lərin şəffaflığı haqqında qanunu geri götürüb, LGBT təbliğatına qarşı qanunu qəbul etməsə, seçkiləri yaxşı keçirsə və Amerikaya qarşı mənfi ritorikadan çəkinsə, Gürcüstan vizasız rejim və azad ticarət sazişi əldə edəcək. Əks təqdirdə, qanun layihəsi dövlət məmurlarına qarşı sanksiyaları nəzərdə tutur.

Bu illər ərzində ölkəmiz bir sıra amerikalı siyasətçilərin və məmurların davamlı hücumlarının obyektinə çevrilir və Gürcüstan hakimiyyəti bundan adekvat ritorika ilə özünü müdafiə etməli olur.

Bütün bunların fonunda Gürcüstan-Amerika münasibətlərinin yaxşılaşması tamamilə Amerika tərəfinin düzgün addımlarından asılıdır. Bunun üçün tamamilə qeyri-müəyyən perspektivlə, təhqiramiz şantajla vədlər vermək yox, Gürcüstan dövlətinə və gürcü xalqına hörmət göstərmək lazımdır. Təəssüf ki, Amerikanın bir sıra siyasətçiləri və məmurları səhv ardınca səhvə yol verir və Gürcüstanla yenidən şantaj dilində danışırlar.

Gürcüstan hökuməti oynamır. Biz qeyri-hökümət təşkilatlarının şəffaflığı barədə qanunu qəbul edirik, çünki ölkəni sabitləşdirmək üçün başqa yol görmürük.

2020-ci ildən bəri QHT-lər artıq iki dəfə bu ölkədə inqilab təşkil etməyə cəhd ediblər və biz üçüncü cəhdi əl-qolumuz bağlı gözləyə bilməzdik. Bizim üçün bu qanun ticarət predmeti deyil, Gürcüstanın suverenliyini qoruyan təsirli vasitədir və biz heç bir halda ölkənin suverenliyini ticarət predmeti edə bilmərik.

Gürcüstana ləyaqətli münasibət tamam başqa cür ifadə olunmalı idi. Bu cür yanaşma şəraitində:

  • ABŞ Gürcüstanın strateji tərəfdaşı olduğunu, xüsusən də Gürcüstan vətəndaşları üçün viza rejimini götürərək və heç bir şərt olmadan azad ticarət sazişi imzalayaraq sübut edə bilərdi. Qanun layihəsindən də göründüyü kimi, ABŞ bunu əvvəllər də edə bilərdi, lakin Gürcüstana və gürcü xalqına biganə münasibət nümayiş etdirirdi;
  • ABŞ Gürcüstan iqtisadiyyatına pul yatırardı, bunu sonuncu dəfə 2009-11-ci illərdə, Saakaşvili rejiminin iqtisadi çöküşdən xilas etdiyi vaxt edib;
  • ABŞ QHT-lərin davranışının dəyişməsini, xüsusən də onların Gürcüstan hökumətinin legitimliyini tanımamaq və inqilabi planlarından əl çəkmək siyasətinə son qoymasını təmin edərdi;
  • Aİ mövzusunun Gürcüstana qarşı davamlı şantaj vasitəsi kimi istifadəsinə son qoyular, ilin sonuna kimi Gürcüstanla danışıqlara başlanar, bununla da Ukrayna, Moldova, Bosniya və Herseqovina ilə aradaki ədalətsizlik bərpa olunardı.

Bütün bunları etsələr, o zaman, nə QHT-lərin “şəffaflığı haqqında” qanununa ehtiyac qalmayacaq, nə də, biz artıq haqsız bəyanatlara cavab vermək məcburiyyətində qalmayacağıq. Bununla belə, QHT-lər inqilab cəhdlərinə son qoymasalar, pravoslav kilsəsinə hücum etməkdən, dini ekstremizmi dəstəkləməkdən, dini siyasi müdaxiləni təşviq etməkdən, LGBT təbliğatından, narkotik təbliğatından, dövlət institutlarını sarsıtmağa çalışmaqdan və iqtisadi layihələrə maneələr yaratmaqdan əl çəkməsələr və bir sıra amerikalı siyasətçilər və məmurlar Gürcüstana hücuma davam etsələr, bu halda bizə şəffaflıq haqqında qanun da lazım olacaq, hücumları dəf etmək də. Ona görə də bu gün QHT-lərin şəffaflığı haqqında qanunun qəbuluna alternativ yoxdur.

Tərəfdaşlarımız münasibətləri keyfiyyətcə maksimum bir il ərzində yenidən qura bilərlər. Bunu dərk etsələr, münasibətlər çox tez yoluna düşəcək, amma Gürcüstana qarşı eyni yanaşma ilə hərəkət etməyə davam etsələr, Gürcüstan və Amerikanın maraqlarına zərər vuracaqlar.

Artıq deyildiyi kimi, hər şey tərəfdaşlarımızın əlindədir və Gürcüstan kiçik ölkə kimi birtərəfli qaydada heç nəyi dəyişə bilməz. Ona görə də ümid etməliyik ki, Amerikada rasional düşüncə qalib gələcək və beləliklə, hər iki ölkə ancaq qazanc əldə edəcək”, - “Gürcü Arzusu” Siyasi Şurasının bəyanatında deyilir.

“Gürcü Arzusu” keçən il geri götürdüyü “xarici agentlər” haqqında rus qanununu 2024-cü il aprelin 3-də parlamentdə yenidən gündəmə gətirib və mayın 14-də üçüncü, yekun oxunuşda qəbul edib. Hakimiyyət beynəlxalq tərəfdaşların xəbərdarlıqlarını və ölkədə davam edən, çoxminlik etiraz aksiyalarıının qanunun qeyd-şərtsiz geri götürülməsi tələbini nəzərə almayıb.

Prezident Salome Zurabişvili mayın 18-də rus qanununa veto qoyub. Prezident bildirib ki, “agentlər haqqında” rus qanunu Gürcüstan Konstitusiyasına, bütün Avropa standartlarına ziddir və ölkənin Avropa yoluna maneədir.

Parlament növbəti sessiya həftəsində prezidentin vetosunu aşmağı planlaşdırır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur