Bildt: Gürcüstanın Avropa yolu müvəqqəti sonlanıb - bu faciəli, lakin həqiqətdir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa Şurasının xarici əlaqələr üzrə həmsədri Karl Bildt Gürcüstan parlamenti tərəfindən “xarici agentlər” haqqında rus qanunun yekun qəbulunu şərh edib və bildirib ki, hazırda Gürcüstanın Avropa yolu sonlanıb.

“Prezidentin rus qanununa qoyduğu vetonu aşmaq üçün hakim partiyanın parlamentdəki çoxluğundan istifadə etməsilə Gürcüstanın Avropa İttifaqına yolu hələlik sonlanıb. Bu, faciəlidir, lakin bu, həqiqətdir”, - Bildt X -də yazıb.

Rus qanununun qəbulu Avropa İttifaqının digər liderləri tərəfindən də qiymətləndirilib. Avropa Şurasının prezidenti Şarl Mişel Gürcüstanın müvafiq addımlar atacağını və lazımi demokratik islahatları aparacağını nəzərə alaraq, ötən ilin dekabrında Gürcüstana namizəd statusunun verilməsinə qərar verildiyini bildirib.

“Parlamentdə şəffaflıq haqqında qanunun qəbulu geriyə addımdır və Gürcüstanı Avropa İttifaqı yolundan daha da uzaqlaşdırır. Gürcü xalqı Avropa İttifaqında öz gələcəyini açıq şəkildə seçib və biz onların ambisiyalarını dəstəkləmək üçün hər şeyi edəcəyik”, - deyən Şarl Mişel Gürcüstanla bağlı məsələni Avropa Şurasının növbəti iclasının gündəliyinə əlavə edəcəyini qeyd edib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen də qeyd edir ki, Gürcüstan əhalisinin böyük əksəriyyəti Avropa İttifaqına üzv olmaq istəyir, lakin bu qanun Avropa İttifaqının əsas prinsip və dəyərlərinə ziddir ki, bu da Gürcüstanın Avropa İttifaqına gedən yoluna mənfi təsir edəcək. “Biz bütün variantları nəzərdən keçiririk və hökuməti Aİ istəklərini dəstəkləməyə qayıtmağa çağırırıq”, - Avropa Komissiyasının prezidenti bildirib.

“Mən çox təəssüflənirəm ki, Gürcüstan parlamenti ölkəni Avropa İttifaqına inteqrasiya yolundan yayındıracaq qanun qəbul etmək qərarına gəlib. Keçən il Avropa İttifaqı Gürcüstana namizəd statusu verməklə ona şans verdi. Bu, xalqı tərəfindən açıq şəkildə dəstəklənən Gürcüstan üçün tarixi bir məqam idi. Təəsüfləndirici gündür”, - Latviyanın xarici işlər naziri Baiba Braje yazıb.

Litva prezidenti Qitanas Nauseda hesab edir ki, “Gürcüstan daha yaxşısına layiqdir”. “Müstəqillik günündən bir neçə gün sonra yeni qanunun qəbulu demokratik dəyərlərdən təhlükəli qopmadır. Bu, ölkəni Avropadan uzaqlaşdırır. Litva hər zaman azad və müstəqil Gürcüstanı və onun cəsur xalqını dəstəkləyəcək”, - Nauseda bildirib.

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis də rus qanununun qəbulunu şərh edib: “Gürcüstan və Avropanın qalan hissəsi üçün çox təəsüfləndirici gündür. Bu qanunun qəbulu faktiki olaraq Gürcüstanın Avropa İttifaqına üzvlüyünü dayandırır və heç kimə, demək olar ki, heç kimə fayda verməyəcək”.

Estoniyanın xarici işlər naziri Marqus Tsahknanın sözlərinə görə, onlar “Gürcüstan parlamentinin Avropaya inteqrasiya istiqamətində irəliləmək üçün tarixi fürsətdən istifadə etməmək və öz xalqını qeyri-müəyyən müddətə genişlənməni gözləməkdə saxlamaq seçimindən” dəhşətə gəliblər.

“Cəmiyyətin müqavimətinə və beynəlxalq çağırışlara baxmayaraq, Gürcüstanın hakim partiyası müxalifəti, medianı və qeyri-hökumət təşkilatlarını susdurmaq üçün xarici agentlər haqqında qanunu qəbul edib. Əgər hakim partiya öz kursunu dəyişməsə, Gürcüstan Avropa İttifaqına üzv olmaq yolunda irəli gedə bilməyəcək”, – Danimarkanın xarici işlər naziri Lars Loke Rasmussen yazıb.

Norveçin xarici işlər naziri Espen Bart Eidenin sözlərinə görə, “Gürcü Arzusu”nun “xarici agentlər qanunu”na qoyulan vetonun aşılması aydın siqnaldır – Avropa İttifaqına inteqrasiya hökumətin əsas prioriteti deyil. “Biz ümid edirik ki, Gürcüstan Avropa müstəqil demokratiyalar ailəsinə qoşulacaq və biz gürcü xalqının öz ölkələri üçün Avropa gələcəyi arzusunda yanındayıq”, - norveçli diplomat bildirib.

Mayın 28-də Gürcüstan parlamenti prezidentin  rus qanununa qoyduğu vetonu aşdı və nəhayət, 84 səslə onu təsdiqlədi. Prosedura görə, qanun 3 gün ərzində imzalanmaq üçün prezidentə göndəriləcək. Qanunu imzalamaq və dərc etmək üçün Salome Zurabişvilinin 5 gün vaxtı olacaq. Prezident qanunu müəyyən edilmiş müddətdə dərc etməsə, onu 5 gün sonunda parlament sədri Şalva Papuaşvili imzalayacaq və dərc edəcək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur