“Mənim ölkəm və xalqım indi yol ayrıcındadır - Gürcüstan ya azad və vahid Avropanın bir hissəsi olmaq istəyini davam etdirəcək, ya da Sovet İttifaqı dövründə olduğu kimi yenidən Rusiyanın arxa bağçasına çevriləcək. Gürcü xalqının seçimi aydındır: biz azadlığı, demokratiyanı, qanunun aliliyini seçirik. Biz Gürcüstanın gələcəyini Avropa İttifaqı və NATO-da görürük”, - deyə Vətəndaş Cəmiyyəti Fondunun Avropaya inteqrasiya proqramının rəhbəri Vano Çxikvadze Gürcüstanda son hadisələrlə bağlı dinləmələrin keçirildiyi ABŞ Konqresində bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Çxikvadze qeyd edib ki, Gürcüstan hökuməti “xarici agentlər” haqqında rus qanununu qəbul etməklə, xalqın iradəsinə zidd olaraq, Gürcüstanla Qərb arasındaki divar ucaldır.
“Bu qanun tənqidi səsləri tamamilə susduracaq və dostlarımızın və tərəfdaşlarımızın, o cümlədən “USAID”in dəstəyi ilə ölkənin bu illər ərzində qurduğu fəal vətəndaş cəmiyyətini məhv edəcək. Qanun müstəqil medianı, ifadə azadlığını və obyektiv informasiyaya çıxışı gücləndirmək məqsədi daşıyan ABŞ-Gürcüstan Strateji Tərəfdaşlıq Xartiyasına ziddir.
Beş aydan az müddətə Gürcüstanda çox mühüm seçkilər keçiriləcək. Bu seçkilərin tənqidi media, müstəqil vətəndaş cəmiyyəti və yerli müşahidəçilər olmadan keçirilməsi təhlükəsi böyükdür. Qanun mülki fəalları ölkəyə satqın və xarici agentlər kimi təqdim edir və hakim partiya oktyabrda Gürcüstan demokratiyasını başqa cür qoruya biləcək təşkilatları və şəxsləri gözdən salmaq üçün istifadə olunur”, - Çxikvadze bildirib.
Onun sözlərinə görə, qanunun rəsmi olaraq qüvvəyə minməmişdən əvvəl də dinc nümayişlərin bir çox iştirakçısı dövlət tərəfindən dəstəklənən terrora məruz qalıb, yüzlərlə dinc etirazçı saxlanılıb və döyülüb, fəalların evlərinin yaxınlığında “xalq düşməni” və “burada agent yaşayır” yazıları yazılıb. Vano Çxikvadze qeyd edib ki, “bu cür hərəkətlər hakim partiya tərəfindən tamamilə razılaşdırılır və ya hətta həvəsləndirilir”.
Onun sözlərinə görə, “xarici agentlər” haqqında qanunun əsas amillərindən biri Gürcüstanın ən varlı adamı, oliqarx və “Gürcü Arzusu”nun lideri Bidzina İvanişvilidir ki, aprelin 29-da son çıxışı zamanı vətəndaş cəmiyyəti və “Gürcü arzusu”nun əleyhdarlarını açıq şəkildə repressiya ilə hədələyib.
“Hakim partiya Qərbin demokratik dəyərlərinə düşmən münasibətini artırmaqla və dövlət institutlarını – məhkəməni, hüquq-mühafizə orqanlarını, prokurorluğu və s.-ni nəzarət altına almaqla Gürcüstanın gələcəyinə zərbə vurur. 1991-ci ildə müstəqilliyin bərpasından sonra Gürcüstanın bütün hakimiyyət orqanları Avropa İttifaqına və NATO-ya üzvlük, ABŞ-la sıx əlaqələr qurmağa can atırdı. Hakim partiya yeganə hakimiyyətdir ki, xalqın iradəsinin əksinə gedir və indi Qərb demokratiyasına yaxınlaşmaq istəklərinə görə onları sıxışdırmağa çalışır.
Gürcüstan cəmiyyətinin böyük əksəriyyəti gələcəyini Qərb dostları və ABŞ-la birgə Avropada görür. Gürcüstanın tarixi göstərir ki, azadlıq mübarizəsi bizim həyatımızın bir hissəsidir. Biz bilirik ki, biz əcdadlarımız və gələcək nəsillərimiz üçün mübarizə aparırıq. Bu mübarizədə tək olmadığımızı bilirik. Qərb dostlarının və müttəfiqlərinin bizim yanımızda olmasını yüksək qiymətləndiririk. Biz bu yaxınlarda irəli sürülən “MEGOBARI Act”ı yüksək qiymətləndiririk və ümid edirik ki, bu qanun tezliklə qəbul olunacaq. Gürcüstanın demokratiyadan üz döndərməsini dayandırmağa gəldikdə, hər dəqiqə önəmlidir. Gürcüstan, gürcülər və dostlarımız üçün mərclər çox yüksəkdir. Gürcüstanın dostları indi hərəkətə keçməsə, bu, əldən verilmiş fürsət olacaq. Biz hər səfəri, hər bir bəyanatı, hər bir dəstəkləyici sözü yüksək qiymətləndiririk, lakin eyni zamanda, indiki Gürcüstan hökumətinin ölkəni Rusiyanın orbitinə çıxarmağı dayandıracaq konkret addımlara ehtiyacımız var. Gürcüstan hökumətinə bizim mübarizəmizlə qazandığımız demokratiyamızı sabotaj etmək imkanı verilə bilməz və o, nəticəsiz qalacaq”, - Vano Çxikvadze bildirib.
Dinləmə Helsinki Komissiyasının təşəbbüsü ilə keçirilib. Komissiyanın sədri Co Vilson eyni zamanda Konqresdə irəli sürülən “MEGOBARI Act” qanun layihəsinin həmmüəllifidir.