Dmanisi və Aqarak-Taşir yeparxiyasının arxiyepiskopu Zenon İarajuli parlament binası qarşısında Aİ bayrağının yandırılmasına fikir bildirir və bunun Gürcüstan dövlətinə qarşı edilmiş bir hərəkət olduğunu vurğulayır. Möhtərəm Zenonun sözlərinə görə, Gürcüstan əsrlər əvvəl qərb vektorunu seçib, tarixən Avropadır və “biz harda və kiminlə olmalıyıq?” sualı anlaşılmazdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Baş yepiskopun bəyanatını olduğu kimi təqdim edirik:
“İki yüz illik Rusiya işğalı Gürcüstanın inkişafına o qədər mənfi təsir göstərdi və gürcülərin genetik koduna o qədər xələl gətirdi ki, bu gün filankəslərə aydın deyil ki, Avropa istəkləri və dəyərləri nə deməkdir – sanki biz harasa öz ağuşumuza deyil, yad mühitə can atırdıq.
Tarixən Gürcüstan Avropa dəyərlərinin formalaşmasına mühüm töhfə verib. Məhz buna görə də mən Gürcüstanın tarixi inkişafının və mental dəyərlərinin də rəmzi olan Aİ bayrağına qəsdini həyəcanverici hal hesab edirəm.
Gürcüstan Avropa ölkələrinin tarixi, köklü nümayəndəsidir.
Avropa sivilizasiyası Aralıq dənizi sahillərində yaranıb. Onun mənşəyi sonradan Yunan-Roma sivilizasiyasının Avropa dünyasının yarandığı Elinizm mədəniyyəti və sivilizasiyasıdır. Xristianlığın Roma İmperiyasında yayılması nəticəsində Avropa xristian dəyərlərində inkişaf tapdı.
Qədim yunanlar üçün Kolxida dövləti Avrasiya qitəsinin Avropa hissəsini təmsil edirdi.
Geosiyasi və mədəni baxımdan Gürcüstan Cənub-Şərqi Avropanın Qara dəniz dövlətidir.
Bunu Gürcüstanın Cənub-Şərqi Avropa regionunda yerləşən dövlət kimi təmsil olunduğu son orta əsrlərə aid Avropa xəritələri də təsdiq edir.
Antik Gürcüstanda milli yaradıcılıqla yanaşı, ellin-roma mədəniyyəti və hüququ aparıcı yer tuturdu. Roma imperiyasından Gürcüstanda xristian inancının yayılmasından sonra ölkənin mədəni-siyasi vektoru Yunan-Roma sivilizasiyasının xristian Avropasına yönəldi. Gürcüstanın müstəqil milli təhlükəsizliyinin siyasi, hərbi, iqtisadi, mədəni, dini sistemi Avropa ölkələri ilə birlik pafosu vasitəsilə möhkəmlənmişdi.
Əsrlər boyu gürcülərin milli dəyərləri və siyasi maraqları milli təhlükəsizlik və özünüdərk nəzərə alınaraq formalaşmışdır.
Gürcüstan Şərqlə Qərbi birləşdirən regionun mərkəzində yerləşir.
Geosiyasi yerləşmə milli mədəniyyət və yaradıcılıqla yanaşı, Qərb və Şərq mədəniyyətlərinin qaynayıb-qarışması və birgəyaşayışı nəticəsində formalaşan unikal ümumi Qafqaz sivilizasiyasının formalaşmasına töhfə verdi.
Gürcüstan dövləti əsrlər boyu Qərb-Şərq sivilizasiyasına, milli-mədəni ənənələrə, ictimai varlığa, mülki hüquqa əsaslanan mənəvi və maddi nailiyyətləri ilə dünyaya təqdim edilmişdir. Gürcüstan əsrlər boyu Qafqaz ölkələri və xalqları üçün onların mədəni və milli özünüdərkinin inkişaf etdiricisi və təminatçısı olmuşdur.
Gürcüstan beynəlxalq təcriddən çıxdığı və özünü daha geniş beynəlxalq arenada təqdim etmək imkanı əldə etdiyi üçün onun geosiyasi mövqeyi və tarixi mənliyi ona Avrasiya qitəsinin Avropa və Asiya hissələrini birləşdirən arteriya kimi çıxış etmə imkanı əldə edir. Bunun üçün ona Avropa İttifaqının və ümumilikdə Qərbin möhkəm dəstəyi və əməkdaşlığı lazımdır. Xüsusilə ərazisinin 20%-i Rusiya Federasiyasının işğalı altında olan Gürcüstan dövlətinin bu gün olduğu vəziyyətdə. Həmçinin, Rus kilsəsi tərəfindən kilsə işğalı halını da qeyd etmək lazımdır.
Gürcüstan üçün Avropa dəyərləri həyati əhəmiyyət kəsb edir. Onların təməl daşları azadlıq, bərabərlik, ədalət, hakimiyyət bölgüsü, qanunun aliliyi, insan hüquqları, öhdəliklər, sosial-iqtisadi rifahı, şəxsi ləyaqətin toxunulmazlığıdır.
Gürcüstan dövlətinin ən yüksək qanunvericilik binası yaxınlığında baş verən Aİ bayrağına qəsd etmə halı Gürcüstan dövlətinə qarşı həyata keçirilmiş hərəkətdir. Gürcüstan Konstitusiyasının pozulmasıdır. Bu, Aİ ölkələrində daimi və ya müvəqqəti yaşayan bir çox soydaşlarımıza qarşı yönələn hərəkətdir.
Avropa İttifaqının bayrağı əksər Avropa ölkələrinin birliyinin simvoludur və Xilaskarın on iki həvarisinin simvolundan götürülmüşdür. Pravoslav xristianlıq isə Aİ ölkələrində yaşayan millətlərin və xalqların hakim inanclarından biridir.
Gürcüstan öz tarixi və dini seçimini əsrlər əvvəl edib və o, Qərb vektoru olub. Yenə deyirəm, xristianlığın bizə Qərbdən yayıldığını nəzərə alsaq. (O dövrdə Qüds və Kapadokya Roma İmperiyasının tərkibində idi). Ölkənin inkişafının müəyyən tarixi mərhələsində biz dövlətin siyasi quruluşunun bir çox elementləri ilə dünya üçün nümunə olmuşuq və indi də eləyik.
Bunun fonunda tamamilə anlaşılmazdır: - “Biz harada və kiminlə olmalıyıq?” sualı tamamilə anlaşılmazdır. Geosiyasi seçimlərdən danışmaq yersizdir, çünki biz tarixən Avropayıq və indi bizdən tələb olunan vətənimizi mental olaraq Rusiya işğalından azad etməkdir ki, bu da Gürcüstanın öz təbii özəyinə qayıtması, ərazisinin tam olaraq işğaldan çıxarılması üçün əsasdır.
Heç bir “və ya” mövcud deyil. Hər şey tarixən müəyyənləşib və indi bu ölkənin hər bir vətəndaşı qarşısında öhdəliyimiz olan şey gürcü xalqının tarixi iradəsini yerinə yetirmək üçün çox çalışmaqdır. Hələ-hələ, bizə bunu etmək üçün unikal imkan verildiyi bir şəraitdə."
Martın 14-də “Alt-İnfo/Mühafizəkarlar Hərəkatı”nın üzvləri və tərəfdarları parlament binası yaxınlığında aksiya keçirib və bu aksiyada Avropa İttifaqının bayrağını növbəti dəfə söküb və yandırıblar. Onların fikrincə, Gürcüstanda yalnız Gürcüstanın bayrağı dalğalanmalıdır. Rusiyayönümlü partiyanın liderlərindən biri Şota Martınenko deyib ki, onların tələbləri hökumətin 2021-ci il iyulun 5-də baş vermiş zorakılıq hadisələri ilə bağlı həbs edilən yoldaşlarının həbsdən azad edilməsi, 7-8 mart etirazları zamanı “çevrilişi təşkil edənlərin”hamısını cəzalandırması, "xarici agentlər" haqqqında rus qanunu ilə bağlı referendumun keçirilməsidir. Martınenkonun sözlərinə görə, onlar bu tələbləri “sona qədər aparacaqlar”.
“Alt-İnfo”nun aksiyasınadək, 7-9 mart tarixlərində parlamentin qarşısına Gürcüstan, Avropa İttifaqı və ABŞ bayraqları ilə on minlərlə insan “xarici agentlər” haqqında rus qanunun qəbuluna qarşı toplaşıb. Etiraz nəticəsində “Gürcü Arzusu” qanundan imtina etmək məcburiyyətində qalıb.