Ermənistan KTMT-nin “Sarsılmaz qardaşlıq - 2023” təlimlərinə ev sahibliyi etməkdən imtina edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Ermənistanın Baş Naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin “Sarsılmaz qardaşlıq - 2023” birgə təlimlərinin bu il ölkəsinin ərazisində keçirilməyəcəyini açıqlayıb.

“Biz təlimlərin keçirilməsini məqsədəuyğun hesab etmirik, çünki bu, Türkiyə-Azərbaycan tandeminə təhlükə yaradacaq. Gələcəklər, təlimləri keçirəcəklər, sonra isə biz bu təhlükə ilə baş-başa qalacağıq... Hər halda, bu il Ermənistanda analoji təlimlər keçirilməyəcək”, - Paşinyan dekabrın 10-da keçirilən mətbuat konfransında bildirib və qeyd edib ki, bu barədə artıq Ermənistan Müdafiə Nazirliyi “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”nın Birgə Qərargahına yazılı məlumat verib.

KTMT-nin Moskvada yerləşən Katibliyi deyir ki, Ermənistan ərazisində təlimlərin ləğvi ilə bağlı hələlik rəsmi bildiriş almayıblar. Mətbuat katibi Vladimir Zaynetdinov bildirib ki, bu təlimlərin bu il Ermənistan ərazisində keçirilməsi zərurəti daha əvvəl Yerevanda təsdiqlənib.

“Hələlik KTMT katibliyi Ermənistan tərəfdən bu təlimlərin təşkilatın müəyyən etdiyi qaydaya müvafiq olaraq ləğv edilməsi ilə bağlı rəsmi bildiriş almayıb. Biz Ermənistan Respublikasındaki mövcud vəziyyəti başa düşürük ki, bu da KTMT-nin bu il planlaşdırdığı sülh təlimlərinin tam şəkildə keçirilməsinə imkan verməyə bilər”, - Zaynetdinov jurnalistlərə açıqlamasında deyib.

Keçən ilin noyabrında İrəvanda “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”nın sammiti keçirilən zaman Paşinyan sammitdən sonra qəbul edilmiş bəyannaməni, həmçinin Ermənistana kömək üçün birgə tədbirlər haqqında sənədi imzalamaqdan imtina etmişdi. Paşinyan imtinasını onunla izah edirdi ki, KTMT Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə qarşı “təcavüz”ünə “aydın siyasi qiymət” vermir. Ermənistan baş nazirinin sözlərinə görə, “bu həm ölkə daxilində, həm də xaricində KTMT-nin imicinə böyük ziyan vurur”.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” 1992-ci ildə yaradılıb. Təşkilatın indiki üzvləri Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistandır. Müqavilə münaqişələrin həllində, təbii fəlakətlərin nəticələri ilə mübarizədə və xarici, o cümlədən hərbi təhdidlərin dəf edilməsi üçün qarşılıqlı yardımı nəzərdə tutur. Kollektiv sülhməramlı qüvvələr hər il birgə təlimlər keçirir. 1 yanvar tarixində Rusiya Müdafiə Nazirliyi Rusiya quru qoşunlarının bölmələrinin Ermənistanda planlaşdırılan “Sarsılmaz Qardaşlıq - 2023”də iştirak edəcəyini açıqlamışdı.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur