Ukraynada döyüşən “Gürcü Legionu”nun komandiri Mamuka Mamulaşvili deyir ki, o, təxminən 4-5 ay əvvəl zəhərlənib və bədənindən ağır metalların çıxarılması üçün müalicə olunur.

“Bu maddələr əsasən sinir sisteminə və daxili orqanlara təsir edir. Bəzi xəsarətlər var, lakin onlar reabilitasiya oluna biləndir. Ən əsası, bu, döyüş qabiliyyətinə təsir etmədi və biz Rusiyaya qarşı mübarizəmizi davam etdiririk. Əvvəldən toksikoloji müayinə olmayıb. Ukraynada belə bir müayinə keçirmək mümkün deyil, nümunələr Almaniyaya göndərilib, oradan rəy yalnız bu yaxınlarda, zəhərlənmə göstəriciləri artıq aşağı salındıqda çıxarılıb. Ağır metalların qandan çıxarılması üçün müalicə təxminən altı ay davam edəcək.

Bu, mənə qarşı ilk zəhərlənmə cəhdi deyil. Mən artıq eyni maddə ilə iki dəfə zəhərlənmişəm və yəqin ki, orqanizm antidot istehsal edib, çünki bu dəfə mən onu ilk hallara nisbətən daha asan keçirdim”, - Mamulaşvili “Formula TV”yə bildirib.

Zəhərli maddə çox güman ki, “Gürcü Legionu”nun yaradıcısının bədəninə qidadan daxil olub. Mamuka Mamulaşvili Rusiya Xüsusi Xidmət orqanlarının izlərindən danışır:

“Ukrayna Hərbi Prokurorluğu və bir neçə struktur iş qaldırıb, lakin, bunu kimin etdiyini tapmaq çox çətin olacaq. Sizə deyə bilərəm ki, bir sıra gürcüləri Rusiyanın göstərişi ilə “Gürcü Legionu”na çağırışçı kimi göndərirlər və çox güman ki, bunu onlar edib. İstisna etmirəm ki, bu gün Rusiya ilə əməkdaşlıq edən Gürcüstan hökuməti belə bir iş görmək vəzifəsi olan adamları göndərir”.

“Gürcü Legionu”nun digər üzvləri də bu məsələyə münasibət bildiriblər. Koba Xabazinin dediyinə görə, Mamuka Mamulaşvilinin qanında civə, arsen və qurğuşunun səviyyəsi qorxulu şəkildə yüksək olub. “Ukraynanın təhlükəsizlik xidmətləri bizə bunun təsadüfi ola bilməyəcəyini təsdiqləyib. “Biz dəqiq bilirik ki, bunu Rusiya sifariş edib, çünki “Gürcü Legionu” və Mumuka Mamulaşvili illərdir işğalçılarını boğaza yığıblar”, - deyə Xabaz bildirib.

Rusiya Mamuka Mamulaşvili üçün beynəlxalq axtarış elan edib. İstintaq komitəsi onu Ukrayna ərazisində silahlı birləşmə yaratmaqda və ona rəhbərlik etməkdə, həmçinin azı 24 Gürcüstan vətəndaşını “Gürcü Legionu” və digər Ukrayna silahlı birləşmələrinin fəaliyyətinə cəlb etməkdə ittiham edir. Fevralın sonunda Moskva məhkəməsi Mamuka Mamulaşvilinin barəsində qətimkan tədbiri olaraq qiyabi həbs qərarı çıxarıb. 2014-cü ildə Mamulaşvilinin əsasını qoyduğu “Gürcü Legionu” 2016-cı ildən Ukrayna Silahlı Qüvvələrinin tərkibindədir. Rusiya Legionun digər üzvləri üçün də axtarış elan edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur