Gürcüstan hökuməti idxal olunan una müvəqqəti idxal rüsumunu tətbiq etməyi planlaşdırır və bu, yəqin ki, iyunun 10-dan qüvvəyə minəcək. Keçən il yığdıqları buğdanı Rusiyadan gətirilən ucuz un səbəbindən sata bilmədiklərindən şikayət edən buğda istehsalçıları son bir neçə aydır idxala əlavə verginin qoyulmasını tələb edirlər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İstehsalçılar deyirlər ki, una əlavə rüsum buğdanı unla rəqabətədavamlı edəcək, buğda idxalı başlayacaq, bunun nəticəsində fəaliyyətini dayandırmış dəyirmanlar işə düşəcək və gürcü buğdasına tələbat da yaranacaq. Kənd təsərrüfatı naziri Otar Şamuqiyanın sözlərinə görə, nazirliyin vəzifəsi çörəyin qiymətinin artmasının qarşısını almaqdır.
“Son iki həftə ərzində sahəyə cəlb olunmuş bütün nümayəndələrlə intensiv görüşlər keçirdik və belə şərtlərlə razılaşdıq, hansı ki, bu, bir tərəfdən ölkədə çörəyin qiymətinin saxlanmasını, digər tərəfdən un dəyirmanlarının rəqabət şəraitində işləməsini, ən əsası isə fermerlərin məhsulunu rahat şəkildə yığmasını təmin edəcək. Müvafiq olaraq, gələn həftə Gürcüstan hökumətinə qərar layihəsi təqdim olunacaq və ona əsasən 5 ay müddətinə unun idxalına əlavə rüsum tətbiq olunacaq. Biz bazardakı vəziyyəti daim izləyəcək və müvafiq addımlar atacağıq. Bir daha qeyd etmək istəyirəm ki, bizim əsas vəzifəmiz çörəyin qiymətini saxlamaq və eyni zamanda, yeni məhsulu rahat satmaqdır”, - bildirib Şamuqiya.
“Mən hamını sakitləşdirmək istəyirəm - biz razılığa gəlmişik ki, çörəyin qiyməti artmayacaq. Unun qiyməti elə məbləğdə müəyyən edilib ki, indiki qiymətlər qalxmasın”, - Bu barədə “Çörək Sənayesi İttifaqı”nın sədri Malxaz Dolidze bildirib.
Rusiyada istehsal olunan külli miqdarda unun xaricdən gətirilməsinə görə Gürcüstanda fəaliyyət göstərən demək olar ki, bütün dəyirmanlar aylar əvvəl dayanıb, işləməyə davam edənlər isə buğdanın kiloqramı üçün təxminən 50-55 tetri ödəyirdilər ki, bu da istehsalçıların fikrincə, maya dəyərindən demək olar ki, 50 % aşağıdır. Buğda istehsalçıları qiymətin aşağı olmasına etiraz edirdilər və 2022-ci ildə hökumətin sifarişi ilə geniş sahələrə buğda səpildiyini, bunun üçün bankdan kredit götürdüklərini deyirdilər. Taxıl İstehsalçıları Assosiasiyası hökumətə Rusiya ununun idxalına balans vergisi tətbiq edilməsi və ya buğda ehtiyatının maya dəyəri ilə satışı üçün 1 kiloqram buğdaya 20-25 tetri subsidiya verilməsi tələbi ilə hökumətə müraciət edib.
“Mən bu gün təhvil verməli olduqları müəyyən miqdar məhsula sahib olan fermerlərin, belə deyək, heç yerə təhvil verə bilməmələri halı ilə həqiqətən razılaşa bilməyəcəm. Bu belə deyil və ola da bilməz. Buğdanı necə necə təhvil verə bilməyəsən?! Burada qiymətdən söhbət gedir və indiki qiymət onlar üçün məqbul deyil”, - Nazir Otar Şamuqiya aprelin 20-də parlamentdə çıxışı zamanı bildirib.
Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında Rusiyadan Gürcüstana 17 milyon 240,6 min dollar dəyərində 57 163,7 ton buğda və ya buğda-çovdar unu daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın həcmi artıb - 2022-ci ilin yanvar-aprel aylarında Gürcüstan Rusiyadan 16 milyon 135,1 min dollar dəyərində 47 min 673,6 ton un idxal edib.
Bu il buğda və mesilin idxalı da artıb. Yanvar-aprel aylarında 13 milyon 888 min dollar dəyərində 44 min 96,3 ton məhsul idxal edilibsə, 2022-ci ilin eyni dövründə idxalın həcmi 35 min 365,1 ton (11 milyon 846 min dollar) təşkil edib.