Gürcüstan hökuməti 20 ildə ilk dəfə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Antikorrupsiya Şəbəkəsinin (OECD/ACN) monitorinqində iştirakdan imtina edib. Gürcüstanda korrupsiya, ədalət və məlumat azadlığı məsələləri ilə məşğul olan dörd qeyri-hökumət təşkilatı bu məsələni şərh edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qeyri-hökumət təşkilatlarının bəyanatına əsasən, Gürcüstan - Ukrayna, Moldova, Ermənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Monqolustandan fərqli olaraq monitorinqə razılaşmayan yeganə ölkədir.
OECD/ACN monitorinqinin məqsədi ölkənin antikorrupsiya mühitinin əsaslı qiymətləndirilməsi, problemlərin müəyyən edilməsi və müvafiq tövsiyələrin verilməsidir. Monitorinq 2003-cü ildən İstanbul Fəaliyyət Planı (İAP) proqramı çərçivəsində həyata keçirilir və üzv ölkələr tərəfindən Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya Qarşı Konvensiyasının (UNCAC), digər beynəlxalq standartların və qabaqcıl təcrübələrin icrasının davamlı monitorinqini əhatə edir.
2023-cü ildə OECD/ACN monitorinqinin beşinci raundu çərçivəsində aşağıdakı sahələr qiymətləndirilməli idi: milli antikorrupsiya siyasətinin işlənilməsi və həyata keçirilməsi; korrupsiya qanununun praktikada tətbiqi, o cümlədən vəzifəli şəxslərin əmlak bəyannamələri sisteminin fəaliyyəti; məhkəmə və prokurorluq sistemlərinin fəaliyyəti; yüksək səviyyəli korrupsiya hallarının araşdırılmasının səmərəliliyi.
“Bu istiqamətlərdə ölkənin antikorrupsiya mühitinin qiymətləndirilməsi və problemlərin müəyyən edilməsi yeni yaradılmış Korrupsiyaya Qarşı Mübarizə Bürosu üçün mühüm əhəmiyyət kəsb edəcəkdi, çünki, məhz bu qurum ölkədə 3 ildirki mövcud olmayan milli antikorrupsiya strategiyasını hazırlamalıdır. Gürcüstan hökumətinin OECD/ACN monitorinqində iştirakdan imtina etməsi ölkənin nufuzuna xələl gətirir və antikorrupsiya islahatlarının gündəmini şübhə altına alır. Bu istiqamətdə islahatların dayandırılması Gürcüstanın Avropa İttifaqına inteqrasiya cəhdi ilə birbaşa ziddiyyət təşkil edir, çünki antikorrupsiya islahatlarının həyata keçirilməsi Gürcüstan-Aİ assosiasiya sazişinin öhdəliklərindən biridir”, - deyə qeyri-hökumət təşkilatları bildiriblər.
OECD/ACN monitorinq prosesi Avropa İttifaqı tərəfindən dəstəklənir və Gürcüstan misalında namizəd statusuna da təsir göstərə bilər. İyunun 22-də Qonşuluq Siyasəti və Genişlənmə üzrə Avropa Komissarı Oliver Varhei Gürcüstan hökumətini OECD/ACN prosesindən çıxmaq qərarına yenidən baxmağa çağırıb.
Qeyri-hökumət təşkilatları - “Beynəlxalq Şəffaflıq Gürcüstan”, “Məlumat Azadlığının İnkişafı İnstitutu”, “İdarəetmə Monitorinqi Mərkəzi” və “Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası” Gürcüstan hökumətini monitorinq prosesinə qayıtmağa və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının anti-korrupsiya şəbəkəsi ilə əməkdaşlığı davam etdirməyə çağırır.