Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalanti və HƏMAS-ın üç lideri - Yəhya Sinvar, Məhəmməd Deif və İsmayıl Haniyyənin həbsinə order verilməsini tələb edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Prokuror Kərim Xan açıqlamasında bildirib ki, Netanyahu və Qalant 8 oktyabr 2023-cü ildən Qəzza zolağında törədilən hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyırlar.
"Bəyan edirik ki, bəşəriyyətə qarşı cinayətlər dövlət siyasətinə uyğun olaraq Fələstin mülki əhalisinə qarşı geniş və sistemli hücumun tərkib hissəsi kimi törədilib. Bu cinayətlər, qiymətləndirməmizə görə, bu gün də davam edir", - prokuror bildirib.
O, həmçinin qeyd edib ki, aclıq və digər zorakılıq aktları "HƏMAS"ı məhv etmək, oğurlanmış girovları qaytarmaq və Qəzzanın mülki əhalisini kollektiv şəkildə cəzalandırmaq üçün bir vasitə kimi istifadə olunub.
"Aclıqdan müharibə üsulu kimi istifadənin nəticələri, digər hücumlar və Qəzzanın mülki əhalisinin kollektiv şəkildə cəzalandırılması kəskin, gözəçarpan və hamıya məlumdur. Bunu ofisim tərəfindən dindirilmiş bir çox şahid, o cümlədən yerli və beynəlxalq həkimlər təsdiqləyib. Bunlara qida çatışmazlığı, susuzluq, dərin iztirablar və körpələr, uşaqlar və qadınlar da daxil olmaqla Fələstin əhalisi arasında artan ölüm sayı daxildir.
Digər bütün dövlətlər kimi İsrailin də öz əhalisini qorumaq üçün tədbirlər görmək hüququ var. Lakin bu hüquq İsraili və ya heç bir dövləti beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərindən azad etmir. Hərbi məqsədlərdən asılı olmayaraq, İsrailin Qəzzada nail olmaq üçün seçdiyi vasitələr - yəni dinc insanların qəsdən ölümünə səbəb olmaq, aclıq, böyük əzab və ciddi bədən və ya ruhi zərər vurmaq cinayətdir", - prokuror bildirib.
Kərim Xanın sözlərinə görə, istintaqın "HƏMAS"ın üç liderinin 7 oktyabr 2023-cü ildən İsrail və Qəzza zolağında törədilmiş hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə cinayət məsuliyyəti daşıdığını düşünməyə əsas var. HƏMAS liderlərinə qarşı ittihamlar arasında məhbusların məhv edilməsi, öldürülməsi, girov götürülməsi, cinsi zorakılıq, işgəncə və pis rəftar daxildir. Prokurorun sözlərinə görə, HƏMAS-ın hər üç lideri oktyabrın 7-də qruplaşma terrorçularının həyata keçirdikləri hücumlar nəticəsində yüzlərlə İsrail vətəndaşının öldürülməsinə görə məsuliyyət daşıyır.
"İsraildən götürülən girovların qeyri-insani şəraitdə saxlandığını və bəzilərinin əsirlikdə olarkən cinsi zorakılığa, o cümlədən təcavüzə məruz qaldığını söyləmək üçün ağlabatan əsaslar var. Tibbi qeydlər, video və sənədli sübutlar, qurbanlar və sağ qalanlarla müsahibələr əsasında bu qənaətə gəldik. Ofisim, həmçinin oktyabrın 7-də həyata keçirilən cinsi təcavüz faktlarını araşdırmağa davam edir", - prokuror qeyd edib.
Hakimlər prokurorun vəsatətinə baxmalı və həbs qərarı çıxarmaq üçün kifayət qədər sübutun olub-olmadığını qiymətləndirməlidir.
Qeyd edək ki, İsrail Haaqa Məhkəməsinin yurisdiksiyasını tanımır, Fələstin isə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu 2015-ci ildə imzalayıb. Prokurorun tələbi hakimlər tərəfindən dəstəklənərsə, nizamnaməni imzalayan ölkələr təqsirləndirilən şəxsləri öz ərazilərinə daxil olduqda həbs etməyə öhdəlik daşıyacaqlar. ABŞ, Rusiya və Çin Roma Statutunu imzalayan 124 ölkə arasında deyil.
Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden İsrail liderlərinin həbsinə order verilməsi tələbini hədsiz bir addım adlandırıb. "İcazə verin aydın şəkildə bildirim: Bu prokuror nəyi nəzərdə utursa tutsun, İsraillə HƏMAS arasında heç bir bərabərlik yoxdur. Biz İsrailin təhlükəsizliyinə olan təhdidlərə qarşı həmişə onun yanında olacağıq", - Bayden bildirib.
2023-cü il oktyabrın 7-də Həmas terrorçuları İsrailə hücum edərək 1200 nəfəri öldürüb, 250-yə yaxın insanı girov götürüblər. Hücumdan sonra İsrail Müdafiə Qüvvələri, IDF Qəzza zolağında döyüşlərə başlayıb. Fevralın sonunda Fələstin Səhiyyə Nazirliyi oktyabrın 7-dən bu yana Qəzzada 30 mindən çox insanın öldüyünü və onların əksəriyyətinin qadın və uşaq olduğunu açıqlayıb.