Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Şerbakov iyunun 2-də parlament binası qarşısında polis tərəfindən həbs edilən beş fəalın hamısını qanunu pozan şəxs kimi tanıyıb. Eduard Marikaşvili əlində boş vərəq tuturdu. Həmin mitinqdə Saba Braçveli, Nika Romanadze, Qriqol Franqişvili və Nodar Sixarulidze üzərində “ირაყლი” yazısı olan plakatlar olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hakim Şerbakov polisin tələbinə tabe olmamağa və xırda xuliqanlığa görə Nodar Sixarulidzeni 2000 lari, digərləri isə xırda xuliqanlığa görə 500 lari cərimələyib.
“Bu qərar təkcə bizim fəaliyyətimizə görə həbs olunan, mühakimə olunan və cəzalandırılan bizə aid deyil. Qərar hamıya təsir edir, çünki bu hərəkətlər gələcəkdə hamı üçün qanunsuz elan edilib. Cəzanın məqsədlərindən biri də cinayət törədənin davranışını yaxşılığa doğru dəyişməkdir və bu qanunsuz mühakimə və cəzalandırmada məqsədi mənim fəaliyyətimin bundan sonra da davam etdirilməsi barədə düşünməkdir. Ona görə də cəza nə qədər ağır olsa da, bu məqsədinə çatmayacaq.
Hüquq müdafiəsi fəaliyyətimi dayandırmaq fikrində deyiləm - əksinə, dəvam edəcəm”, -Eduard Marikaşvili sentyabrın 27-də hakimin çıxardığı qərarı belə qiymətləndirib.
Daxili İşlər Nazirliyi iyunun 2-də keçirilən aksiyada hər beş şəxsin ictimai asayişi pozduğunu, polisləri təhqir etdiyini və onların tələblərinə tabe olmadığını deyirdi.
Həbs zamanı çəkilən videogörüntülərdə polis əməkdaşının ölkənin baş nazirini təhqir etməyə heç kimin haqqı olmadığını deməsi eşidilir.
Həbsdə olan hüquq müdafiəçilərinə bir neçə saat ərzində vəkilləri çağırmağa icazə verilməyib. Onların hər üçü paytaxtdan bölgədəki Telavi müvəqqəti saxlama məntəqəsinə köçürülüb və yalnız maksimum 48 saatlıq inzibati həbs müddəti bitdikdən sonra sərbəst buraxılıblar.
Hüquq müdafiəçiləri və vətəndaş fəalları iyunun 2-də polis üç nəfəri, o cümlədən vəkil Şota Tutberidzeni həbs etdikdən sonra parlamentin qarşısına toplaşıb. Tutberidze Parlamentin qarşısındakı pilləkəndə oturmuşdu və yanında “ირაყლი” yazısı olan plakat vardı. Vətəndaşlar bu məzmunlu plakatlarla Gürcüstan hökumətinin və baş nazir İrakli Qaribaşvilinin xarici siyasətinə etiraz edirlər. O, mayın 30-da Bratislavada keçirilən Qlobal Təhlükəsizlik Forumunda "müharibənin başlamasının səbəblərindən biri Ukraynanın NATO-ya üzv olmaq niyyəti olub" demişdi.
Hakim Nino Şerbakov agentlərlə bağlı “rus qanunu”na qarşı keçirilən mitinqdə qanunsuz saxlanılan jurnalistlər Zurab Vardiaşvili və Beka Jikuraşviliyə hökm oxuyub. Bu işdə də onların hər ikisi inzibati xəta törətmiş şəxs kimi tanınıb və 2200 lari məbləğində cərimə edilib.
Avropa İnsan Haqları Məhkəməsi bannerlərin, o cümlədən ədəbsiz şüarların məzmununa görə etirazçıların həbsini sərbəst toplaşmaq və birləşmək hüququnun pozulması kimi qiymətləndirir. Gürcüstanla bağlı son qərarlardan biri 2022-ci il dekabrın 15-də verilib.
Nino Şerbakov 2020-ci il dekabrın 1-dən hakimdir. Ali Ədliyyə Şurasının qərarı ilə o, müddətsiz Tbilisi Şəhər Məhkəməsinin İnzibati İşlər Kollegiyasının hakimi vəzifəsinə təyin edilib.