Hüquq Məsələləri Komitəsi “Gürcü Arzusu”nun təşəbbüsü ilə irəli sürülmüş “Amnistiya Haqqında” qanun layihəsini birinci oxunuşda müzakirə edib və onu dəstəkləyib. Qanun layihəsinə əsasən, amnistiya 4839 məhkuma şamil olunacaq, 1000 məhbus isə dərhal azad olunacaq. Məhkumların ailə üzvləri qanun layihəsinə etiraz edir və amnistiyanın universal olmasını tələb edirlər. Bəzi məhbuslar bu tələblə aclıq aksiyasına başlayıblar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Layihəyə əsasən, amnistiya 2024-cü il iyulun 1-dək törədilmiş cinayətlərə şamil ediləcək. Cinayət Məcəlləsinin 66-cı maddəsində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslər cəzadan tam azad ediləcək və ya cəza 1/2 və ya 1/4 azaldılacaq. Cəzanın 1/6 hissəsinin azaldılması Cinayət Məcəlləsinin 225-ci maddəsinə şamil ediləcək. Bundan əlavə, şərti cəza çəkənlərin cəzası 1 il azaldılacaq.
“Cəza müddətinin 1/6 azaldılması və şərti cəza çəkənlərin şərti cəzasının azaldılması mühüm hadisədir. Bu gün bizdə 22 min şərti məhkum var və amnistiya 7 min şərti məhkuma dərhal şamil olunacaq, yəni söhbət sınaq müddətinin bir il qısaldılmasından gedir”, - deyə qanun layihəsinin müəlliflərindən biri, İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Rati İonatamişvili bildirib.
Qanun layihəsi adam öldürmə, narkotik alveri, seksual xarakterli cinayətlər, quldurluq, terrorizm, korrupsiya və məmur cinayətləri, oğru aləmi cinayətləri, konvensiya cinayətləri və digər ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslərə şamil edilmir.
Hüquq Məsələləri Komitəsinin iclasında müxalifətdən yalnız “Qirçi”nin üzvləri iştirak edib. İaqo Xviçia bildirib ki, “Gürcü Arzusu” siyasi səbəblərdən bəzi cinayətlərə amnistiya tətbiq etmir. Xviçia onların arasında dövlət sərhədini qanunsuz keçməni (Cinayət Məcəlləsinin 344-cü maddəsi) hallandırıb. “Amnistiya Mixeil Saakaşviliyə şamil olunmasın deyə, hesab edirəm ki, eyni maddə ilə həbsdə olan insanlara, biz sizin heç birinizi azad etməyəcəyik, çünki Mişa bu maddə ilə həbsdədir demək düzgün deyil”, - Xviçia qeyd edib.
İaqo Xviçianın sözlərinə görə, amnistiyanın cinayətlərin ört-basdır edilməsinə və xəbər verilməməsinə nə üçün şamil olunmadığı ona aydın deyil: “Belə çıxır ki, bu qanun layihəsinə əsasən, həbs olunan cinayətkar çölə çıxa bilər, lakin həmin cinayəti ört-basdır edən şəxsə amnistiya şamil olunmayacaq.
Xalq Müdafiəçisi parlamentə ömürlük məhbusların məsələsini müzakirə etməyi tövsiyə edir.
“Mən sizə onların böyük ümidlərini çatdıra bilərəm ki, dövlət onlara qarşı siyasi humanist yanaşma nümayiş etdirəcək.
Bu günə olan məlumata görə, ömürlük azadlıqdan məhrum edilmiş 82 nəfər var ki, onlardan 55-i artıq 15, 20, 25 ildirki cəza çəkənlərdir. Elə insanlar var ki, 19 yaşında cinayət törədib, 27 ilə yaxındır ki, həbsdədir, yəni cəzaçəkmə müəssisəsində azadlıqda olduğu vaxtdan çox qalıb. Onların xüsusiyyətləri, Ədliyyə Nazirliyinin iki illik təlim proqramı, müsbət hesabatlar və s. - müəyyən sayda insana hansısa formada amnistiyanın şamil olunmasının lazım olduğunu müzakirə etməyin mümkün olduğunu açıq şəkildə göstərən bir çox amillər var.
Təbii ki, Xalq Müdafiəçisinin mövqeyi ondan ibarət deyil ki, bütün ömürlük məhbuslar amnistiyaya məruz qalsınlar, bu gün azadlığa buraxılsınlar, lakin bizim xahişimiz ondan ibarətdir ki, parlamentdə bəzi meyarların işlənib hazırlanması müzakirə olunsun, məsələn, amnistiya aktı hansısa ağırlaşdırıcı hallara şamil olunsun” - Xalq Müdafiəçisinin nümayəndəsi bildirib.
Xalq Müdafiəçisinin tövsiyəsi ondan ibarətdir ki, amnistiya aktı səhhəti ağır olan məhbuslara da şamil edilməlidir.
Parlament çoxluğu bu gün keçirilən növbədənkənar iclasda “Amnistiya Haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edəcək. İkinci və üçüncü oxunuşda qəbulun sentyabrda, parlament seçkiləri öncəsi keçirilməsi planlaşdırılır.
Hər 100 min əhaliyə düşən məhbusların sayına görə Gürcüstan Avropa Şurasına üzv olan 46 ölkə arasında sondan ikinci yerdədir və onu yalnız Türkiyə qabaqlayır. 2022-ci ildə Gürcüstanda 9542, 2023-cü ildə 9868 məhbus olub, bu gün məhbusların sayı 10400 nəfərdir.