Qori bələdiyyəsinin Berşueti kəndi yaxınlığında işğal olunmuş ərazidə işğalçı qüvvələrin nümayəndələri qanunsuz olaraq Gürcüstan vətəndaşı, 55 yaşlı Tamaz Qlurjidzeni həbs ediblər. O, Tsxinvali izolyatoruna yerləşdirilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qlurjidzenin qohumlarının dediyinə görə, həmin şəxs həmkəndlisinin qonağı olub və bir daha evə qayıtmayıb. O, Tsxinvalidən telefonla ailə üzvləri ilə əlaqə saxlayıb və həbs olduğunu bildirib.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, qaynar xətt işə salınıb və qanunsuz saxlama faktı ilə bağlı Avropa İttifaqının monitorinq missiyasına məlumat verilib. Hadisə ilə bağlı Cenevrə beynəlxalq müzakirələrinin həmsədrləri və beynəlxalq tərəfdaşlar məlumatlandırılıb.
Dörd Gürcüstan vətəndaşı Tsxinvali həbsxanasında qanunsuz saxlanılır: Gela İobaşvili, Kaxaber Natadze, Laşa Xetereli və 2021-ci ilin dekabrında həbs edilən və 3,8 il müddətinə azadlıqdan məhrum edilən keçmiş hərbi qulluqçu Mamuka Çxikvadze.
Ötən il Rusiya Federasiyasının işğalçı qüvvələri Abxaziya istiqamətində 11, Tsxinvali tərəfdə isə 70 Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar. 30 sentyabr 2020-ci ildə Qali rayonunda həbs edilən İrakli Bebua Abxaziya bayrağını yandırdığı üçün işğal olunmuş Abxaziyada qanunsuz həbsdədir.
Faktı əks etdirən videoda Bebua bayrağın qəsdən yandırdığını deyir, çünki 27 sentyabrı - Abxaziyada Suxuminin süqut gününü şənliklə qeyd etməyi xoşuna gəlmir və “gürcülərlə abxazların qardaş olmasını istəyir”.
İrakli Bebua bayrağı yandırdıqdan bir neçə dəqiqə sonra həbs edilib. Həmin gün onun evində axtarış zamanı de-fakto milisya tərəfindən əl qumbarası aşkar edilib. Guya Bebua onu öz yastığının altında saxlayırdı. Abxaziyanın de-fakto məhkəməsi Bebuanı 9 il həbsə və 10 min rubl cəriməyə məhkum edib.
İ.Bebuanın yerli vəkili Apollon Gelediyanın sözlərinə görə, ümumi rejimli koloniyada cəza çəkərkən bir gün iki gün kimi sayılır. Buna görə də Bebua 4 il 6 ay həbsdə olacaq.