Kaspi bələdiyyəsində polis iyulun 16-da Kaspi-Metexi yolunda baş verən qarşıdurma ilə əlaqədar üç nəfəri saxlayıb. Prokurorluq iddia edir ki, saxlanılan şəxslər Tbilisi Polis İdarəsinin əməkdaşı Laşa Tuxaşvilini, onun atasını və digər ailə üzvlərini döyüblər. Təqsirləndirilən şəxslər cinayəti etiraf etmirlər. Onların dediyinə görə, saxlanılmadan sonra Laşa Tuxaşvili və atası onlara polis binasında zor tətbiq ediblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İş materiallarına görə, Kaspi-Metexi yolunda Laşa Tuxaşvilinin həyat yoldaşı İrma Kvirkvelianın avtomobili qarşı zolaqla yüksək sürətlə hərəkətdə olan M.M ilə toqquşub və avtomobilə ziyan dəyib. Hadisəni azyaşlı oğlu və valideynləri ilə sözügedən yol ilə hərəkət edən Laşa Tuxaşvili görüb.
Prokurorluğun məlumatına görə, yol-nəqliyyat hadisəsi Laşa Tuaxaşvili ilə M.M. arasında şifahi mübahisə ilə nəticələnib, bundan sonra M.M.-nin dostları - J.C., B.X., N.C. və Q.P. gəlib
“Adı çəkilən şəxslər 4 yaşlı oğlunun gözü qarşısında polis əməkdaşına fiziki təzyiq göstərib və köməyə gələn atasını da döyüb, azyaşlının gözü qarşısında polisin anasına və həyat yoldaşına fiziki təzyiq göstəriblər. Zorakılığın qarşısını almaq üçün polisin anası 112-yə zəng etmək istəyərkən hadisə yerində olan şəxslərdən biri onun mobil telefonunu əlindən alıb. Bundan əlavə, J.C. zərərçəkmişin əlindən rəsmi odlu silahını almaq istəyərkən atəş açılıb. Daxili İşlər Nazirliyinin əməkdaşına qarşı fiziki zorakılıq tətbiq edilməsi nəticəsində o, qanuna zidd olaraq odlu silah əldə edib və digər təqsirləndirilən şəxslərlə birlikdə hadisə yerindən qaçıb”, - deyə Prokurorluğun yaydığı bəyanatda bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hər üç nəfəri iyulun 17-də həbs ediblər. Onlar Cinayət Məcəlləsinin 2 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan 126-cı (iki və ya daha çox şəxsi qrup halında döymək) maddəsi ilə ittiham olunublar. J.C.-yə qarşı 237-ci (zorakılıq tətbiq etməklə qanunsuz olaraq odlu silahın əldə edilməsi) maddəsi ilə başqa bir ittiham da irəli sürülüb, bu isə 9 ildən 13 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. Bu gün Qori Rayon Məhkəməsində təqsirləndirilən şəxslərin həbs-qətimkan tədbiri ilə bağlı məsələ müzakirə olunacaq. Prokurorluq onların barəsində həbs-qətimkan tədbiri seçilməsini tələb edir.
Təqsirləndirilən şəxslər cinayət törətmədiklərini iddia edirlər. Onların vəkili Nodar Tsintsadzenin sözlərinə görə, münaqişə kiçik avtomobil qəzasından sonra polis və atası tərəfindən başladılıb.
“Maraqlarını qoruduğum oğlan iki azyaşlı uşağı ilə maşınla hərəkətdə olub. əks istiqamətdən bir xanımın idarə etdiyi maşın gəlirmiş. Qadının avtomobilini arxasınca başqa bir avtomobil hərəkətdə olub və onun sürücüsünün polis olduğu məlum olub. Haqlarını qoruduğum şəxsin maşınının və xanımın maşınının güzgüləri bir-birinə dəyib. Haqlarını qoruduğum şəxs maşından düşüb və nəyəsə ziyan dəyib dəymədiyini soruşub. Bu zaman polisin atası üçüncü maşının salonundan qışqırıb, sənin ananı, normal sür deyib. Bu hal mübahisə doğurub. Həmin adam və onun polis oğlu haqlarını qoruduğum şəxsi döyməyə başlayıbar. Bu zaman yolda başqa adamlar peyda olub. Onlar öz kəndlərindən bir oğlanın polis və atası tərəfindən döyüldüyünü görüblər. İnsanlar ata və oğlunu cilovlamağa başlayıblar.
Tbilisi polis idarəsinin bölmələrindən birinin rəis müavini olan polis odlu silahı çıxarıb döyüş vəziyyətinə gətirib, nişan alıb, onun əlini tutan adamlar olmasaydı, kim bilir kimi vuracaqdı.
Təqsirləndirilən şəxslər saxlanıldıqdan sonra polis idarəsində eyni polis əməkdaşı və onun atası tərəfindən fiziki təzyiqə məruz qaldıqlarını deyirlər. Faktla bağlı xüsusi İstintaq Xidməti tərəfindən də araşdırmalara başlanılıb”, - deyə vəkil bildirib.
Bu gün keçirilən prosesdə müdafiə tərəfi təqsirləndirilən şəxslərin qətimkan tədiri olmadan azadlığa buraxılmalarını tələb etsə də, məhkəməyə alternativ olaraq girov müqabilində zaminə buraxılmanı da təklif edəcək.
Prokurorluq bildirir ki, cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq işləri davam etdirilir.