“Gürcü Arzusu”ndan olan Kazbeqi bələdiyyəsinin meri Bakur Avsacanişvili Terqi çayında Rusiya ilə əlaqəli daha bir su elektrik stansiyasının – “Kamara SES”in tikintisinə etiraz edən yerli sakinə fiziki təzyiq göstərib. Hadisə bu gün, noyabrın 21-də Arşa kəndində keçirilən dəfn mərasimində baş verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hadisə şahidlərinin sözlərinə görə, bələdiyyə sədri sosial şəbəkədə dərc olunan tənqidi yazıya görə əvvəlcə vətəndaşdan izahat tələb edib, daha sonra isə onun üzünə vurub və insanların gözü qarşısında onu aşağılayıb.
Bu hadisədən əvvəl tərəfindən fiziki hücuma məruz qalan şəxs Facebook-da yazmışdı:
“Xevinin torpağının, suyunun satılmasına razı olmayan, “Kamara SES” layihəsinə dəstək verməyənləri işdən azad etmə ilə hədələyirlər bu beyinsizlər. Kəndlərdə öz əlaltı oğlanlarını gəzdirirlər. Artıq onlara etibar etmək və nəzərə almaq olmaz, bütün satqın əclaflar ifşa olunmalıdır”.
Kazbeqi şəhərinin meri Bakur Avsacanişvili “Gürcüstan Xəbərləri”nin telefon zənglərinə və SMS-lərinə cavab verməyib.
Döymə və ya digər zorakılıq Cinayət Məcəlləsi ilə cəzalandırılan cinayətdir və cərimə, ictimaiətin xeyrinə iş, ev dustaqlığı və ya altı aydan bir ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
“Gürcüstan Xəbərləri”nin məlumatına görə, Kazbeqi polisinin zorakılıqdan xəbəri olmasına baxmayaraq, hadisənin istintaqına formal olaraq belə başlanılmayıb.
Qeyd edək ki, Bakur Avsacanişvili “Gürcü Arzusu”ndan mer seçilməzdən əvvəl 2012-2020-ci illərdə Kazbeqi polisinin rəisi və Təhlükəsizlik Polis İdarəsinin Kvemo Kartli bölməsinin rəis müavini olub.
Yerli fəalların sözlərinə görə, Kazbeqi meri “Kamara SES” layihəsi üçün fəal lobbiçilik edir və bu prosesdə iştirak edən digər dövlət məmurları da onun göstərişi ilə çıxış edirlər.
“İndiyədək təşəbbüs qrupumuz konkret şəxslərin adını çəkməkdən çəkinirdi, lakin bu gün baş verənlər bütün sərhədləri aşır və məmurun ləyaqətsizliyi ilə yanaşı,bu bütün Xeviyə qarşı təhqirdir. Eyni zamanda, yerli əhalinin indiyədək şəxsi söhbətlərində bizə söylədiyi əhvalatların doğruluğuna əmin olduq ki, bələdiyyə sədri əhalini “Kamara SES”ə dəstək verməyə necə məcbur edir, əks halda sosial yardımı kəsməklə hədələyir. Baş verənlər sübut edir ki, bu layihəyə cəsarət edib açıq şəkildə qarşı çıxanlar və onların maraqları oxşar şəkildə zərər görəcək”, - deyə mülki fəallarınyaydığı bəyanatda bildirilir.
Məqalənin dərcindən sonra Kazbeqi meri sosial şəbəkədə vətəndaşın fiziki zorakılığa məruz qalması və “Kamara SES”in tikintisi üçün lobbiçilik fəaliyyəti ilə bağlı məlumatları təkzib edən bəyanat yayıb. “Bu iddiaları təsdiqləyən heç bir sübut yoxdur. Təəssüflər olsun ki, müxalifət qruplarının üzvləri məsələ ilə bağlı bilərəkdən ictimaiyyəti çaşdırmağa çalışır və bu məqsədlə təxribat xarakterli əməllərindən geri çəkilmirlər. Dəfn mərasimində vətəndaşa toxunduğum barədə yayılan məlumat yalandır və heç bir əsası yoxdur. Bu, yalnız işimə və adıma xələl gətirmək məqsədi daşıyır”, - Bakur Avsacanişvili deyir.
Arşa kəndində dəfn mərasimi zamanı Kazbeqi bələdiyyə sədri tərəfindən fiziki təzyiqə məruz qalan vətəndaş polisə müraciət etməyib və şikayət etmək niyyətində deyil.
Rusiya ilə əlaqələri olan şirkət “Kamara Energy” artıq üçüncü dəfədir ki, Terqi çayında 16,62 MVt quraşdırılmış gücü olan “Kamara SES” layihəsini həyata keçirməyə çalışır. Yerli əhalinin etirazına görə şirkətə artıq iki dəfə rədd cavabı verilib, lakin Ekologiya və Kənd Təsərrüfatı Nazirliyi layihəyə yenidən baxılmasını noyabrın 27 və 28-nə təyin edib.
“Kamara SES”in tikintisi zamanı Terqi çayı Kanobidən Qoristsixeyə qədər daha 5 kilometr dəmir borularla çevrilməlidir. Əhalinin müqavimətinin əsas səbəbi odur ki, artıq tikilmiş su elektrik stansiyaları səbəbindən Terqi və Makati vadiləri yayda quruyur. SES-lərin rahat işləməsi üçün su tamamilə təzyiqli boru kəmərlərinə yönləndirilir. Moxevelilərin sözlərinə görə, susuz qalan vadilər artıq turistləri cəlb etmir, baxmayaraq ki, turizm bu ərazidə əsas gəlir mənbəyidir. Hökumət buna nail olsa və yerli əhalinin etirazını dəf etsə, Kazbeqi bələdiyyəsində “Kamara SES”dən sonra daha 9 SES-in tikintisi nəzərdə tutulur - rayonda çayın sərbəst axdığı bir belə dərə qalmır.