Mixail Saakaşviliyə qarşı qeyri-insani rəftarla bağlı işə baxan Kiyev məhkəməsi Saakaşvilinin müvəqqəti olaraq Ukraynaya köçürülməsinə qərar verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İlk növbədə onu deməliyik ki, Mixail Saakaşvili Ukrayna vətəndaşıdır. Bu şəxs zərərçəkmiş kimi tanınıb və Ukrayna qanunvericiliyinə görə, onun məhkəmədə ifadə vermək hüququ var. Gürcüstan hökumətindən rədd cavabı almaq gözləmirik. Lakin bu baş verərsə, biz Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyə hazırıq. Söhbət keçmiş prezidentdən və ya adi vətəndaşdan gedir, fərqi yoxdur, bu qərarı məhkəmə verib”. Bunu Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin vəkili Vadim Zavoritnı “Mtavari” kanalına deyib.
Mixail Saakaşvilinin gürcü vəkili Şalva Xaçapuridze izah edib ki, Ukrayna məhkəməsi Ukraynada Saakaşviliyə qarşı qeyri-insani rəftar faktlarına baxır.
“Bir neçə dəfə yalan məlumat yayılıb ki, Ukrayna məhkəməsi Gürcüstanda Saakaşviliyə qarşı qeyri-insani rəftar faktlarını müzakirə edib. Düzgün məlumat odur ki, Ukrayna məhkəməsi Ukraynanın özündə cərəyan edən hadisələrlə bağlı işə baxır və işə açıb. Saakaşvili bu işdə zərərçəkmiş kimi tanınır.
Onun vəkili Saakaşvilinin şahid qismində dindirilməsi ilə bağlı vəsatət qaldırıb və Ukrayna məhkəməsi Saakaşvilinin Gürcüstandan Ukraynaya köçürülməsi və orada dindirilməsi barədə qərar verib. Ukrayna Ədliyyə Nazirliyi bu məhkəmə qərarını Gürcüstana göndərəcək və onlar Saakaşvilinin şahid qismində təhvil verilib-verilməməsinə qərar verəcəklər”, - Şalva Xaçapuridze bildirib.
2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Mixail Saakaşvili hazırda Ukrayna vətəndaşıdır. O, bir il əvvəl Gürcüstana qayıdıb və 2021-ci il oktyabrın 1-də yerli özünüidarə seçkilərindən bir gün əvvəl Tbilisidə həbs edilib.
Mixail Saakaşvili təqsirli bilinir. O, parlamentin üzvü Valeri Gelaşvilini döyməkdə və Sandro Qirqvlianinin qətlində təqsirli bilinən Konstitusiya Təhlükəsizlik Departamentinin əməkdaşlarının əfv edilməsi işlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili həmçinin “İmedi” televiziya şirkətinin işi, noyabrın 7-də keçirilən etiraz aksiyasının dağıdılmasında, Patarkatsişvilinin əmlakını qanunsuz ələ keçirmək və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 milyon 24 min 367 lari mənimsəməkdə ittiham olunur.
Saakaşvili ittihamları siyasi motivli adlandırır. Həbs olunduğu gün o, aclıq aksiyasına başlayıb. Uzun sürən aclıq aksiyası nəticəsində səhhəti pisləşib. O, əvvəlcə Qoridəki hərbi hospitalda müalicə olunub, sonra həbsxanaya qaytarılıb. Mayın 12-dən Gürcüstanın üçüncü prezidenti penitensiar xidmətin podratçısı olan “Vivamedi” Tibb Mərkəzindədir. Vəkilin sözlərinə görə, Mixail Saakaşvilinin səhhətinin vəziyyəti ağırdır - o, yemək yeyə bilmir və dərman qəbul etməkdən imtina edir. Yaxınları Saakaşvilinin cəzasının təxirə salınmasını və müalicə üçün xaricə göndərilməsini tələb edirlər.